Cəlbedici dizayn dedikdə bir çox insan qarışıq, daha çox animasiyalar istifadə edilən dizaynlar nəzərə alır. Lakin özünə sual vermir ki, mən bir istifadəçi kimi bu dizaynda olan platformanı (veb sayt və ya mobil tətbiqi) istifadə edərəm? Bəlkə də bu sualı verir, ancaq öz məhsulu olduğu üçün "əlbəttə" cavabı tapır. Düşünmək lazımdır ki, bu məhsul haqqında heç bir məlumatı olmayan şəxs ilk tanışlıqda onu istifadə edə biləcək?
Məqalədə bu suallara birlikdə cavab tapmağa çalışacaq və müştərilərimizin tələblərinə uyğun, rahat istifadə edə biləcəkləri dizayn yaratmaq üçün mərhələlərdən bəhs edəcəyik.
İstifadəçi dostu (UserFriendly) dizayn necə yaratmaq olar?
Tehsil.biz techland.az-a istinadən bildirir ki, araştırmalara görə insanlar gün keçdikcə estetik olaraq sadə hazırlanmış, mövzusu birbaşa və asan başa düşülən, rahat işlədilə bilən dizaynları daha cəlbedici görürlər. Bundan əlavə həmin platformanın (veb sayt və ya mobil tətbiq fərq etmədən) sürətli yüklənməsi və keçidlərdə sürətli olması da istifadəçilərin qərarına təsir edir.
Son illərdə insanların bu seçimlərini nəzərə alan dizaynerlərin minimalist dizayna keçid etmələri də buna görə təəccüb doğurmur. Ancaq qeyd etmək lazımdır ki, minimalizm "Asan Dizayn" mənasına gəlmir. Əksinə bu anlayış dizaynerlər üçün bəzən böyük problemə çevrilir.
Minimal dizayn platformanın birbaşa məqsədinə xidmət etməyən bütün funksiyaların çıxarılması mənasına gəlir. Bundan sonra platforma sadəcə öz lazımlı funksiyasını yerinə yetirən bir vasitə kimi ortaya çıxır. Buna görə də minimal dizayn hazırlayarkən bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.
Mesajı net olaraq verməlidir
Bir veb sayt və ya mobil tətbiq yaratmazdan əvvəl onun funksionallığını və verəcəyi mesajı təyin etməlisiniz. Burada markanızın fəaliyyəti istiqamətində bir məqsəd götürməli və ona uyğun bir mesaj seçimi etməlisiniz. Dizayn mərhələsində isə bu məqsəddən kənara çıxmamalısınız.
Nəzərə alaq ki, hər hansı məhsulunuzu satmaq üçün bir veb sayt hazırlayırsınız. Bu zaman, istifadəçi sayta daxil olan anda həmin məhsulu görməli və bir kliklə alış səhifəsinə keçid etməlidir. Əgər istifadəçi sayta daxil olduqda alış səhifəsinə keçid düyməsini saniyələrlə axtarırsa o istifadəçini böyük ehtimalla itirirsiniz.
Diqqət dağıdan ünsürlər minimuma endirilməlidir
Burada nəzərə aldığımız diqqət dağıdan ünsürlər pop-up reklamlar, gərəksiz şəkil və məlumatlar və sairdir. Platformanızın dizaynını dəyərləndirməli və orada məqsəddən xaric olan bütün ünsürləri çıxarmalısınız.
Bu mərhələdə istifadə edəcəyiniz ən yaxşı üsul 80-20 qanunudur. Bu qanuna əsasən istifadəçilərinizin 80 faizi platformanızın sadəcə 20 faizini istifadə edəcək. Buna görə də yeni xüsusiyyətlər əlavə etməkdənsə əvvəlki 20 faizlik xüsusiyyəti daha da təkmilləşdirməyiniz istifadəçilərinizi sevindirər.