Hazırki möhkəm qardaşlıq əlaqələri, isti əməkdaşlıq münasibətləri deməyə əsas verir ki, qarşıdakı illər Türk sivilizasiyasının yüksəliş illəri olacaq
Məlumdur ki, Türk dünyası 200 milyondan çox insanın yaşadığı bir coğrafiyadır və bu coğrafiyanı təmsil edən dövlətlər fiziki baxımdan bir-birindən ayrı düşsələr də, aralarında mənəvi baxımdan heç bir məsafə, heç bir sədd yoxdur. İstər Anadolu türkləri, istər Mərkəzi Asiya, istər Cənubi və Şimali Azərbaycan, istər Kıbrıs türkləri və dünyanın başqa yerlərində yaşayan türk toplumları olsun, onları birləşdirən ortaq dəyərlər, bağlayan mənəvi bağlar son dərəcə güclüdür. Bu bağ etnik köklərə, dil, din, mədəniyyət ortaqlığına dayanır.
Türk dövlətləri son 30 ildə bir-birlərinə möhkəm sarılmaq üçün yorulmadan mücadilə verdilər və hələ də verirlər. 1993-cü ildə “Türksoy” təşkilatında birləşib, mədəni əlaqələrini başlatdılar. 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyasında siyasi, ictimai əlaqələrini qurdular. 2009-cu ildə siyasi əməkdaşlığı daha möhkəm zəmin üzərinə keçirib, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasını yaratdılar. 4 dövləti –Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanı özündə birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ötən il İstanbulda keçirilən XIII Zirvə Görüşündə təşkilata çevrildi və sıralarını genişləndirdi. Belə ki, Özbəkistan da bu təşkilatda öz yerini tutdu, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təşkilata üzv oldu. Say 4-dən 7-yə yüksəldi. Zaman keçdikcə bu dövlətlərin bir-birinə beləcə sıx bağlanması möhtəşəm, qürurverici gerçəkliyə çevrildi. Siyasi, iqtisadi, ticari əməkdaşlığı hədəf seçən birlik modellərinə qədər uğurlu məsafə qət olundu. Türk dövlətlərinin liderləri mütəmadi olaraq görüşdü, Türk dünyasının güclənməsi, bərabər çalışması üçün mövqelər uzlaşdırıldı, yaxınlaşma üçün ortaq iradə ortaya qoyuldu.
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü bir neçə gün öncə tarixi Səmərqənd şəhərində baş tutdu. Türk dünyasının mənafeyi, gücünün çoxalması, gələcəyinin bərabər qurulması üçün əhəmiyyətli fikirlər irəli sürüldü. Bu, ondan ibarətdir ki, türk dövlətləri daha sıx inteqrasiya etməli, bütün sahələrdə əməkdaşlıq münasibətləri qurmalı və fəal çalışmalıdırlar, çünki güclü, möhtəşəm Türk dünyası üçün hələ kifayət qədər görülməli işlər var.
Etiraf etməliyik ki, Qarabağın Ermənistan işğalından azad olunması Türk Dövlətləri Təşkilatının yeni statusla fəaliyyətinə və intensiv işləməsinə stimul verdi. Söhbət hazırda gündəmdə olan Zəngəzur dəhlizindən və bu dəhlizin gecikmədən işə düşməsi üçün Azərbaycanın göstərdiyi ciddi səylərdən gedir. Bu dəhliz Türkiyə-Azərbaycan və Mərkəzi Asiyanın türkdilli dövlətlərini bir-birinə bağlayan bir dəhliz olacaq. Ötən əsrin əvvəllərində türk coğrafiyasını bir-birindən aralı salmaq hiyləsinin sonucu Zəngəzurun Ermənistana birləşdirilməsi idi. Elə bu hiylə ilə də türk dövlətləri arasına fiziki məsafələr girdi. Bir əsr sonra isə yeni reallıq, yeni fürsətlər ortaya çıxdı. Bu fürsətin adı türk coğrafiyasının qovuşması, bir-birinə bağlanmasıdır. Torpaqlarını işğaldan qurtaran Azərbaycan bütün gücünü bunun üçün səfərbər edir və Zəngəzur dəhlizi məsələsini beynəlxalq platformalarda israrla qaldırır. Bu gün Türk dünyası əlini bir-birinə rahatca uzadırsa, yaxın əməkdaşlığın xəyallarını yox, artıq planlarını, strategiyasını qurursa, burada əsas lokomotiv güc Azərbaycanla yanaşı, həm də Türkiyədir. Türkiyə Türk dünyasının mərkəzində dayanan güclü dövlətdir. Son illər təkcə bölgədə yox, dünya miqyasında ciddi söz sahibinə çevrilib. Türkiyə türkdilli dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəminin, təməlin mövcudluğuna inanaraq, ortaq köklərimizə, dilimizə, dinimizə və ortaq maraqlarımıza dayanaraq bu yola çıxıb, üstəlik, bu birliyi yaratmağa müvəffəq də olub. Türk Dövlətləri Təşkilatı yalnız siyasi, iqtisadi maraqları uzlaşdırmır, ortaq mədəni əlaqələrin qurulması da demək deyil. Bu birlik bir könül birliyidir! Türk millətinin qəlbinin birlikdə döyünməsidir!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələri bütün sahələrdə möhkəmləndirməyi Azərbaycan özünün xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu prioritetlik həm də qarşılıqlı xarakter daşıyır. Türk dövlətləri bir-birinin maraqlarına hörmətlə yanaşır, bir-birini dəstəkləyir və bir-birinə yardım göstərir. Çünki Türk dünyası coğrafiyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və digər imkanlara malikdir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmaq bütün tərəflərin mənafeyinə cavab verir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikintisinə, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşasına hazırlıq görülür. Bu kəlmələri eşitmək necə də sevindiricidir! İki ildir ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə uğurlu layihələrə imza atır. Bu səhnələri görmək necə də qürurvericidir! Bütün bunlar Azərbaycan-Türkiyə, Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü kimi baş verir.
Türk dünyasının birləşməsi dünən illüziya idi, xəyal idi, əlçatmaz idi, bu gün isə yeni geosiyasi reallıqdır, parlaq gerçəklikdir. Hazırki möhkəm qardaşlıq əlaqələri, isti əməkdaşlıq münasibətləri, başqa sözlə bütünləşmə deməyə əsas verir ki, qarşıdakı illər Türk sivilizasiyasının yüksəliş illəri olacaq.
Vəfa ALLAHVERDİYEVA