Son günlər xüsusilə paytaxt Bakıda bıçaqlanma hadisələrinin sayı artıb. Kriminal xronikada hər iki hadisədən biri bıçaqlanma ilə bağlıdır.
İntiqam almaq istəyən, dostu ilə mübahisə edən, borcunu tələb edən bəziləri cibində bir bıçaq gəzdirir. Bunun kütləvi hal alması, eləcə də qarşısının alınması üsulları ciddi müzakirə mövzularından olmalıdır.
Orta məktəblərdə 10-11-ci sinif şagirdləri arasında bıçaqlanma sayı artmaqda davam edir. Yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.
Hesab edirəm ki, ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsi ilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır. Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar.
Hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır. Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır. Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyin evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır.
Şagirdlərin məktəbə gedərkən çantasına nə qoyduğunu, dərsə hazır olub-olmadığını valideyn bilməlidir. Biz məktəbdə baş verən hər hansı bir hadisə üçün müəllimi cəzalandırsaq, töhmət versək, yaxud işdən azad etsək, 1 il sonra müəllimi heç kim saymayacaq. Biz cəza tədbirini yalnız müəllimə yox, bəzən valideynə, yeri gəldikdə şagirdə də tətbiq etməliyik.
Əksər valideynlər düşünürlər ki, "Mənim övladım sərbəst böyüməldir". Sərbəst böyüməlidir deyəndə valideyn nəyi nəzərdə tutur? Şagirdin məktəbdə qeyri-etik hərəkətinimi? Cinayət törətməsinimi? Fikrimcə, övladlarımıza sərbəstlik veməliyik, amma qədərində. Onlara izah etməliyik ki, bu sərbəstlik yalnız sizin təhsiliniz üçün, alacağınız qərarlar üçündür. Yəni siz gələcəkdə öz ixtisasınızı, karyeranızı, təhsil pillənizin hansı səviyyədə olmasını seçə bilərsiniz. Valideyn övladına 5-ci sinifdən mobil telefon vernəkdənsə, təlim-tərbiyəsi ilə məşğul olsa, şagirdin fikri oğru aləmində olmaz.
Düşünürəm ki, biz övladlarımızı evdən başlayaraq tərbiyə etməliyik. Çünki tərbiyə ailədən başlayır, məktəbdə formalaşır, həyatda reallaşır.
Əli Ələkbərov