Logo

Pəncərə arxasında: qəlb sözü və özü ilə

25.11.2022 20:14 838 baxış
IMG

Hərvaxtkı kimi: peşəsində zəhməti ilə məsuldar, həyata rəğbəti ilə məsul və məsuliyyətli olan Güney Mahmudova. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimidir. 

Böyük yazıçı, pedaqoq Mir Cəlal Paşayev deyirdi: "Həyatda xeyir iş görməyən adam heç məqamındadır". Güney Mahmudovanın ən ali keyfiyyəti – onun özünə, ətrafına, bütünlüklə cəmiyyətə xeyir gətirən işi elə ən başlıcası məsuliyyətidir. 

Tələbə önündə məsuliyyətli olan müəllimin eyni halı bu dəfə qələmə aldığı "Bir az səni çəkdim, bir az da məni" şeirində sətirbəsətir görünür... Ələlxüsus da şeirin adında. Oxucuda ələlyəqinlik yaratmaq üçün şeirin bir misrasına nəzər salaq:

Gözündə hər zaman tək Güney olsun. 

Şəxsə (?) (həm də insanlara) (!) ünvanlanan materialda – sətirdə yer alan "Güney" ifadəsi müəllifin ismindən əlavə, həm də günəş, istilik anlamındadır. O, gözlərə qəlbinin xoş sözü ilə bir növ sağlıq arzu edir. Fikrət Qoca demişkən: "Gözlərə işıq verən ürəklərin özüdür". 

Müəllifin ürəyinin sözü ilə ərsəyə gətirdiyi şeiri oxuduqca atalarımızın "Gözdə olmayan könüldə də olmaz" deyimi yada düşür. Bu deyimdən yola çıxanda görürük ki, müəllif həm də ünvan sahibinin (eləcə də insanların) qəlbinə günəş, ürəyinə istilik diləyir...

Bir-birinə sistemli şəkildə, axıcılıqla, qafiyə-qafiyə rəbt olan, bağlanan digər beytdə oxuyuruq:

Bir baxdım gözündə pəncərə çəkdim,
Könlünün aynası pəncərə olsun.

"Gözlər qəlbin aynasıdır" deyiblər. Sətirlərin sətiraltı ifadəsi qəlbin də gözə ayna olduğunu ifadə edir. Odur ki, saf qəlbli insanın gözlərində saflıq, məsumanəlik, işıq varsa, onun əksi olaraq, açıq səma kimi tərtəmiz gözlərin dərinliyində də büllur kimi şəffaf və parlaq qəlbin varlığı labüddür.

Rəşid Behbudovun "Dostluq" mahnısındakı "Dörd dost, dörd ürək, dörd yoldaşıq biz" ifadəsi Güney Mahmudovanın müəllifi olduğu şeirin dörd sətirli, dörd ətirli hər cümləsinə – son bəndinə bədii güc qatır. Sətirlərin bir-birinə tam uyğun bağlılığına işarə kimi səslənir:

Pəncərə göstərsin mən olan yeri,
Ünvanı səhv salıb mənə gələsən.
Gözlərin yumulu olanda belə,
Könül pəncərəndə məni görəsən.

Fikrət Qocanın "Evin işığı" adlı şeiri var. Bu şeirə Polad Bülbüloğlu "Pəncərə" adında möhtəşəm mahnı bəstələyib. Polad Bülbüloğlunun ifasında olan həmin mahnının nəqarəti belədir:

Evlərin ürəyinin Gözləri pəncərədi.
İnsanların qəlbinin
Pəncərəsi gözüdür.
Gözlərə işıq verən
Ürəklərin özüdür.

Güney Mahmudovanın şeir sətirləri mənə Fikrət Qoca üslubunu xatırlatdı. Arzu edərdim ki, "Bir az səni çəkdim, bir az da məni" şeirinə mahnı bəstələnsin. Çünki bu şeirdə gözlərə işıq verən Güney Mahmudovanın ürəyinin özü və sözü var. 

Əsgər İsmayılov

Xəbər lenti