Həcmli kitablar oxumağa vaxtınız, ya da səbriniz yoxdursa, bu o demək deyil ki, kitablardan uzaqlaşmalısınız. Ədəbiyyatda oxumaq üçün çox vaxt tələb etməyən maraqlı əsərlər də var. Bunları sizə təqdim edirik:
Ernest Heminquey : “Kilimancaro qarları”
Ernest Miller Heminquey amerikalı yazıçı və jurnalist. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır, bunu Aysberq üslubu adlandırırlar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul onun həyat macəraları və ictimai adı ilə birlikdə XX əsr belletristikasında təsirli iz buraxdı. Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir. Onun məşhur "Kilimancaro qarları" adlanan kitabı Hari adlı yazıçının xanımı ilə Afrikada səyahətdə olan zaman qanqrenadan ölməsindən bəhs edir. Heminqueyin “itirilmiş nəsli”nin nümayəndəsi olan Hari sevgisiz və xoş güzəran xatirinə ailə qurduqdan sonra bütün həyatı və istedadı məhv olur.
Ceyms Coys: “Evelin”
İngilis ədəbiyyatının ən uzun əsərlərindən olan “Uliss” romanının müəllifi C.Coys, eyni zamanda, İrlandiya xalqının həyatından bəhs edən çoxlu hekayələr də yazıb. Bu əsər isə ailəsinə olan borcu və sevgilisi ilə xaricdə daha yaxşı yaşamaq imkanı arasında seçim etməli olan gənc qızın taleyi haqqındadır.
Virciniya Vulf: “Sehirli ev”
Modernizim cərəyanının yaradıcılarından biri kimi tanınan Vircinia Vulf ingilis ədəbiyyatında öz novatorluğu ilə seçilirdi. O öz əsərlərində modernizm ədəbi priyomlarından sayılan "şüur axını"ndan geniş istifadə edirdi.Onun adı Ceyms Coys, Frans Kafka, Marsel Prust, Uilyam Folkner kimi yazarlarla bir sırada çəkilir. Onun qısa,lakin çox maraqlı əsərlərindən biri də "Sehirli ev"dir. Təxminən 700 sözdən ibarət bu əsər V. Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. “Sehirli ev” iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehirli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.
Corc Oruel : “Filin güllələnməsi”
İngiltərə yazıçısı C.Coruel XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir. Onun qısa məzmunlu əsərlərindən biri "Filin güllələnməsi"dir. Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.
Rey Bredberi : “İldırımın səsi”
Rey Duqlas Bredberi amerikalı yazıçı və ssenarist XX-XXI əsrlərdə çox tanınan yazıçılardan biri olmuşdur. Əsərləri yalnız fantastika janrındadır.Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun “İldırımın səsi” əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və “kəpənək effekti” adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.
Oskar Uayld: “Bülbül və qızılgül”
Oskar Uayld görkəmli irland yazıçısı Oskar Uayldın «Dorian Qreyin portreti», «Ciddi olmaq nə qədər vacibdir», «İdeal həyat yoldaşı» və digər əsərləri bütün dünyada çox məşhurdur. Onun qısa əsərlərindən biri olan"Bülbül və qızılgül" insanlar tərəfindən çox sevilmişdi. Oskar Uayld «Bülbül və qızılgül»də sevgi və fədakarlıq mövzusuna daha ciddi yanaşaraq nağılvari üslub seçib. Özünü sevgi uğrunda qurban verməyə hazır olan bülbül nağıllarda rast gəlinən bir xarakter olsa da, sevgililər tamamilə gözlənilməz yollarla addım atır.
Frensis Skott Fitscerald : “Ritz böyüklüyündə brilyant”
Frensis Skott Fitcerald məşhur ABŞ yazıçısıdır.”Böyük Qetsbi” romanı ilə tanınan Fitscerald bu hekayəsi ilə yenidən varlıların həyatına səyahət edərək onları kəskin tənqid edib.
Qabriel Qarsia Markes: “Nəhəng qanadları olan qoca kişi”
Markesin sehirli realizm üslubunun meyvəsi olan “Nəhəng qanadları olan qoca kişi”əsərində həyətlərindən mələk tapan cütlükdən bəhs olunur. Tezliklə bütün şəhərə mələyin gələcək taleyi və onun niyə uça bilməməsi ilə bağlı müxtəlif fikirlər yayılır.