Logo

“Əlifba oyunu” və yaxud unutqanlığa doğru atılan addımlar

07.12.2022 10:22 503 baxış
IMG

Hörmətli oxucu! Əgər desəm ki, əlifba məsələsi ilə milli azadlıq hərəkatı arasında çox böyük əlaqə var. Çoxları bunu sadəlövhlük olduğunu sanar. Amma unutmayaq ki, uzun illərin təcrübəsi göstərir ki, milli şüura, mənəvi-psixoloji duruma təsir edən amillərdən biri elə əlifba məsələsidir. Xüsusilə əlifbanın dəyişdirilməsi ilə bağlı tarixi araşdırdıqda bir çox mətləblər üzə çıxır və əlifba məsələsinin çox önəmli bir məsələ olduğunu sübut edir.  

Bu mətləblərdən birincisi budur ki, əlifba tariximizin ayrılmaz bir parçasıdır. İkincisi, tariximizin tədqiqi, təbliği, tədrisi də əlifba ilə sıx bağlıdır. Üçüncüsü isə, əlifbanın dəyişdirilməsi tarixə, millətin taleyinə qarşı ən amansız cinayətdir. Çünki bu “əlifba oynunda” ən böyük hədəflər nişana alınır. Bu hədəfin ən başlıcası xalqımızı maddi-mənəvi xəzinəmizdən ayırmaq, tariximizi, keçmişimizi unutdurmaqdır. 

Diqqətlə fikir verək təkcə bir əsrdə 20-ci yüzillikdə dörd dəfə əlifbamız dəyişilib. 1929-cu ilə qədər əsrlərlə yazıb-yaratdığımız, ədəbiyyatımızın, mətbuatımızın zəngin tarixi inkişafını əks etdirən ərəb əlifbası 1929-cu ildə dəyişdirilib latın əlifbası ilə əvəz edilib. Bu proses 1929-1939-cu illəri əhatə edir. 1958-1991-ci illər ərzində isə ölkəmizdə kiril əlifbası hökmranlıq edib.  Yenidən müstəqilliyimizin bərpası ilə əlaqədar 1991-ci ildə latın əlifbasına keçmişik. Təbii ki, hər dəfə əlifbanın dəyişdirilməsi ölkəmizdə həm maddi, həm mənəvi cəhətdən çox böyük fəsadlara səbəb olub. İnsanlar tarixindən, keçmişindən uzaq düşüb, gənc nəsil köhnə əlifbanı bilmədiyi üçün olub-keçənlərdən bixəbər böyüyüb. Əslində Sovet hökumətinə də bu lazım idi. İnsanları dünənindən qoparıb manqurtlaşdırmaq, sonda isə ruslaşma siyasətini çox asanlıqla təbliğ etmək.

Bizi bir millət kimi yer üzündən silmək üçün bu bir vasitə oldu düşmənlərimizin əlində. Xüsusən də dili, dini bir olan qardaş Türkiyə ilə (1928-ci il noyabrın 1-də Türkiyədə latın qrafikası əsasında yeni əlifbaya keçmək haqqında qanun qəbul edilmişdi) əlifba eyniliyinə mane olmaq və ən əsası kiril vasitəsilə ruslaşdırmaq! Deməli əlifba məsələsinin milli şüura, onun yaranmasına, inkişafına və formalaşmasına təsiri danılmaz bir faktdır ki, Sovet hökuməti məhz ilk olaraq bizi dünənimizdən bixəbər qoymaq üçün bu addımı atdı.

Beləliklə, hər mərhələdə də yazılanların çoxu elə o əlifba ilə tarixə gömülüb. Hər dəfə bu əlifbanın dəyişilməsi nəticəsində  mərhələdən-mərhələyə, əlifbadan-əlifbaya keçdikcə biz əskidə qalanların, demək olar ki, böyük əksəriyyətini elə o əlifba ilə dəfn etmişik. Hər əlifba ədəbiyyatımız, düşüncə tariximiz üçün bir məzarlığa çevrilib. Bu məzarlıq niyə bizi düşünməyə vadar etmir? Ordakıların hər biri bizim tariximiz deyilmi? Biz o tarixdən uzaqlaşdıqca dünənimizdən, kökümüzdən, kimliyimizdən uzaqlaşmırıqmı?  Milli-mənəvi dəyərlərimizlə bağlı olan bu tarixin hansı mərhələsində, hansı əsrində olursa-olsun, bu günə daşınmalı və övladlarımıza təlğin olunmalı çox qiymətli xəzinəmiz var. Xüsusən də kirilə keçməklə bu xəzinəmizdən uzaq düşdük.

Bu danılmaz bir faktdır ki, sovet dövründə əksər valideynlər rus ictimai mühitinə uyğunlaşmaq, hakim üsuli-idarədə qulluq sahibi olmaq üçün öz uşaqlarını daha çox rus təhsilinə meylləndirirdilər. Təbii ki, rusdilli bağçada, məktəbdə, təhsil alan gənc öz dilinə, kökünə-soyuna laqeydləşəcək və elə laqeydləşdi də. O, öz ədəbiyyatından, tarixindən, mənəviyyatından bixəbər yetişəcək və yetişdi də. Nəticədə boya-başa çatan “azərbaycanlı ziyalının” təfəkküründə nəinki öz millətinə, mədəniyyətinə, adət-ənənəsinə, hətta genindən gələn müqəddəs duyğulara da münasibət dəyişir və dəyişdi də. Ana dilinə, doğma xalqının tarixinə, adət-ənənəsinə bağlılıq aradan qalxandan sonra təbii onlar mənsub olduğu xalqın övladı ola bilməz və olmadılar da. Çünki o, nə öz əlifbasını bilir, nə də kimliyini. Bütün bunlar bir daha sübut edir ki, əlifba məsələsi xalqın tale yüklü, çox mühüm əhəmiyyət kəsb edən bir məsələsidir.          

Unutmayaq ki, əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Təəssüf  ki, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan xalqının əlifba mədəniyyəti dəfələrlə ciddi təsirlərə, dəyişikliklərə məruz qalmışdır. Azərbaycanın yazılı abidələri və dil tarixi ilə bağlı aparılan araşdırmalar, tədqiqatlar göstərir ki, ərəb qrafikalı Azərbaycan əlifbası daha uzunömürlü olmuşdur. 

Ərəb əlifbasının dəyişdirilməsinin ilk təşəbbüskarlarından biri böyük alim, görkəmli Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadə olmuşdur. Onun əlifba islahatı ilə bağlı cəhdləri bu fikrin formalaşmasında əsaslı rol oynamışdır. O, uzun müddət ərəb əlifbasını sadələşdirmək, daha sonra isə soldan sağa yazılan bir əlifbaya, yəni müasir tələbləri ödəyən bir əlifbaya keçmək uğrunda mübarizə aparmış, layihələr hazırlayıb yaymışdı. 

Amma mütəfəkkir alimin bu fikirlərini dəstəkləməyən ziyalılar da olmuşdur. Məsələn, Əlizadə Şirvani M.F.Axundzadəyə ünvanlandığı məktubunda yazırdı: “Buyurursunuz ki, vəsiləmiz yoxdur, yəni öz dilimizdə oxumaq, yazmaq çətindir. Əzizim, bu dərdə külli millətlər mübtəla olublar. Məsələn, buyurduğunuz Prus xalqı 150 il bundan əqdəm öz dilləri çətin olmağa görə tamam və yazmaqları latın dilində idi. Amma mürur ilə elm təhsil edib, indi öz dillərində oxumağı – yazmağı elə asanlıqla çıxarıblar ki, qeyri millətlər onların dilində elm təhsil etməyə rağib olub”. 

Dahi Cəlil Məmmədquluzadə demiş: “M.F.Axundzadə barədə ya yaxşı yazmaq lazımdır, ya heç yazmaq lazım deyildir”. Heç şübhə yoxdur ki, M.F.Axundzadə özünün də mənsub olduğu Azərbaycan xalqının və millətinin azad, xoşbəxt olmasını arzulamışdır, niyyəti xoş olmuşdur. Xalqını düşdüyü bu cəhalət girdabından qurtulmaq üçün hər vasitəyə əl atan Mirzə Fətəli bildiyi üsullarla mübarizə aparmağa çalışmışdır.“Yəqin ki, M.F.Axundzadə bilməmişdir ki, o, əslində qulluq etdiyi çar Rusiyasının “parçala, hökm sür” siyasətinin qeyri-ixtiyari icraçısı olmuşdur. İdeologiyada təfriqə salmaqla milli birliyə zərbə vurmağının, əsrlər boyu yaradılmış milli-mənəvi sərvətlərimizdən, soy-kökümüzdən ayrı düşməyə rəvac verməyinin fərqində olmamışdır”.

Hər vəclə işğal etdiyi əraziləri əlində əbədi saxlamaq üçün çalışan Çar Rusiyası hər şeyə hazır idi. Buna görə ilk olaraq Şimali Azərbaycanı cənubdakılardan ciddi-cəhdlə ayrı salmaq üçün keçilməz tikanlı məftillərlə, amansız “qayda-qanunlarla” kifayətlənməmiş, mənəvi birliyi də pozmaq, məhv etmək üçün ilk olaraq Sovet imperialistləri Azərbaycanda əlifbanı bir neçə dəfə dəyişdirməklə həmin işi başa çatdırmışlar. 

Əslində “müsəlman əlifbası” adlandırılan ərəb əlifbası böyük və zəngin bir tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin nişanəsi idi və bu əlifba ilə İslamdan da öncə çoxlu dəyərli əsərlər yaradılmışdır. “Dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqaları Allaha inanan dindar insanlar olmuş, öz əsərlərini məhz həmin əlifba ilə yazmış və bu əlifba onların dahiliyinə, adlarının və əsərlərinin dünya durduqca yaşamasına mane olmamışdı”. 

Deyilənlərə görə, Şumerlər dövründə Azərbaycan xalqının öz əlifbası olmuşdu. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu əlifba ilə əlimizdə yazılı nümunələr yoxdur. VII əsrdə İslam dininin meydana gəlməsi və ərəblərin bu dini yayması ilə əlaqədar Şərq ölkələrində ərəb ədəbiyyatının, dilinin və əlifbasının təsirini görürük. Nəzərə alsaq ki, XIX əsrin sonları və hətta XX əsrin əvvəllərinə qədərki ədəbiyyatımızın, mətbuatımızın çox böyük qismi ərəb əlifbası ilə yazılmış onda bu problemin mahiyyətini dərk etmək çətin deyil.

“Milli oyanışımızın banisi” adlandırılan M.F.Axundzadə tərəfindən irəli sürülmüş bu ideya sonralar Azərbaycanın bir çox ziyalıları tərəfindən də dəstəklənmişdir. M.F.Axundzadədən sonra bu məsələyə öz yaradıcılığında geniş yer verən ziyalılar arasında daha fəallıq göstərənlərdən İsmayıl bəy Qaspiralı, Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Məmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtlı, Fərhad Ağazadə, Cəlil Məmmədquluzadə, Soltan Məcid Qənizadə, Süleyman Sani Axundov, Ömər Faiq Nemanzadə olub. Onlar məqalələrinin böyük əksəriyyətində bu mövzunun əhəmiyyətindən bəhs edərək oxucusunu da əlifba məsələsində daha ayıq -sayıq olmağa səsləyiblər. 

Yuxarıda adlarını çəkdiyimiz ziyalılara nisbətən M.Şahtaxtlı əlifba məsələsi ilə çox erkən yaşlarında hələ Fransada təhsil alarkən məşğul olmuşdu. Belə ki, o, Parisdə Beynəlxalq Fonetika Cəmiyyətinin iclaslarında iştirak edərkən Avropa alimlərinin öz ölkələrinin inkişafı naminə vahid latın əlifbasına keçmələri üçün etdikləri təşəbbüslərin şahidi olmuşdu. Buna uyğun olaraq M.Şahtaxtlı da mənsub olduğu xalqın dirçəlişini təmin etmək məqsədilə əlifbanın daha da sadələşdirilməsi və Azərbaycan dilinin tələfüz xüsusiyyətlərinə uyğunlaşdırılması işinin zəruriliyi qənaətinə gəlmişdi. Hətta bəziləri çox haqlı olaraq onu “yeni əlifba hərəkatının atası” adlandırırlar. 

Onu da qeyd edək ki, M.Şahtaxtlının təklif və tərtib etdiyi əlifba layihəsi Azərbaycanda əlifba islahatı baxımından irəliyə doğru atılmış mühüm addım idi. Bu layihə və ona azərbaycan, rus, fransız dillərində yazılmış elmi xarakterli izahatlar M.Şahtaxtlının Avropada və Rusiyada mükəmməl dünyagörüşlü bir dilçi kimi tanınmasına  xidmət etmişdir.

Bu dövrdə Məhəmmədağa Şahtaxtlı cəmiyyətin inkişafına mane olan səbəblərdən birini də ərəb əlifbasının xalqımız üçün yarasız olmasında görür və bu müşküllüyü aradan qaldırmaq çarəsi üzərində düşünürdü. O, var gücünü əlifba islahatına, müsəlman xalqları üçün daha asan oxuna bilən yazı üsulu problemi üzərinə yönəldir. Şərqdə yeni əlifba ideyasının banisi M.F.Axundzadənin bu sahədəki işinin ən məhsuldar və ən inadcıl davametdiricisi olan M.Şahtaxtlı 1879-cu ilin yanvarında M.F.Axundzadənin vəfatından bir neçə ay sonra Tiflisdə “Təkmillənmiş müsəlman əlifbeyi” adlı kitab nəşr etdirir. Bu əsər Azərbaycanda yeni əlifba uğrunda mübarizə tarixində ilk kitab olub.

Sonralar o, əlifba islahatı istiqamətində axtarışlarını davam etdirmiş və yeni elmi qənaətlər əsasında daha mükəmməl əlifba layihəsi hazırlamışdır. Tədqiqatçıların fikrincə, Azərbaycanda ilk dəfə olaraq Məhəmmədağa Şahtaxtlı ərəb əlifbasında xüsusi işarəsi olmayan sait səslərin hər birinə aid konkret işarə təklif etmişdir. Təklif edilən işarələr birdən doqquza qədər olan rəqəmlərin tərsinə yazılmış işarələrindən təşkil olunmuşdu. Əlifba islahatı sahəsində tədqiqatçıların fikirincə, Məhəmmədağa Şahtaxtlı M.F. Axundzadədən də irəli getmişdir. 

Əlifba islahatı ilə bağlı müzakirələr XX əsrin əvvəllərində “İrşad”, “İqbal”, “Tərəqqi”, “Tazə həyat”, “Tərcüman” kimi qəzetlərin səhifələrində davam etdirilmişdi. Bu müzakirələrdə iştirak edən tanınmış qələm sahiblərindən İ. Qaspi-ralının, Ə.Hüseynzadənin, F.Ağazadənin, H.Vəzirovun, Ö. F.Nemanzadənin və başqalarının adını çəkmək olar. 

Bütün bunlar XIX əsrin sonu və XX əsrin əvvəllərində əlifba islahatı probleminin mühüm əhəmiyyət kəsb etməsindən, cəmiyyətdə ona fərqli münasibətin olmasından xəbər verirdi. Bunların nəticəsi olaraq, 1906-1907-ci  illərdə əlifba məsələsi yenidən gündəmə gəldi ki, o zaman Bakıda keçirilən birinci (1906) və ikinci (1907) müəllimlər qurultayında da əsas məsələlərdən biri bu olub. Lakin birinci qurultaydan fərqli olaraq, ikinci qurultayda əlifba məsələsinə daha çox diqqət yetirilib. İkinci qurultay 1907-ci il avqust ayının 25-də başlayır. Birinci qurultayın tövsiyələrinə uyğun olaraq, Fərhad Ağazadə Abdulla Əfəndizadə və Süleyman Sani Axundovla birlikdə ərəb əlifbasının ciddi islahı üzərində qurulmuş bir “Əlifba” kitabının layihəsini hazırlamışdılar. 

Qurultayın 28 avqust tarixli iclasında bu “əlifba”nın üstünlüklərini sübut etmək üçün Fərhad Ağazadə ətraflı çıxış edir və əlifbanın tətbiq edilməsi məsələsini qaldırır. Bu məsələ ətrafında iclasda möhkəm müzakirələr və hətta mübahisələr olur. Dövrün tanınmış publisisti, ədəbi tənqidçisi və eyni zamanda görkəmli pedaqoqu Fərhad Ağazadə ikinci Müəllimlər qurultayında əlifba məsələsinin müzakirəsinə nail olsa da, bununla bağlı hər hansı bir ciddi qərar qəbul edilmədi. Bütün bu cəhdlərə baxmayaraq, əlifba məsələsində rəsmi qaydada ciddi dəyişikliyə nail olunması müşkül bir işə çevrilmişdi. “Sanki bu bir müqəddəs şeydir, buna dolaşanın əlləri quruyarmış”.

Beləliklə, ölkəmizdə əlifba məsələsində yeni canlanma Rusiyada Oktyabr inqilabından sonrakı dövrə təsadüf edir. 1917-ci ildə Rusiyada dalbadal baş verən iki inqilab çar Rusiyasının devrilməsi və Sovet hakimiyyətinin qurulması ilə nəticələndi. Həmin illərdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqalarının rəhbərliyi altında aparılan siyasi iş Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxartdı. 

Demokratik prinsiplər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olduqdan sonra ölkədə bir çox sahələr üzrə islahatlar aparmağa başladı. Mətbuat, maarif sahəsində aparılan islahatlar isə üstünlük təşkil edirdi. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba müzakirəsi yenidən siyasi gündəmə gəldi. Ərəb əlifbasını təkmilləşdirmək və yaxud yeni latın qrafikalı əlifbaya keçmək üçün ziyalılar arasında qızğın müzakirələr başladı. Bu müzakirələr əsasən Parlamentin orqanı olan “Azərbaycan” qəzetində aparılırdı. Qəzetin səhifələrində bu haqda müntəzəm olaraq verilən yazılar əsasən M.Şahtaxtlı, S.M.Qənizadə, F.Ağazadə, Ş.Rüstəmbəyli, Ü.Hacıbəyli və Ş.Əfəndizadəyə məxsusdur.   

1919-cu ilin martında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir.   Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. 

Artıq əlifba məsələsinin kifayət qədər ciddi müzakirə obyektinə çevrildiyini görən hökumət 1919-cu ildə məsələyə müdaxilə edir, bu məsələ ilə bağlı mart ayının 21-də hökumətin nümayəndəsi Xudadat bəy Məlik Aslanovun məruzəsi dinlənilir və nəticə olaraq 427 saylı xüsusi qərar qəbul edilir. Qərarda Xudadat bəy Məlik Aslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi Nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi Naziri yanında xüsusi komissiya yaradılır. Bu komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla Əfəndizadənin, biri Məhəmməd Ağa Saxtaxtlının, biri də Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi. Müzakirələr nəticəsində Abdulla Əfəndizadənin layihəsi qəbul edilir və onun «Son türk əlifbası» adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir, sovet hakimiyyətinin hərb maşını-Qızıl Ordu Azərbaycanı işğal edir. 

Sovet hökuməti isə xalqı öz kökündən-soyundan uzaqlaşdırmaq, milli kimliyini unutdurmaq üçün elə ilk olaraq maarif məsələsindən başladı. 5 yanvar 1921-ci ildə Azərbaycan Maarif Nazirliyi Komissarlığı əski əlifbadan yeni əlifbaya keçmək haqqında qərar qəbul etdi. 1921-ci ilin aprelində “Yeni türk əlifbası” komitəsi yaradıldı. Komitəyə Azərbaycan Mərkəzi İcrayə Komitəsinin sədri Səməd Ağamalıoğlu başçılıq edirdi. Tədqiqatçıların yazdığına görə, 1921-ci ilin dekabr ayından başlayaraq hər həftənin cümə günləri N.Nərimanovun təşəbbüsü ilə dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı 30 dekabr və 6 yanvar tarixli iclaslarda əlifba məsələsində iki cərəyan yarandı: “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahatı tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. 

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi təşkil edildi. Komitənin yaradılmasında məqsəd dilimizi, yazı və oxu sistemimizi sadələşdirmək məqsədilə ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi prosesini tənzimləmək və həyata keçirmək idi. 

Dövrün bir çox ziyalıları kimi Hüseyn Cavid də əlifba islahatlarına münasibət bildirmişdi. Bu haqda daha müfəssəl məlumat Q.Məmmədlinin “Cavid ömrü böyu” əsərində verilib. 

Tədqiqat əsərindən belə məlum olur ki, bu müzakirələr uzun çəkir və H.Cavidin əlifbanın dəyişdirilməsinə münasibəti heç də yaxşı olmur. O, əlifba komissiyası sədrinə məktub yazaraq münasibətini belə bildirir: “Latınçılar komissiya sədrinə. Komissiyonda ərz etdiyim kimi, mən nə latınçıyam, nə də islahatçı... olsa-olsa mən yalnız türk dünyasının haqqı ilə anlayan, alim, mütəxəssis lisançı və əlifbaçı vətəndaşların gələcəkdəki təcrübələrindən istifadə edən bir müəllim ola bilərəm və şimdilik heç bir komissiyonda iştirak etməm”.

Sözsüz ki, hakim partiyanı ziyalıların fikirləri heç də maraqlandırmırdı. Sadəcə gözdən pərdə asmaq üçün bu müzakirələri təşkil edirdilər. Elə ona görə də hökumət tez bir zamanda bu məsələni qanunulaşdırmaq fikirində idi. Odur ki, 1923-cü ildə Azərbaycan hökuməti “Yeni türk əlifbasını” dövlət əlifbası kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu məsələ ilə bağlı yazılan tədqiqat əsərlərindən belə bəlli olur ki, Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı.

Azərbaycan Mərkəzi İcrayə Komitəsinin 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi. Lakin hakim partiyanın niyyəti başqa idi. Hökumət yenidən əlifba oynuna başladı. Bu dəfə 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi. Həmin dövrdə ölkəmizdə çap olunan bir neçə qəzet və jurnalları gözdən keçirdim. Yazıçılarımız, şairlərimiz, alimlərimiz sanki kiril əlifbasına tərif demək üçün yarışa çıxıblarmış. “Yazıqlar” Mərkəzin bu qərarından o qədər ruhlanıblarmış ki, sevincdən az qala dəli olsunlar...”. 

Faciəmiz bax budur. Bilərəkdən ki, bu dünənimizə, tariximizə arxadan vurulan bir namərd zərbəsidir. Bəs onda niyə belə təriflər? Əslində bunu yazan hər bir “ziyalımız” çox gözəl bilirdi ki, bu yolla hökumətin niyyəti nədir.Çünki kiril qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycan ictimaiyyətinin irəli sürdüyü ilk tələblərdən biri latın qrafikasına qayıdışla bağlı oldu.

1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə işçi qrup yaradıldı və həmin ilin 11 sentyabrında o, Əlifba komissiyasına çevrildi. Komissiyanın hazırladığı layihə 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız  2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi.

...Bu “əlifba oyunu” görəsən bizləri düşünməyə, daşınmağa vadar edəcəkmi? Axı çox yaxın keçmişimizdə, 20-ci yüzillikdə baş verənlərin əksəriyyətindən xəbərsizik. Çünki cəmi yüz ildə dörd dəfə dəyişilən əlifbamız tariximizi, dünənimizi də özü ilə istədiyi kimi dəyişib və ya məhv edib. Bəlkə atalarımız demiş: “Papağımızı qabağımıza qoyub bir düşünək?"

Qərənfil Dünyaminqızı

Filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti