Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedoqogikada diqqət edilməlidir.
Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır.
Ümumiyyətlə, vətənpərvərlik nədir? Xatırladaq ki, vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvlərinə tanıtmaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur.
Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənib. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və “millət” anlayışı ilə eyniləşdirilib. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərakatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşıb. Tarix boyu vətənpərvərlik mühüm rol oynayıb.
Millətin bir millət kimi formalaşıb özünü təsdiq etməsi üçün fərdlərin özünüdərk, milli mənlik hisləri çox güclü olmalıdır. Dahi M.K.Atatürk demişdir: “Milli mənliyi olmayan millətlər başqa millətlərin qulu olur".
Hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığı xalqın tarixi irsinə və dünyəvi dəyərlərə söykənməlidir. Mənəvi–psixoloji hazırlıq dedikdə, şəxsi heyətin dəyanəti, yəni onun döyüş hazırlığını yerinə yetirmək, gərgin və təhlükəli şəraitdə fədakarlıq göstərmək, vətənpərvərlik əqidəsinə sadiq qalmaq, təmkinli, dözümlü olmaq qabiliyyətinin formalaşması nəzərdə tutulur. Vətənpərvərlik ruhunda tərbiyə olunmuş xalq psixoloji cəhətdən bütün çətinliklərə sinə gərir və sonda mütləq qalib gəlir.
Dünya azərbaycanlılarının ümumimilli lideri, Ulu öndər Heydər Əliyev tərəfindən 2002-ci ilin mayın 6–da imzalanmış “Gənclər siyasəti haqqında” Qanunda deyilir: “Gənclər vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, - mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalıdır".
Milli vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissələri və istiqamətləri aşağıdakılardır:
- Vətənin müdafiəsinə hazır olmaq;
- Azərbaycan dövlətinin müstəqillliyinin daimiliyinə inam;
- Azərbaycan xalqının milli ideologiyasına sədaqət;
- Milli dəyərlərə hörmət, öz ana dilini səlis bilərək onun nəsillərə yüksək səviyyədə ötürülməsinə çalışmaq;
- Millətin layiqli nümayəndəsi olmaq üçün intellektual səviyyəyə malik olmaq.
Vətən sevgisi, vətənpərvərlik hər kəsin borcudur. Hər bir vətəndaş bu borcu öz qabiliyyəti və qüvvəsi dairəsində yerinə yetirməlidir. Hərbi qulluqçu isə Vətənin silahlı müdafiəçisidir. Hərbi qulluqçulara hər an Azərbaycan Respublikasının silahlı müdafiəsinə hazır olmaq, lazım gəldikdə respublikamızı müdafiə etmək həvalə olunmuşdur. Bu isə qarşıya qoyulan vəzifənin, verilən tapşırığın istənilən şəraitdə, həyat üçün təhlükəli olan hallarda belə sözsüz yerinə yetirilməsini tələb edir.
Qarşıda duran vəzifənin xüsusiyyəti ilə əlaqədar olaraq, hərbi qulluqçu, müasir dövrdə Vətənin müdafiəsi üçün vacib sayılan bir sıra keyfiyyətlərə malik olmalıdır.
Ən əvvəl hərbi qulluqçu vətənpərvər insandır. O, Vətənini yalnız şəxsi rifah üçün, özünə faydalı olduğu və ya hər hansı bir imtiyaz üçün deyil, məhz özünün Vətəni, doğma torpağı olduğu üçün sevir.
Yalnız həqiqi vətənpərvər Hərbi Anda sadiq qalmaqla Vətəninə, xalqına fədakarlıqla xidmət edər, qanını, hətta canını da əsirgəməz, Azərbaycan Respublikasının müdafiəsində öz borcunu rəşadətlə, bütün çətinliklərə dözərək yerinə yetirə bilər.
Namuslu, vicdanlı və ləyaqətli olmaq hərbi qulluqçunun əsas keyfiyyətlərindəndir. Namus insanın hörmətə və iftixara layiq mənəvi xüsusiyyəti, daxili əxlaqi məziyyətidir.
Hərbi qulluqçunun ləyaqəti onun özünə hörmətində, insan hüquqlarını, mənəvi sərvətləri dərk etməsində, özünün təyinatına müvafiq olan nümunəvi davranışında öz idafəsini tapır.
Hərbi qulluqçu özünün Vətən müdafiəçisi adını şərəflə və ləyaqətlə daşıya və doğrulda bilməsi üçün hansı keyfiyyətlərə malik olmalıdır?
Birincisi, hər bir hərbi qulluqçu Vətənin müdafiəsi üçün özünün şəxsi məsuliyyətini dərindən dərk etməli, özünün xidməti vəzifələrini vicdanla və dəqiq icra etməlidir.
İkincisi, hər bir hərbi qulluqçu hərbi xidmətin əas mahiyyəti barədə, Vətənin müdafiəsi üçün ordunun döyüş imkanları və döyüş hazırlığının vacib əhəmiyyəti haqqında aydın və dəqiq təsəvvürə malik olmalıdır.
Üçüncüsü, hər bir hərbi qulluqçu dinc dövrdə və müharibə dövründə özünün xidməti vəzifələrini yerinə yetirərkən bütün çətinlikləri, maneələri dəf etməyə mənəvi–psixoloji və fiziki cəhətdən hazır olmalıdır.
Dördüncüsü, hər bir hərbi qulluqçu istənilən ağır şəraitdə Hərbi Andı, Azərbaycan Konstitusiyasının, habelə Hərbi Nizamnamələrin tələblərini yerinə yetirməyə daxilən psixoloji cəhətdən hazır olmalıdır.
Beşincisi, hər bir hərbi qulluqçu Azərbaycan Silahlı Qüvvələrinin və hərbi hissəsninin döyüş şöhrəti ilə fəxr etməli, Döyüş Bayrağının şərəfini, özünün Azərbaycan əsgəri adını yüksək tutmalı, Silahlı Qüvvələrin, öz hərbi hissəsinin döyüş ənənələrinə hörmətlə yanaşmalıdır.
Nəticə olaraq demək lazımdır ki, vətənpərvərlik, əsgəri borc və əsgər şərəf elə mənəvi-əxlaqi keyfiyyətlərdir ki, məhz onlar ordunu basılmaz edir.
Azərbaycan Ordusu aiəsinə daxil olan hər kəs hərbi forma geyinir, milli qəhrəmanlarımızın şərəfli irsini daşıyaraq onların varisi kimi xalqımız tərəfindən sevilir. Odur ki, hərbçi öz geyim formasında hədsiz həssas olmalı, kiçicik belə günah işlətməməli, hərbi hissədə (gəmidə) və oradan kənarda Azərbaycan Silahlı Qüvvələrinin adını uca tutmalı, daşıdığı irsə xələl gətirməməlidir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında xidmət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının şərəfli vəzifəsidir.
Bundan iki il öncə məhz bu şərəfli vəzifənin mənsubları doğma Vətən torpaqlarını işğaldan azad elədilər. Eşq olsun Azərbaycan əsgərinə!
Rizvan MAHMUDOV,
ADPU TGT-nin sədr köməkçisi, IV kurs tələbəsi