Prezident İlham Əliyev noyabr ayının 15 -də Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bir sıra məsələlərdən danışıb. Qeyd edib ki, Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir.
Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.
Azərbaycan tarixinin ağır illəri, 90-cı illərdə torpaqlarımızın işğala məruz qalması, erməni vandalizminin vəhşilikləri dövlətimizə çox ağır başa gəldi. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.
Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Düşmən çox dəhşətli hadisələr törədərək dünyada mənfur xalq olduqlarını göstərdilər. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Çox təəssüf ki, dünyanın bir çox dövlətləri, daha doğrusu ermənipərəst dövlətlər bütün bu hadisələrə biganə yanaşıblar.
2020-ci ildə payız aylarında başlanan 44 günıük Vətən müharibəsi Azərbacanın ən birinci probleminin həllinə nail oldu. Sentyabrın 27-də düşmənin növbəti hücumunu cavablandıran Azərbaycan əsgəri Vətən müharibəsi zamanı qətiyyət, cəsarət nümayiş etdirərək dünyaya Azərbaycanı qalib ölkə kimi təqdim etdi. Fərəhli haldır ki, iki ildir azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. İki ilə yaxndır ki, bu torpaqlarda tikinti quruculuq işləri aparılır. Bu torpaqların sakinlərinin yenidən öz ata yurdlarına qayıdışı üçün lazımi şərait yaradılır.
Dövlətimizin başçısı qeyd edib ki, müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri və s. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.
Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.
Dünyanın bir çox dövlətləri ilə yüksək səviyyəli əməkdaşlıq edən Azərbaycan Albaniya ilə də əməkdaşlığını uğurla davam etirəcəkdi. Bu da dövlətimizin sabahının daha güclü olacağından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə regionlarda iqtisadi inkişaf proqramının uğurla davam etdirilməsi, bu çərçivədə Mingəçevir şəhərində də müasir quruculuq işlərinin aparılması hər birimizin sevincinə səbəb olur.
Mayıl İsmayılov
MDU-nun dosenti