Logo

Vətənpərvərlik - söz və əməlin vəhdəti

22.09.2022 20:10 719 baxış
IMG

Vətənə məhəbbət, öz şəxsi mənafelərini vətən yolunda qurban verməyə əsaslanan hissi və mənəvi bağlılıqdır vətənpərvərlik. Bu bağlılıq, həmçinin mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə birləşdirən milli hissiyyat, milli qürür kimi də dəyərləndirilir.

Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Xalqın və dövlətçiliyin formalaşmasında vətənpərvərlik onun inkişafının ümumimilli məqamlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək həyatın şərəfli bir formada davamıdır.

Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü və gələcək inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur konsepsiyası xalqımızın vətənpərvərlik tərbiyəsində nümunəyə çevrilmiş, vətəndaşlarımıza Vətən sevgisi aşılamışdır. Dahi şəxsiyyətin fikrincə, Vətən sadəcə coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü,qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş böyük öndərimiz  Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanətidir, yadigarıdır.

Hər bir vətəndaş, ləyaqətli, iradəli, əqidəli, vətənpərvər şəxs millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki, milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi birləşir. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki, Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa daim sövq edir.

Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.

Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşmüşdür.

Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdirilməsini dəfələrlə qürur hissi ilə vurğulamış və demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetişmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müstəqil respublikamızın bugünkü durumu bunu bizdən tələb edir. Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Müstəqillik əldə edəndən bu günədək ölkəmizdə həyata keçirilmiş islahatlar, görülmüş quruculuq işləri, insanların rifahı üçün yaradılmış imkanlar, gənclərə qayğı, onların cəmiyyətdəki roluna verilən önəm vətəndaşlarımızda vətənpərvərlik hissini, Vətənə sevgini daha da möhkəmləndirmişdir.

Bütün bunların nəticəsidir ki, mənfur erməni ekstremislərinə qarşı mübarizədə bütün xalqımız birlik, bərabərlik nümayiş etdirir. 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədə Vətənimizin igid övladları misilsiz qəhrəmanlıq göstərərək, düşmənə gözdağı verərək tarixi ədaləti bərpa etdi.

Bu qələbə 30 illik həsrətə son qoymaqla yanaşı, bütün dünyaya müzəffər Azərbaycan ordusunun gücünü bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu tarixi hadisə Azərbaycanın daxili və xarici siyasətinin, Ali Baş Komandanının dəmir yumruğu ətrafında birləşən vətəndaşların vətənpərvərlik ruhunun yüksək, dönməzliyinin qələbəsi oldu. Bu qələbə rəşadətli Azərbaycan ordusunun, qətiyyətli Ali Baş Komandanın və milli mənəvi dəyərləri ilə dünyada nümunə olan Azərbaycan xalqının qələbəsidir.

Fikirlərimi qəlblərdəki həsrəti silən o ifadələr ilə bitirmək istəyirəm: Qarabağ bizimdir! Qarabağ AZƏRBAYCANDIR!

Nurlan Cəbrayılzadə, 
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Xəbər lenti