Klassiklərimiz yazır ki, “hər bir xalq üçün özünü tanımamaqdan böyük təhlükə yoxdur”. Biz də böyük bir xalq olaraq özümüzü tanımaq üçün dünənimizi, keçmişimizi, dostumuzu, düşmənimizi tanımalıyıq. Əks təqdirdə dünənimizdə olan haqq işimiz dünyaya haqsız kimi təlqin edilir. Haqq zora qurban verilir!
Şeyx Məhəmməd Xiyabani yazırdı ki, “Bəşəriyyət aləmində iki şey bir-birilə həmişə mübarizədədir: haqq və zor. Dünyadakı bütün keşməkeşlər və xarabalıqlar haqq və zorun düşmənçiliyi nəticəsindədir. Zor haqqa tabe edilməlidir”.
Biz isə uzun illər bu çağırışdan uzaq qalaraq, haqqımızı aramadan zorun “məhkumiyyəti altına” düşərək düşmənə “sən sevsən də sevəcəm, sevməsən də” sevdası ilə “könül açdıq”. Çünki böyüklərimizin uzaqgörən, tarixi həqiqəti əks etdirən, “nəsillərə vəsiyyət səciyyəsi daşıyan” xəbərdarlıqlarından bixəbər böyüdük. Dahi Üzeyir bəy demiş, “özümüzü “əqrəb”lərdən qorumaq” əvəzinə onları süfrəmizin başında oturtduq, evlərimizin dünənki nökərlərinin “qız”larını evlərimizdə “xanım” etdik.
1906-cı ildə “İqbal” qəzetində görkəmli publisist Ömər Faiq Nemanzadə düşmənin xislətini belə bəyan edirdi: “Heç bir an bizi zəif, zəlil etməkdən geri durmayacaqlar. Gah fürsəti qənimət bilib beşikdəki uşaqlarımızı doğrayacaqlar, gah işlərinin məsləhəti üçün alçaqcasına yalvarıb barışacaqlar. Amma bilməli ki, bu barışıq gələcəkdəki xainanə rəftarlarına pərdə çəkmək üçün qurulan tülkü duzağıdır. Burasını yaxşı bilməliyik ki, ermənilər ilə nə cür hüsn-rəftar, hətta qardaşlıq belə etsən onlar öz siyasi qəsdlərindən əl çəkməyəcəklər”.
Bu həqiqətin söylənildiyi zamandan yüz ildən çox vaxt keçir. Bəs biz neynədik? Dinlədikmi, oxuduqmu, öyrəndikmi böyüklərimizi? Tarixdən ibrət götürdükmü? “Əcdadlarımızın qan bahasına hifz edib bizə miras qoyduğu zəngin torpağı, fəxr edə biləcəyimiz mənəvi, ədəbi irsi” qoruya bildikmi? “Böyük Ermənistan” uğrunda səlib yürüşünə çıxanlara “...heç bir vaxt biz öz millətinin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoşgüzaranlıq qurmasına yol vermərik!” deyən Əhməd bəy Ağaoğlunun fədakarlıqla yaratdığı “Difai”sinin yolunu davam etdirdikmi?
“Düşmənin qabağına düşmən kimi çıxaq” deyən cümhuriyyətçilərimizin harayını eşitdikmi? “Mətin qəlbli, salim fikirli”, “daşnaksutyun” kimi qüvvətli milli bir cəmiyyət təşkil edib xain qonşularımıza öz hədələrini tanıdaq” deyə bəyan edən ziyalılarımızın çağırışına səs verdikmi? 1918-ci ildə qanımız, canımız bahasına qazandığımız azadlığımızı qorumaq, istiqlalımızı yaşatmaq üçün bir olub birləşə bildikmi?
Deyirlər ki, “şəxsiyyətsiz xalq, tarix yoxdur. Millət, xalq şəxsiyyəti ilə tanınar”. Biz xalqını yaşadan, “tərəqqi və təkamülünü istiqamətləndirən, mühafizə və müdafiəsini təşkil” edən oğullarımızı qoruya, yaşada bildikmi? “Əcdadını, tarixini və türk böyüklüyünü sevənlərə, yaşadanlara dəstək ola bildikmi?”
Yox! Əksinə “Difai” kimi sözü və silahı ilə ermənilərə qarşı mübarizə aparan bir təşkilatı yaradan Əhməd bəy Ağaoğlunu “millətçi” adı ilə uzun illər söydük, vətənə həsrət qoyduq. “Vətəni sevmək imandandır” deyib ömrünü “böyük türk dünyasının mücahidi” kimi fəda edən Əli bəy Hüseynzadəni millətin düşməni adlandırdıq. Bütün ömrünü xalqının azadlığı, dövlətinin müstəqilliyi uğrunda qərib diyarlarda, “milli-mədəni yüksəliş olmadan milli qurtuluş ola bilməz” deyə sürgünlərin, həbslərin qurbanı olan onlarla, yüzlərlə vətənpərvər oğullarımızı “xalq düşməni” adı ilə elinə-obasına həsrət qoyduq.
Əslində elində-obasında qalanların da qədrini bilmədik. “Maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymağa” məcburam deyən, “neçə-neçə nəslin düşüncə qaynağı, ibrət məktəbi, iftixar mənbəyi” olan Mirzə Cəlili ömrünün son illərində aclığa məhkum etdik. Bütün varlığı ilə siyasətdən uzaq, əyilməz şəxsiyyət olan, vətəninin, xalqının azadlığı amalı ilə mübarizə aparan dahi Cavidi Sibir çöllərinə qurban verdik. Xalqının taleyini düşünən, nicat yolunu axtaran, varlığını bu yolda qurban edən nurlu şəxsiyyətlərimizi böhtan və iftira yağdıran yaltaq, məddah, satqın əliheydərlərdən, məşədilərdən, aynalardan, həmidlərdən hökumələrdən, musabəyovlardan qoruya bilmədik.
Millətin taleyini “əqilləri başlarında olmayıb gözlərində və qulaqlarında” olanlara tapşırdıq. Onlar da Üzeyir bəy demiş, “cibişdan üçün çalışdılar”, millət üçün yox! Bağışlanılmaz xətadır bu. Ona görə də 20-ci yüzilliyin əvvəllərində yaşadığımız faciələri sonunda da yaşadıq. Qarabağ müharibəsi, Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı...
Faciələrə düçar olmağımızın səbəbini hələ o vaxt, 1915-ci ildə “Yeni iqbal” qəzetində “Nəyimizin vaxtıdır?” sərlövhəli məqaləsində Üzeyir bəy belə açıqlayırdı: “Milliyyət qədrini bilməzlikdən irəli gələn bu daxili pərişanlıq biz milləti özgələr yanında başı aşağı edir, adımızı “qeyri-mədəni bir camaat” qoyub kiminin bizə yazığı gəlir, kiminin bizdən zəhləsi gedir, bir parası da bizim bu halımızdan özləri üçün mənfəət qazanır. Bizim qeyri-qabili-islah və tərəqqi bir millət olduğumuzu da iddia edənlər vardır”.
“Milli qeyrət sahibi” olan Mirzə Fətəli Axundzadə yazırdı ki, “mənim xalqımın fitri istedadı bütün Avropa xalqlarının fitri istedadından əskik deyil”. Amma lazımdır ki, bu istedadı millət, xalq, vətən yolunda sərf edəsən. Təbii, bu gün müstəqil Azərbaycanın dünya dövlətləri arasında hansı mövqedə olduğunu söyləməyə ehtiyac yoxdur, inkişafı göz qabağındadır. Prof. Ş.Hüseynov demiş: “...satqınları, çapıb-talayanları da görürük, ürəyi yananları, vəziyyəti düzəltməyə çalışanları da”.
Dahi Sabir demiş: “Millət necə tarac olur-olsun, nə işim var?” deyənlərimiz də var. Bu da ondan irəli gəlir ki, “millətpərəstlik, milli iftixar kimi ali və nəcib hisslər hələ bizim qəlbimizdə yer tapmayıb. Çünki qəlbimiz başqa hisslərlə doludur və hələ “vakansiya” yoxdur. Klassiklərimiz bir əsr bundan əvvəl belə söyləyirdi. Bəs görəsən bu gün necə, qəlbimizdə milli iftixara yer var, yoxsa hələ yenə də “vakansiya” yoxdur?
Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru