Böyük mənada ədəbiyyat və sənət hər zaman xalqlara, insanlığa, bəşəriyyətə qarşı məsuliyyətlə yanaşır, coğrafiyanın, torpağın, mədəniyyətlərin qarşılaşdığı problemlərə reaksiyasız qalmır. Ədəbiyyatçılar müharibənin, qanlı savaşların insanlığı məhv etdiyini bilir, bütün bunlar qarşısında mənəvi iztirab duyurlar. Bəli, sənətin və ədəbiyyatın sərhədi yoxdur. Yaxşı ədəbiyyat və sənət nümunəsi hətta müharibələri, savaşları dayandırmaq, xalqları dostlaşdırmaq gücünə də malikdir. Çünki ədəbiyyat hər zaman sülhdən yanadır. Bilir ki, hər cür pislik, savaş ədəbiyyatla, sənətlə yox olmağa qadirdir. Yazıçı müharibə, qarışıqlıq dövründə bütünləşdirici rol oynayır.
Lakin tarix boyunca bir sıra yazıçılar təkcə yazmaqla kifayətlənməyib, yaşadıqları dövrə və coğrafiyaya rast olan müharibələrdə, savaşlarda, müqavimət hərəkatlarında aktiv iştirak edərək, təkcə qələmləriylə deyil, silahlarıyla da fərqli cəbhələrdə xidmət göstərərək inandıqları amallar və vətənləri üçün savaşıblar. Bu yazıda dünya və Azərbaycan ədəbiyyatında müharibələrdə iştirak etmiş, qələmləriylə bərabər, silahlarıyla da öz vətənlərinə, xalqlarına xidmət göstərmiş ədiblərdən danışacağıq.
lll
Dünya ədəbiyyatının ən böyük yazıçılarından Lev Tolstoy 1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatılıb. Sonra əsgərliyi başa vurub Peterburqa gedib. Onun "Hərb və Sülh" romanı dünya ədəbiyyatında müharibəyə həsr olunmuş ən möhtəşəm əsərlərdən biridir.
Böyük rus yazıçısı, şairi Mixail Lermontov 1832-ci ildə universiteti tərk edərək Hərbi Məktəbə daxil olur. 1834-cü ildə leytenant rütbəsi ilə məzun olub hərbi karyerasına Sankt-Peterburqda süvari kimi başlayır.
Ədəbiyyat və sənət də daxil olmaqla, bütün dünyaya ən çox təsir etmiş, təsirləri hətta bu günə kimi davam etmiş ən böyük müharibələr XX əsrdə yaşanmış Birinci və İkinci Dünya müharibələridir. Dünya və yerli ədəbiyyatımızda hər iki müharibəyə həsr olunmuş əsərlər kifayət qədərdir. Bu əsərlərin bir çoxunun əsas özəlliyi odur ki, müəllifləri sözügedən müharibələrdə iştirak edib, yazdıqlarının şəxsən iştirakçısı və şahidi olublar.
I Dünya müharibəsinə qatılan məşhur ədiblərdən biri amerikalı yazıçı Ernest Heminqueydir. O, orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Alman yazıçısı Henrix Böllün yeniyetməlik və ilk gənclik illəri vətənində nasizmin tüğyan etdiyi dövrə düşmüşdü. Gimnaziyada hitleryugend təşkilatına qoşulmaqdan boyun qaçırsa da, Köln Universitetində oxuduğu 1939-cu ildə səfərbərlikdən yayına bilməmişdi. Kapral Henrix Böll 6 il Fransa, Rumıniya, Macarıstan və SSRİ ərazisində döyüşlərdə iştirak etmiş, bir neçə dəfə yaralanmışdı. 1945-ci ildə amerikalılara əsir düşmüşdü. Bir müddət Fransanın cənubundakı həbs düşərgələrində saxlanıldıqdan sonra Qərbi Almaniyaya qayıtmışdı.
Yaradıcılığa müharibə mövzusu ilə başlayan yazıçı ilk mətbu əsərində - "Qatar vaxtında gəldi" (1949) povestində alman gənclərinin müharibə illərində üzləşdikləri faciələri öz acı həyat təcrübəsindən çıxış edərək göstərməyə çalışmışdı. Hərb illərinin faciələri və müharibədən sonrakı dövrün çətinlikləri Henrix Böllün "Yolçu, sən Spaya gələndə..." (1950), "Harada idin, Adam?" (1951), "O illərin çörəyi" (1955) kimi roman və povestlərinin də əsas mövzusu olmuşdu.
Alber Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdi. O, Fransa vətəndaşı idi. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və ardıcıl mühazirələr deməyə başladı.
II Dünya müharibəsinin başlanmasını və Fransanın işğalını bir çox həmvətənləri kimi, Jan-Pol Sartr da şəxsi faciəsi kimi yaşamışdı. Görmə qabiliyyəti zəif olduğundan o, döyüşən orduda deyil, meteoroloji hərbi hissədə xidmət edirdi. Alman hərbi birlikləri Parisə daxil olarkən yazıçı əsir alınmış, bir müddət Trier yaxınlığındakı həbs düşərgəsində saxlanmışdı. Yalnız 1941-ci ildə həbsdən qurtulub Parisə qayıda bilmişdi. Təbii ki, müharibə dövründə siyasət Jan-Pol Sartrın həyatında daha önəmli yer tutmuşdu. O, birbaşa Müqavimət hərəkatı sıralarına qatılmasa da, bu hərəkata yardım cəmiyyəti təşkil etmişdi. Alber Kamyu ilə ilk tanışlıqları da həmin cəmiyyətdə olmuşdu. Müharibə illərində müəllif özünün "Milçəklər" (1943), "Bağlı qapı arxasında" (1944) pyeslərini, habelə iri həcmli "Mövcudluq və heçlik" (1943) fəlsəfi traktatını qələmə almışdı.
Alman yazıçı Arno Şmidt 1939-cu ildə II Dünya müharibəsində Vermaxa qatılıb. Ordudaykən topçu kimi savaşıb. Öncə Alsasda, sonra Norveçdə döyüşüb. 1945-ci ildə Aşağı Saksoniyada ingilislərə təslim olub.
Başqa bir alman şair, dramaturq Volqanq Borxert II Dünya müharibəsində iştirak edərək 1942-ci ildə yaralanır. Qəsdən özünü yaraladığı şübhəsiylə 3 ay həbs yatır, ancaq sonra bəraət alır. Lakin məktublaşmalarına görə xainliklə günahlandırıldığından həbsi davam edir. Cəbhəyə göndərilmək şərtiylə 6 həftə həbsdə olur. Yenidən döyüşlərə qatılır və bu dəfə ayaqlarının donmasına görə hərbi xəstəxanaya düşür. Sarılıq və difteriyaya yoluxur. Uzun və ağır macəralardan sonra yalnız 1945-ci il mayın 10-da Hamburqa qayıdır.
Şair Şocentsuk Aliy II Dünya müharibəsinə qatılıb, əsir düşüb və Hitler tərəfindən güllələnib.
Cord Oruell faşizmə qarşı mübarizə əzmi nəticəsində 1937-ci ildə İspaniya vətəndaş müharibəsinə qatıldı. İspaniyaya gəldikdən sonra inqilabi partiyanı (Partido Obrero de Unificacion Marxista) dəstəkləməyə başladı. Müharibə boyu bir çox təhlükələrdən sağ çıxdı və sonda boynuna dəyən güllə sol əlini iflic etdi. Xəstəxanadan çıxandan sonra həyat yoldaşı ilə birlikdə Fransaya göndərildi. Orada o, müharibə təcrübələrini və müşahidələrini təsvir etdiyi "Kataloniyaya salam" kitabı üzərində işləməyə başladı. O, kitabında yazırdı: "Bəzi hallarda döyüşmək və məğlub olmaq heç döyüşməməkdən yaxşıdır".
Bundan başqa, Samuel Bekket, Giokonda Belli, Subhadra Kumari Cauhan, Agostinho Neto, Rigas Feraios, Juana Manuela Gorriti, Patrik Fermor, Yaroslav Hasek, Frantz Fanon, Alfred Andersc, Türkiyə ədəbiyyatçılarından Orhan Seyfi, Celal Sahir, Hamdullah Suphi, Ömər Seyfəddin və başqaları da müxtəlif müharibələrdə, müqavimət hərəkatlarında iştirak etmiş qələm adamlarıdır.
lll
Azərbaycan ədəbiyyatı və ədəbiyyatçıları da dünyada başqa verən proseslərdən kənar qalmayıb, xüsusən II Dünya savaşında bir qismi birbaşa döyüşüb, digər qismi isə mütəmadi olaraq cəbhələrə gedib əsgərlərin yanında olublar.
Hüseyn Arif II Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olur və orada yaralanır. Müalicə olunandan sonra Moskva Hərbi mühəndislik məktəbinə göndərilir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olur. 1946-cı ildə ordudan tərxis olunur.
Nəbi Xəzri 1942-43-cü illərdə II Dünya müharibəsində iştirak edir. Müharibədə çox ağır xəstələndiyi üçün tərxis edilir.
Ədəbi tənqidçilərin yazıçılıqdan əlavə, həm də qəhrəman döyüşçü kimi xatırladıqları Əbülhəsən müharibədə bir neçə dəfə ölümdən möcüzəli şəkildə xilas olub. Xalq yazıçısının "Dünya qopur", "Müharibə" və "Dostluq qalası" kitabları müharibədən bəhs edir.
Ənvər Məmmədxanlı müharibə dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olur. Sonra yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilir. Təbrizin "Vətən yolunda" ordu qəzetində xüsusi müxbir kimi çalışır. 1946-cı ildə ordudan tərxis olunan yazıçının bu qanlı müharibədən bəhs edən sarsıdıcı əsərləri var.
İsmayıl Şıxlı II Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə - Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər olub. Onun müharibədə yazdığı "Cəbhə gündəlikləri" kitabı bu gün də sevilərək oxunur.
Bayram Bayramov müharibənin əvvəlindən Mozdok uğrunda döyüşlərdə iştirak edir və 1942-ci ildə ağır yaralanır. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarına qayıdır.
Hüseyn Abbaszadə II Dünya müharibəsinin ilk günlərindən cəbhəyə gedir və şücaətinə görə "Birinci dərəcəli Böyük Vətən Müharibəsi" ordeninə layiq görülür.
Qılman İlkin, Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev və İlyas Əfəndiyev kimi xalq yazıçı və şairləri isə dəfələrlə 416-cı diviziyada, eləcə də cəbhənin ayrı-ayrı nöqtələrinə gedib döyüşçü əsgərlərlə görüşüblər.
Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Qarabağ müharibəsi və böyük zəfərlə nəticələnən Vətən müharibəsində də şair və yazıçılarımız xüsusi canfəşanlıqla iştirak etmişlər.
Şair Emin Piri ilk gündən leytenant olaraq qatıldığı Vətən müharibəsində baş leytenant rütbəsi alıb. Son günə qədər qəhrəmancasına döyüşdüyü müharibədən qalib əsgər kimi qayıtdıqdan sonra qələmə aldığı müharibə xatirələri mətbu orqanlarda çap edilməkdədir.
Şairlər Oğuz Alparslan, Toğrul Kərimli, Həsən Kür, Elvin Məmmədli, Səbuhi Qurbanov, Orxan Səlifov, Nicat Ağayev, Cavid Əlioğlu, Tamerlan Əsədov, Vüsal Hətəmov, Eyvaz Əyyub, jurnalist İlham Tumas, yazıçı-jurnalist Taleh Şahsuvarlı və başqaları da Vətən müharibəmizdə şücaətlə döyüşüb, Qarabağımızın 30 illik işğalına son qoyaraq qələbəylə geri dönüblər. Müharibədə gördükləri, yaşadıqları qələmlərinə mövzu olan şairlərin vətənpərvərlik mövzulu şeirləri bu gün ciddi maraqla qarşılanır.
Şəhanə Müşfiq