Logo

Axı biz niyə beləyik?

04.12.2022 15:21 494 baxış
IMG

Qısa tanışlıq

Musayev Qılman İsabala oğlu (Qılman İlkin). 1914-cü il 11 apreldə Bakının Mərdəkan kəndində dünyaya göz açıb. 1932-ci ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. 1936-cı ildə Universiteti bitirib Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə “Azərbaycan” jurnalına rəhbərlik edib. “Uşaqgəncnəşr” və “Azərnəşr” nəşriyyatlarının direktoru işləyib (1966-1971).

“Qırmızı Əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordeni və Qafqaz Xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülüb. “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Bakı və bakılılar”, “Köhnə Bakını tanıyırsanmı?”, “Kiçik hekayələr” adlı kitabların müəllifi idi. “Yenilməz batalyon”, “Kölgələr sürünür” bədii filmlərinə və bir neçə televiziya filmlərinə ssenari yazıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xalq Yazıçısı” Qılman İlkin 6 noyabr 2009-cu ildə dünyasını dəyişib.

Jurnalistlik, publisistik fəaliyyətimlə bağlı 30-ilə yaxındır ki, müxtəlif peşə sahibləri ilə görüşmüşəm, söhbətləşmişəm, o cümlədən yazıçılarla da, şairlərlə də. Lakin Əzizə Cəfərzadə, İsmayıl Şıxlı və Qılman İlkin qədər sadə, səmimi, ad-san, orden-medal xiffəti çəkməyən, yalnız qəlbinin hökmü ilə xalqı üçün yazıb-yaradan, hər bir intiriqalardan uzaq qələm əhli ilə rastlaşmadım. Qəbirləri nurla dolsun, hər üçü ilə bir neçə dəfə görüşüb müsahibə almışam, uzun-uzadı söhbət etmişəm, amma bircə kəlmə kimdənsə, nədənsə giley-güzar eşitmədim. Lakin təəssüf  ki, dəfələrlə fəxri adlarla, evlərlə, maşınlarla, yüksək vəzifələrlə mükafatlandırılan bəzi yazarlarımızdan bir neçə dəfə giley-güzar eşitdim, Sovet dövründə də, ondan sonra da...

...1984-cü ilin sonları idi. Jurnalistika fakültəsində oxuyurdum. Yazıçı Qılman İlkinin 70 yaşı tamam olmuşdu. Müəllimlərimdən birinin təklifi ilə ilk dəfə olaraq Qılman müəllimlə görüşüb fakültəmizdə çıxan “Jurnalist” qəzetinə material hazırlamalı oldum. Söhbətimiz fəxri adlardan, mükafatlardan düşəndə Qılman müəllim özünəməxsus sakit, səmimi bir tərzdə dedi ki: “Qızım, hər kəsə ən böyük mükafatı Tanrı verir. Ağıllı, tərbiyəli, savadlı övlad, sağlam orqanizm və sevdiyin peşə ilə məşğul olmaq Tanrının sənə bəxş etdiyi ən böyük mükafatdır. Şükürlər olsun ki, bunların üçü də məndə var...”.

Doğrusunu deyim ki, düz otuz il bundan əvvəl Qılman müəllim bu sözləri söyləyəndə mənə çox qəribə gəldi və etiraf edim ki, o zaman buna inanmadım da... Amma bu günlərdə tələbələrimdən biri yaxınlaşıb deyəndə ki, “müəllimə eşitdim yubileyiniz olub. Yaradıcılığınızın 30 illik fəaliyyəti necə mükafatlandırıldı?” Qılman müəllimin sözlərini xatırladım və ona haqq qazandırdım. Çünki Ulu Tanrı mənə də bu üç xoşbəxtliyi bəxş edib”.

Hər dəfə Qılman müəllimlə söhbət edəndə məndə belə bir fikir yaranırdı ki, Qılman müəllim sanki bu dünyanın adamı deyil. İnsanlığa ucalıq gətirən mənəvi-əxlaqi kamillik onun həyat devizi idi. Onun üçün bir ailəsi, bir də yaradıcılıq dünyası var idi. Çalışırdı ki, birini digərinə qurban verməsin (vermədi də). Özü üçün yox, elə onlar üçün yaşadı Qılman müəllim. Hətta Bakının ən isti günlərində belə istirahətə getməzdi, ailəsini sanatoriyaya qoyub özü qayıdırdı işinə. Əsl yazı-pozu adamı idi. Evində çox zəngin bir kitabxana-arxiv yaradıb. Bu kitabxanada 20-ci yüzilliyin əvvəllərində çap olunan qəzet və jurnallardan nüsxələr, maraqlı və çox dəyərli sənədlər, materiallar ona övladları qədər əziz idi. Odur ki, istər evdə, istər işdə hər zaman yazı masasının arxasında idi Qılman müəllim.

Axırıncı dəfə Qılman müəllimlə görüşəndə yaşı 90-ı keçmişdi. Amma qocalmışdısa da zehni üstündə idi, gözləri də görürdü. Yalnız son vaxtlar ayaqlarından şikayətlənirdi. Qəribə idi, qocalsa da üzündə o qədər də qırışlar hiss edilmirdi və ürəyə yatımlı bir nur var idi üz-gözündə. Səmimiyyət, zəhmət, alicənablıq qanına-canına hopmuşdu onun. Bu bəlkə də ondan irəli gəlirdi ki, Qılman müəllim təpədən-dırnağa milli hislərlə, duyğularla, yaşayan, yazıb-yaradan bir sənətkar idi.

Bir ədib kimi şəxsiyyət və zaman anlamına hər an həssaslıqla yanaşıb. Onun düşüncələrinə əsasən insan ictimai münasibətlər əhatəsində formalaşsa da, onda kökdən, nəsildən gəlmə əxlaq, tərbiyə keyfiyyətləri, adət-ənənələrlə bağlı bir sifət olur. Şərait, zaman və məkan dəyişsə də, insanlıq qanunları, əsil-nəcabətlə bağlı əlamətlər dəyişməməlidir. Odur ki, Qılman müəllim əslinə-nəslinə bağlı bir yazıçı idi.

Mənsub olduğu xalqın tarixini dərindən bilən, həmin tarixlə fəxr edən bir salnaməçi də oldu Qılman müəllim. Dünyaya göz açdığı Bakının tarixini, dünənini yaşatmaq, bəyan etmək üçün “Bakı və bakılılar”, “Köhnə Bakını tanıyırsanmı?” adlı kitabları bəxş etdi oxucularına. Lakin arxiv materialları ilə zəngin əhatə edilən bu əsərlər çox gərgin zəhmətin bahasına başa gəlmişdi. Ədibin bu tarixi əsərlərini səciyyələndirən əsas cəhətlərdən biri onun müraciət etdiyi tarixi dövrü bütün təfərrüratı ilə canlandıra bilmək məharətindən irəli gəlirdi. Çünki hadisələri görən, yaşayan yazıçı onları yalnız quru fakt və sənədlərin işığında təqdim etmir, ona can və ruh verir, özünün yazıçılıq manerası ilə dövrün mənzərəsini yarada bilirdi.

“Bakı və bakılılar” əsərində Bakının qədim tarixindən, neft sənayesinin inkişafından və bu inkişafın xalqın mədəni həyatına təsirindən çox geniş bəhs edən yazıçı, bakılıların özünəməxsus adət-ənənələrini də unutmamış, onlarla da yeri gəldikcə oxucusunu hali edirdi. Bu əsəri oxuduqca sanki köhnə Bakını qarış-qarış gəzirsən, onun qoynunda baş verən hər bir hadisənin tamaşaçısına çevrilirsən.

1937-ci il də 23 yaşı olan Qılman müəllim pedaqoji fəaliyyətlə məşğul olurmuş. Belə dəhşətli bir odun-alovun içindən keçən gənc Böyük Vətən müharibəsində artıq pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul idi. Bu zaman İrana ezam olunan Qılman müəllim orada jurnalist kimi çalışır və kiçik hekayələrini yazırdı.

20-ci yüzilliyin əvvəllərində baş verən o mürəkkəb, ziddiyyətli hadisələrin canlı şahidi olan bu gənc ədib əsərlərində bütün gördüklərini, eşitdiklərini, yaşadıqlarını “canlandıraraq” onları yaşatdı gənc nəsillər üçün. Ona görə də ədəbiyyatımızda həm də mahir salnaməçilərdən biri kimi tanındı. Odur ki, yazıçının ədəbi-bədii irsi zənginliyi, əhatəliyi və çoxcəhətliliyi ilə də diqqət çəkməkdədir.

Sonralar nəsrə doğru meyillənən Q.İlkinin nəsrində o zaman Azərbaycanda baş verən ən mürəkkəb, keşməkeşli hadisələr bədii təcəssümünü tapıb. Müəllifin istər nəsr əsərlərində, istərsə də televiziya ssenarilərində kamil insanı sosial-psixoloji münasibətlər içərsində axtaran, daha çox müasir problemlərə meyl edən, obyektiv və prinsipal mövqeyi uğrunda mübarizə aparan bir obraz kimi görürük. “Qalada üsyan”, “Dağlı məhəlləsi” əsərləri sənətkarlıq, dil-üslub baxımından 1960-80-ci illər ədəbiyyatımızın orijinal əsərlərindən idi.

Q.İlkini oxucularına sevdirən amillər içərisində biri də heç şübhəsiz ki, əsərlərinin dili-üslubudur. Yazıçı dilinin gözəlliyini, təsir gücünü sadəliyində, xalqa yaxınlığında görən, xalq dilinin zəngin xəzinəsinə bələd olan nasirlərdən idi. Bu nəsr dili özünün əlvanlığı, axıcılığı, təmizliyi, aydınlığı, sadəliyi ilə diqqəti cəlb edirdi.

...İki gün öncə Azərbaycan Dövlət Dram Teatrında görkəmli ədibin 100 illiyinə həsr edilən yubiley gecəsi keçirildi. Digər yubileylərdə çox canfəşanlıq göstərən bəzi məmurlar və vəzifəli şəxslər qalsın bir yana, heç yazarlarımızın da çoxunu orada görmədim. Bəlkə ona görə ki, Qılman müəllimin nə vəzifəli övladı var, nə də qohum-qardaşı. Sadə bir universitetdə (BDU), sadə bir müəllim işləyən oğlu var... Belə yerdə dahi Mirzə Cəlil gözəl deyib ha: “Axı biz niyə beləyik?”

Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti