Latış yazıçısı və ədəbiyyatşünas alimi Andrey Upitinin kitab haqqında çox dəyərli bir fikri var.
“Kitab həyatın ən uzaq və qaranlıq yollarına nur bəxş edən əfsanəvi çıraqdır”. Doğrudur, alimin bu sözlərini hər kitaba da şamil etmək olmaz. Çünki kitab var ki, zamana uyğun yazılır və onun “zamanı” keçdikdən sonra bu kitab yalnız maklaturaya çevrilir. Necə ki Sovetin dövründə Marksın, Engelsin, Leninin, Brejniyevin “kitabları” zor gücünə oxundu, dəb xatirinə kitab rəflərimizi “bəzədi”. Bu gün isə onların taleyi məlumdur.
Mətləbdən uzaqlaşmayaq. Bu gün oxucuma fəxrlə söhbət açmaq istədiyim kitab görkəmli dramaturq Nəcəf bəy Vəzirov demiş: “Kitab var ki, bizi ötən əsrlərin varisi edir”. O ötən əsr ki, neçə-neçə söz, amal dahilərimizi bizə güzgünün əks “üzündə” göstəriblər.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlilər, portretlər)” 3 cilddə (Dərslik) kitabı uzun illər qaranlıq qalan bir çox mətləblərə işıq saldı və illər boyu bizə güzgünün əks üzündə göstərilən dahilərimizi doğru, dürüst göstərdi.
Son illər yazı masamın üstündə əvəzolunmaz kitablardan birinə çevrilən bu dərslik haqqında danışmazdan əvvəl deyim ki, onu oxuyarkən neçə illər bundan əvvəl nəşr olunan “Vətən səsi”i qəzetini xatırladım. Bədirxan müəllimin imzasını tanısam da, özü ilə ilk dəfə o qəzetdə görüşdüm. O görüşdən 20-ildən çox vaxt keçməsinə baxmayaraq üz-üzə görüşməsək də imzası vasitəsilə demək olar ki, az qala hər gün müxtəlif qəzetlərdə, jurnallarda, kitablarda görüşürük.
XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxsaylı fundamental elmi araşdırmaların müəllifi olan professor ömrünün son otuz ilini bu sahəyə həsr edib. Ömrünün otuz ilini arxivlərdə, kitabxanalarda keçirərək illərlə toz basmış, saralmış sənədləri, materialları araşdıraraq həqiqətləri üzə çıxarıb, onlara həyat verib.
3 cilddə yazılan bu qiymətli əsərin ikinci cildi (“XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlillər, portretlər)” 2010) daha çox diqqətimi cəlb etdi. Bəzi tədqiqatçıların fikrincə, burada “Azərbaycan ədəbiyyatı tarixinin ən ziddiyyətli, mürəkkəb bir mərhələsinin (1920-1950-ci illər) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir”. Amma mən deyərdim ki, burada təkcə XX əsr Azərbaycan ədəbiyyatı tarixindən deyil, eyni zamanda mətbuatı tarixindən, onun dövrün ədəbi prosesinə, ictimai, xüsusən də siyasi hadisələrə təsirindən bəhs edilir və çox yüksək şəkildə, obyektivcəsinə təhlil edilir. Unutmayaq ki, ötən əsrin əvvəllərində Azərbaycanda azadlıq hərəkatının yüksəldiyi, inqilabi mübarizənin artdığı, maarifpərvərlik meyillərinin tərəqqi tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətdə ən güclü vasitə mətbuat olub. (Bəlkə də buna görə bir mətbuat tarixi tədqiqatçısı kimi dərsliyin bu bölümü məni özünə daha çox cəlb etdi).
Bünövrəsi 19-cu yüzilliyin sonu qoyulan milli mətbuatımızın inkişafı 20-ci yüzilliyin əvvəllərinə təsadüf edir və bu zamandan başlayaraq milli mətbuat maarifçilik, ictimai fikir sahəsində ölkəmizdə milli mənlik şüurunun oyanmasına çox güclü təkan verir. Nəticədə milli ruhlu mətbuatın təbliğatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti qələbə çalır. Mətbuat xalqada da müstəqillik, dövlətçilik duyğularını gücləndirir və hər sahədə quruculuq işləri görülür. Bu işlərin ən güclü təbliğatçısı isə milli ruhlu mətbuatımız olur.
Heç də təsadüfi deyil ki, elə Xalq Cümhuriyyətinin Rusiya bolşevikləri tərəfindən amansızcasına işğalından sonra da ölkədə hakim partiyanın ideyalarının təbliğində mətbuat çox böyük bir rol oynadı. Əksinqilabçı adı ilə müstəqil düşünən, milli mövqedən çıxış edən, xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək istəyən bütün insanlar mətbuatda “xalq düşməni” kimi qələmə verildi. Bütün varlığı, düşüncəsi, hissiyyatı ilə xalqına bağlı olan ziyalılarımız məhv edildi. Türkçülük, azərbaycançılıq ideologiyası yalançı BEYNƏLMİLƏLÇİLİKLƏ (əslində RUSLAŞMA) ilə əvəz edildi. Ölkəmizdə ilk dəfə mətbuat və ədəbiyyatın inkişafı üçün qərar və qətnamələr verilərək ədəbi proses çox güclü şəkildə nəzarət altına alındı. Deməli, bütün bunlar bizə deməyə əsas verir ki, 20-ci yüzilliyin əvvəllərində ədəbi, ictimai, hətta siyasi prosesdə baş verən bütün yeniliklərdə ədəbiyyatımızla yanaşı, mətbuatımız da mühüm rol oynayıb. Ona görə də mən qürurla deyərdim ki, Bədirxan müəllimin bu əsəri təkcə 20-ci əsr Azərbaycan ədəbiyyatı tarixinin deyil, həm də mətbuatı tarixinin tədqiqi üçün çox dəyərli və sanballı əsərdir. (Baxmayaraq ki, əsrdə qeyd edilir ki, “ədəbiyyat tarixinin müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün zəngin mənbə ola bilər”. Əslində əsər mətbuat tarixinin də müxtəlif problemləri ilə maraqlanan tədqiqatçılar üçün də dəyərli mənbədir).
Dərsliyin birinci bölmü “Proletar hegemoniyası dövrünün ədəbiyyatı (iyirminci illər)” adlanır. Müəllif bu bölümdə çox ustalıqla dövrün özünəməxsusluğunu, Vətəmçilik və Cümhuriyyətçiliyin (zor gücünə) beynəlmiləlçiliklə əvəz edilməsində ədəbiyyatın, mətbuatın oynadığı rolu açıb göstərə bilib.
Unutmayaq ki, ədəbiyyatımızda və mətbuatımızda 1920-50-ci illər ayrıca bir mərhələni təşkil edir və elə ötən əsrdə tənqidə məruz qalan da məhz bu dövrün ədəbi məhsulları olmuşdur. Çünki sovet ədəbi tənqidinin yanaşma prinsipi yalnız sosrealizm ədəbi-tənqidi metodologiyasını tətbiq edərək bütün ədəbi nümunələri “sovet ədəbiyyatı”, “sovet mətbuatı” prizmasından dəyərləndirməyə çalışırdı. Amma sözsüz ki, sosrealizim çərçivəsindən kənara çıxanlar oldu və bu gün onlar yenidən “ədəbi dövriyyəyə daxil olmaq” imkanı əldə edirlər. Bax buna görə hörmətli professor B.Əhmədov “həmin dövrün ədəbi, bədii düşüncəsini yenidən araşdırmaq və metodoloji cəhətdən dəyərləndirmək” üçün belə bir gərgin zəhmət tələb edən işin ağırlığını öz üzərinə götürüb. Zəhmətdən əlavə hələ qarşıya çıxan çətinliklər yəqin ki, hər bir ədəbiyyat və mətbuat tədqiqatçısına bəllidir. Məsələn, 1920-50-ci illərə qədər olan ədəbi prosesin yazılmaması, bəzi ədəbi məhsulların hələ də sağlam tədqiqata cəlb edilməməsi və aydınlıq gətirilməməsi və s.
Yuxarıda qeyd etdik ki, müəllif əsərində çoxsaylı mətbu orqanlarından və onların o zaman ədəbi, siyasi prosesdə oynadığı roldan geniş şəkildə söhbət açır. Məsələn, “Hücum”, “Mədəniyyət və maarif”, “Ədəbiyyat cəbhəsi”, “Mədəniyyət və inqilab”, “Yeni yol”, “Yeni fikir”, “Kommunist”, “Gənc işçi”, “Füqəra füyuzatı”, “Ədəbiyyat”, “Dan ulduzu”, “Qığılcım”, “Oktyabr alovları” və s. qəzet və jurnallar, onların yazarları, mövzu dairəsi haqqında çox ətraflı məlumat verir. Müəllif bu mətbu orqanlarından danışarkən haqlı olaraq qeyd edirdi ki: “1920-ci ilin sonlarından başlayaraq Rusiya ədəbi mühitində baş verən hadisələr bir başa olaraq Azərbaycana öz təsirini göstərməyə başlayır. Odur ki, ədəbi proses ədəbi qanunlarla deyil, siyasi göstərişlər, mülahizələr əsasında işləməyə başlayır”.
Bəzi ədəbi cəmiyyətlərin, birliklərin və təşkilatların orqanları olan bu mətbuat orqanları birbaşa Mərkəzin diqtəsi ilə fəaliyyət göstərirdi. Lakin bunların arasında milli ruhu ilə seçilən “Yaşıl qələm” və “Türk ocağı” ədəbi dərnəklərinin özünəməxsusluğunu qeyd edən tədqiqatçı alim onlara qarşı bolşeviklərin ittihamlarını da faktlarla əks etdirib. Bütün bu işlərə ilk olaraq Mərkəz, sonra isə Azərbaycan Mərkəzi Komitəsinin təbliğat şöbəsi güclü nəzarət edərək istiqamət verirdi. Məqsəd isə yalnız və yalnız sosializm cəmiyyətinin qurulmasında mətbuatdan, ədəbiyyatdan təbliğat vasitəsi kimi istifadə etmək idi.
Ədəbiyyatı, mətbuatı proletarlaşdıran hökumət proletar üslubunun yeganə yaradıcılıq üslubu olduğuna yazarları inandırmağa çalışırdı. Odur ki, “ədəbiyyat (həm də mətbuat Q.D) hakim ideologiyanın ruporuna çevrildi” söyləyən tədqiqatçı tamamilə haqlıdır. Bu ideologiya isə xalqı dünənindən, sağlam keçmişindən, adət-ənənəsindən uzaqlaşdıraraq ruslaşma siyasətinə xidmət edirdi. Bax elə buna görə bu gün bir çox qaranlıq mətləbləri işıqlandıran “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlilər, portretlər)” əsərinə çox böyük ehtiyac duyulur.
Dərslikdə maraqlı bölmələrdən biri də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün poeziyasından bəhs edilən bölmədir. O poeziya ki, başdan-ayağa milli ruhu təlğin edirdi. Odur ki, Azərbaycan poeziyasının 20-ci illər mərhələsi uzun illər ədəbi-tənqid və ədəbiyyatşünaslıq tərəfindən düzgün qiymətləndirilməmiş. Bolşevik diktaturasının yaratdığı xof, qorxu, təhdid və təzyiq yaradıcı insanların çoxunu bu yoldan döndərə bilsə də Cavidlər, Müşfiqlər, Cavadlar, Ümgülsümlər, Seyid Hüseynlər, Şahbazilər sona kimi əqidələrinə sadiq qaldılar. Qarşımdakı bu kitab o sadiqlərin ədəbi irsini bizlərə doğru-dürüst bəyan edir.
Bədirxan müəllim bütün əsər boyu 1920-50-ci illərdə Azərbaycanın düşdüyü çıxılmaz, çətin və ziddiyyətli vəziyyəti, Azərbaycanı Mərkəzə bağlayan bolşevik təfəkkürlü “millət xadimlərimizin” bu işdəki “əvəzsiz rolu”nu faktlar və dəlillərlə oxucusuna çatdıraraq onu qaranlıq mətləblərdən hali edir. Tədqiqatçı alim dövrün metodoloji və ideoloji əyintilərini böyük sənətkarlıqla əks etdirir.
Dərsliyin ikinci bölmündə xalqımız üçün heç zaman sağalmayan yaraları “bəxş edən” dəhşətli repressiyalar dövrünün ağrı-acılarından bəhs edilir. Ziyalılarımızın hansı dəhşətləri yaşadığını, taleyin hansı faciələrdən keçərək yazıb-yaratdıqlarının şahidi olursan bu bölümdə. Müəllif qeyd edir ki; “bu illər ədəbi irsə, klassikaya, eləcə də ənənə və milli mentalitetə nihilist münasibət daha da güclənir”. “Ədəbiyyat cəbhəsi”, “Hücum”, “İnqilab və mədəniyyət” jurnallarındakı çıxışların “prokuror ədası” xarakteri alması ədəbi prosesdə daha amansızlıqlara gətirib çıxarır. Belə ki, ölkədə yenidən təşkilatlanma prinsipi ilə keçirilən ədəbi müşavirə və qurultaylar hakim partiyanın əlində kəskin silaha çevrilir. Və ən dəhşətlisi o olur ki, Azərbaycan ziyalısı üz-üzə qoyularaq, bir-birinə düşmən kəsilir. Bu bölmədə müəllif MK “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1923, 23 aprel) qərarından və həmin qərarın bir neçə il sonra Azərbaycan ziyalısının qəniminə çevrilməsində dövrü mətbuatın “oynadığı rolu” oxucusunun diqqətinə çatdırır. Onu da qeyd edim ki, bu bölümdə dövrü mətbuatın materiallarından daha çox istifadə edilib. Bu fakt özü bir daha sübut edir ki, bolşevikləşmiş sovet mətbuatımız o zaman ən güclü təbliğat vasitəsi olub.
Mətbuat bu gücünü İkinci Dünya müharibəsi illərində də çox məharətlə yerinə yetirmişdir ki, bu haqda isə müəllif üçüncü bölümdə danışır. Qırx-əllinci illər ədəbiyyatının, mətbuatının, ədəbi mühitinin fəaliyyətindən bəhs edən müəllif bu illərdə siyasi hakimiyyətin dəyişməsinin ədəbi mühitə necə təsir etməsini və ədəbi mühitdə yeni təmayüllərin təzahürünü göstərir.
Dördüncü və beşinci bölmədə Azərbaycan mühacirət və Cənubi Azərbaycan ədəbiyyatının, ədəbi mühitinin inkişafından, siyasi mənzərəsindən, mövzu və problematikasından, milli ruhun ədəbi düşüncədəki əksindən bəhs edilir. Ümumiyyətlə, çox zəngin arxiv sənədləri və dövrü mətbuat materialları ilə əhatə edilən dərsliyin əsas xüsusiyyətlərindən biri yeni materialların cəlb edilməsi, ədəbi prosesdə ədəbiyyatın, həm də mətbuatın inkişaf istiqamətlərinin yeni tendensiya ilə araşdırılması və təhlil edilməsidir.
Fransız yazıçısı Emil Moro yazırdı ki: “İki cür oxucu var: birincisi öyrənmək, digəri isə unutmaq üçün oxuyur”. Mənə elə gəlir ki, Azərbaycan oxucusu “XX əsr Azərbaycan ədəbiyyatı tarixi (icmallar, təhlillər, portretlər)” kitabını uzun illər ona qaranlıq qalan mətləbləri öyrənmək üçün oxuyacaq və düşünəcək.
Qərənfil Dünyaminqızı
Filologiya üzrə fəlsəfə doktoru