Logo

"Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə çox sıx əlaqələri mövcuddur"

15.11.2022 16:57 345 baxış
IMG

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir.

Ümummilli lider Heydər Əliyev bütün türk dövlətləri, o cümlədən Özbəkistanla münasibətlərin möhkəmlənməsinə xüsusi önəm verirdi. Ulu öndərin 1997-ci ildə Özbəkistanın paytaxtına səfəri isə iki ölkə arasında münasibətlərin inkişafını daha da sürətləndirib. Başqa sözlə, həmin səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında imzalanan 19 sənədin icrası ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirib. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edib. Həmin müqavilə iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb.

Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə çox sıx əlaqələri mövcuddur. Bunu Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşün keçirildiyi Özbəkistanla olan yüksək səviyyəli münasibətlər də təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin son 7 ayda üç dəfə Özbəkistana səfər etməsi Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyindən xəbər verir. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı cənab İlham Əliyev türk dünyasının birliyinin önəmindən bəhs edərək bildirmişdir: “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”

 Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də odur ki, türk dünyasının birliyi təmin olunsun. Zirvə Görüşü zamanı türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu diqqətə çatdıran Ölkə başçısı öz çıxışı ilə Təşkilat qarşısında bır sıra mühüm vəzifələr də müəyyənləşdirdi. Belə ki, Dövlət başçısı cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşların hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələlərin artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vacibliyini qeyd edərək demişdir: “ Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”.

Bununla da Ölkə başçısı çıxışı zamanı Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini qeyd edərək taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün dövlətimizin üzərinə düşən bütün işləri görəcəyini bildirdi.

Zirvə görüşündə Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söhbət açılması artıq dünya birliyinin də “Qarabağ Azərbaycandır!” reallığı ilə barışmasından xəbər verir.  Görüş zamanı iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olunduğunu vurğulayan Ölkə rəhbəri bununla da Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdiyini diqqətə çatdırmışdır.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi və bir sıra sənədlər imzalandı. Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını təkrarlayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqlədilər

Ləman Seyidova
Strateji İnkişaf Mərkəzinin müdiri

Xəbər lenti