Logo

Məhəbbətin işığında... - MƏQALƏ

01.10.2023 12:40 311 baxış
IMG

Dünyada elə insanlar var ki, onun haqqında danışanda şəninə yaraşan bəlağətli söz tapıb söyləmək çətin olur. Belə insanlar xalqın azadlığı, müstəqilliyi, firavan yaşamaları naminə ömrünü şam kimi yandırıb əridənlərdir. Onların tutduğu yol bəşəriyyəti böyük təkanla işıqlı sabaha doğru aparan yoldur. Bu yolun üfüqləri çox-çox uzaqlarda bərq vurur və onun sonuna çatmaq üçün illər boyu yol qət etmək lazım gəlir. Şüurlu həyatını xalqına həsr edən insanlar bu yolu asta-asta, aramla, dərə-təpədən keçərək və yeni cığırlar açmaqla iz qoyub gedənlərdir. Bu müqəddəs yolun dolanbac döngələrində büdrəsə də, yıxılmır və qəddini düzəldərək ahəstə addımlarla inamla hey gedir, gedir... Haraya gedib çıxacağını bilmir. Ancaq yenə də inamından dönmür ki, dönmür... Belə yol gedən şəxslərdən biri də bənzərsiz elm fədaisi, xeyirxah insan olan Xudu Surxay oğlu Məmmədovdur. Elmi ilə bahəm o, böyük fədakar vətəndaş, nəcib insan, el-oba dərd-sərini çəkən xeyirxah bir şəxsiyyət idi. 61 illik ömür yolunda heç kimə əyilmədən, məğrur və Vətənini sonsuz məhəbbətlə sevərək yaşadı. Qarabağ – bütöv Azərbaycan Xudu Məmmədov üçün müqəddəs ocaq, heç nə ilə əvəz olunmayan Ana, qibləgahdır.

Qarşımızda olduqca maraqlı bir kitab dayanıb. Bu görkəmli alim, kristalloqraf, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Surxay oğlu Məmmədovun ömür yoluna işıq salan “İşıqlı zirvə” kitabıdır. Kitabın müəllifi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor İxtiyar Bəhrəm oğlu Bəxtiyarlıdır. Müəllif kitabı yazması səbəbini belə şərh edir: “Yaddaşlara hopub yaşayan Xudu müəllimin tam portretini həyatı faktları sadalamaqla yaratmaq çox çətindir. Lakin onun anlaşıla bilən şəkildə gələcək nəsillərə çatdırılması üçün haqqında yazılar yazmaq, söz demək, fikir söyləmək, nəinki lazımdır, hətta çox vacibdir! Bu məqsədlə də mən Xudu müəllimlə bağlı bildiklərimi, eşitdiklərimi və aktiv müşahidələrimlə öyrəndiklərimi janrı haqqında heç fikirləşmədiyim bir kitab şəklinə salmaq qərarına gəldim. Mən necə məsuliyyətli bir işə girişdiyimi bilirdim. Lakin qəlbimdə Xudu müəllimə olan sevgiyə, səmimiyyətə güvənib, bu məsuliyyətdən qorxmadım”.

Müəllif dünya şöhrətli kristalloqraf, fədakar elm fəadisi, alovlu vətənpərvər Xudu müəllimin həyat və elmi fəaliyyətini böyük sevgi və məhəbbətlə incələmişdir. Kitaba “Görkəmli kristalloqraf, vətəndaş – elmi”, “Səadəti oğurlanan uşaqlığım”, “İşıqlı zirvəyə aparan yol”, “Zirvələr zirvədən aydın görünür”, “Təbiəti müşahidə”, “Vətəndaşlıq ləyaqəti” və “Müəllifdən” adlı müxtəlif illərdə qələmə alınmış yazılar daxil edilmişdir. Hər bir bölmədə Xudu Məmmədovun həyatında baş verən müəyyən anlarla oxucular yaxından tanış olur.

“İşıqlı zirvə”də yer alan ilk fəsil “Görkəmli kristalloqraf, vətəndaş - alim”dir. Müəllif fəslə müdrik şəxsiyyətlərdən olan Avraam Linkolnun “Özlərini Napoleon hesab edənlərin arasında bir nəfər də olunsun Bonapart yoxdur” sözlərini epiqraf seçmişdir. Öncə prof. İ.Bəxtiyarlı görkəmli kristalloqraf alim Xudu müəllimin dövrə yenilik gətirən “Ksonotlitin kristal qurluşu” adlı namizədlik dissertasiyasına diqqət çəkir. Onun sənayeyə gətirdiyi yeni tərkibli sementdən danışır. İkinci Dünya savaşında ərazisində müharibə gedən şəhər və kəndlər yerlə yeksan edilmişdir. Müharibədən sonrakı illərdə şəhər və kəndləri bərpa etmək üçün “yüksək bağlayıcılıq keyfiyyətinə malik sement istehsalı” əsas məsələlərdən biri kimi ortaya çıxmışdır. Bu, bütün dünya alimlərinin qarşısında duran ən ümdə vəzifə kimi qoyulmuşdur. Buna görə də 1952-ci ildə Londonda III Beynəlxalq Sement Kimyası Konqresi keçirilirdi. Konqresə tanınmış ingilis alimi, professor Con Bernal rəhbərlik edirdi. O, “sementin bərkimə və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər” fikirlərini önə çəkir. Bu tədqiqatçı alimlərin qarşısına qoyulan ən əsas məsələ idi. 1955-ci ildə bu məsələni SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda akademik Nikolay Vasilyeviç Belovun elmi rəhbərliyi altında Xudu Məmmədov icra etdi. “O, sement silikatlarında ksonotlitin və vollastonitin quruluşunu açdı və bağlayıcılıq xassəsinin quruluşla əlqədar olduğunu sübut etdi”.

Alim göstərir ki, Xudu Məmmədov “Üçlü pik” teoremini vermiş və onu isbat etməklə Paterson sintezi üçün çətinlik törədən örtmələri aradan qaldıraraq bir çox mürəkkəb kristalların quruluşlarının açılmasına şərait yaratmışdır. Q.Lipson və V.Kokrenin “Kristalların quruluşunun təyini” (Moskva, 1956) dərsliyində X.S.Məmmədovun simmetriya mərkəzlərinin Paterson sintezinə əsasən təyininin sadə üsulu göstərildiyi qeyd edilir.

İlk dəfə Xudu müəllim sübut etmişdir ki, sement silikatların yapışdırıcılıq xassəsi həmin kristalların quruluşunda portlandit bloklarının olmasıdır. Bu zaman da sement bərkiyərkən quruluşunda dəyişmə yaranır və ksonotlit vollastonitə çevrildiyi fikrini müəllif səsləndirir. Sonra prof. İ.Bəxtiyarlı görkəmli ingilis alimi Con Bernalın Xudu Məmmədovun kəşfi haqqında dediyi sözləri xatırlamışdır: “... Britaniyada və başqa ölkələrdə bir çox kristalloqraflar həmin problemi həll edə bilməmişlər. Hesab edirəm ki, cənab Məmmədovu öz nəaliyyətləri münasibəti ilə təbrik etməyə dəyər”. Bundan əlavə, prof. Con Bernal X.Məmmədova özünün “Həyatın başlanğıcı” monoqrafiyasını göndərmiş və kitaba yazdığı avtoqrafda demişdir: “Doktor X.Məmmədovun kristal kimyasına verdiyi töhfə canlı həyatla mineral kimyası arasında körpü salmışdır”.

Akademik A.V.Şubinikov “Kristallar elm və texnikada kitabında” yazır: “1955-ci ildə N.V.Belovun rəhbərliyi ilə X.S.Məmmədovun ksonotlit və vollastonitin quruluşunun öyrənilməsinə dair dissertasiya işi rentgen quruluş analizi sahəsində dövrün ən böyük nailiyyətidir...” 1970-ci ildə X.Məmmədov “Kalsium slikatlarının kristallokimiyası” adlı doktorluq disertasiyasında kalsium silikatların və mineralların mürəkkəb quruluşunu öyrənməklə böyük bir yeniliyə imza atdı. Prof. İ.Bəxtiyarlı bənzərsiz alim X.Məmmədovun kalsium silikatlarının kristallokimyəvi təsnifatını nizama salaraq bağlayıcılığın kristollokimyəvi nəzəriyyəsinin əsasını qoyduğunu və bununla da minerallar kimyasında yeni bir fəsil yaratdığını və aşkar etdiyi sement slikatlar ilə bir sıra qeyri-üzvi maddələr-boratlar, karbonatlar, oksiberillatlar, fosfatlar, sulfidlər və s. arasında quruluş analogiyası olduğunu söyləyir. X.Məmmədov C.Bernal və N.V.Belovdan sonra kristallokimyanın ümumi nəzəri problemlərinin həlli sahəsində dünya lideri səviyyəsinə qalxmışdır. X.Məmmədov prof İ.Bəxtiyarlını ifadəsincə desək, öncədən Lütfi Zadə və Rafiq Əliyevin qeyri-səlis məntiqini fəhmlə hiss etmişdir.

“Naxışların yaddaşı” kitabında X.Məmmədov sübut edir ki, kristalloqrafiq naxış yaradıcılığı eramızdan öncə ən çox türk xalqlarında geniş yayılmışdır. Sibir, Altay, Orta Asiya, Türkiyə, İran və Azərbaycanda aparılan arxeoloji araşdırmalar bunu sübut edir. Alim bu sahədə apardığı tədqiqatları ümumiləşdirərək müəyyən etmişdir ki, xalq sənətimizin bütün növləri - naxış yaradıcılığı, memarlıq, rəssamlıq, musiqi eyni kökdən yaranmışdır və bu kök təbiətin özüdür. X.Məmmədovun sözlərini xatırladan müəllif onu belə yad etmişdir: “Ziyalı olmaq üçün ictimai dərdləri özünə dərd edə bilməlisən, xalqın fövqündə durmağı bacarmalısan, ən başlıcası isə vətəndaş olmalısan”. Xalqımızın azadlığı, respublikamızın müstəqilliyi X.Məmmədovun müqəddəs amalı idi. Ən başlıcası isə odur ki, təbiət insanları əbədi yaşada bilməsə də, xalq yaşadır.

Kitabda verilən ikinci fəsildə “Səadəti oğurlanan uşaqlığım” adlanır. Müəllif burada Xudu müəllimdən epiqraf seçdiyi “Keçmişini bilməyən gələcəyini də bilməz” sözlərini dilə gətirmişdir. Prof.İ.Bəxtiyarlı fəslin adını və hadisənin danışılmasını fərqli üsulla aparmışdır. Sanki fəslin adını seçəndə əhvalatı danışan da Xudu müəllimin özüdür. Onun misiyası isə sadəcə Xudu müəllimin dediklərini yazıya köçürmək olmuşdur. Belə bir təhkiyə üsulu yazını daha canlı, daha maraqlı etmişdir. Beləliklə, müəllif Xudu müəllimin ömrünün uşaqlıq və gənclik illərində olan əhvalatları xırda cizgilərinə qədər göz önündə canlandırmışdır.

Yazının əvvəlində professor Rəşid Göyüşovun Ağdamın adının ilk dəfə 1357-ci ildə çəkildiyini, Qızıl Orda Xanı Canı bəyin Azərbaycana dəvət edilməsi və onun ordusu Təbrizə gedərkən Qarabağdan keçməsi və bu zaman Ağdamda səmimi qarşılanması göstərilir. Bundan əlavə, Ağdamda Əmir Teymurun qoşununun düşərgə salması (1396/1397) və oğlu Miranşahın hökmdarlığına verilməsi də qeyd edilir.

Xudu müəllimin Ağdam rayonun Mərzili kəndinin “Nəşərlər” tirəsindən (“Nəşərlər” höçət mənasında işlədilir. Tirənin “Pəsəndallar” adı daha qədimdir) olan babası Kərbəlayı Xudaverdinin övladı olmuşdur. Oğlanları Surxay, Allahverdi, Əbdüləli və Məmmədalı. Xudu müəllimin atası Surxay Kərbəlayı Xudaverdi oğlu Peterburq Dağ-Mədəni İnstitutunu bitirmişdir. Azərbaycanda Şura hökuməti qurulanda bolşeviklərə tərəf keçmişdir. Ağdam rayonun Güllücə kəndində Dairə İcraiyyə Komitəsinin (İnqilab Komitəsinin) sədri, Ağdamda torpaq şöbəsinin müdiri, kolxoz sədri və s. mühüm vəzifələrdə çalışmışdır. Xudu müəllimin anası Şirin xanım Novruzlu Hacı bəyin qızı, “Qarabağın maralı” mahnısının (sonralar onu “Azərbaycan maralı” adlandırdılar) və xeyli şeirləri ilə tanınan xanandə-şair Novruzlu İsgəndərin doğma bacısıdır. Şirin xanım Surxay Məmmədovdan əvvəl başqa biri ilə evlənmiş və onun həmin kişidən Şövkət adlı qızı olmuşdur (Şövkət böyüyəndən sonra Üzeyir Hacıbəyovun dayısı Sadıq bəyə ərə getmişdir). Əri vəfat edəndən xeyli sonra Surxay Məmmədovla ailə həyatı qurmuşdur.

Xudu müəllim 14 dekabr 1927-ci ildə Ağdam rayonun Mərzili kəndində dünyaya gəlmişdir. Onun uşaqlıq illəri ağır keçdiyi üçün deyir: “Uşaqlığımı heç kimə arzulamadığım üçün bu illərdən bir qədər yüyrək keçmək istəyirəm...” “Biz indiki İsmayılbəyli ilə Mərzilinin arasındakı Daşlı təpə deyilən yerin yanında ikiotaqlı daxalda yaşayırdıq”.

1937-ci ildə atası Surxay Məmmədov Mərzili kəndində Kolxoz sədri işləyirdi. Mərzili kəndində III sinifdə oxuyan zaman sinif yoldaşları Oruc Şirinov və Əkbər Qasımovla dost olmuşdu. Atası Surxay Məmmədovu həbs edib Şuşa türməsinə aparırlar. Atası tutulan zaman qonşuları Yaxşı xala və onun oğlu Oruc onların hayına çatır. Atası tutulandan bir neçə ay sonra anası Şirin xanım vəfat edir. Onlara atalarının bacısı Pəri baxır. Türmədən çıxandan sonra Surxay uşaqlarına özü qulluq edir. Sonra kəndlərindən olan Sənəm adlı kommunist partiyasının üzvü qadınla evlənir. Xudu müəllim söyləyir ki, Sənəm bizim günümüzü “göy əskiyə düymüşdü”. Sənəmin Qaryağdıya zülm verməsi və Qaryağdının ölümü Xuduya böyük kədər gətirmişdir. O, bu hadisəni heç vaxt unuda bilmirdi. Xudu kənd 7-illik məktəbini başa vurur. 1943-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbin 8-ci sinfinə qəbul olunur və 1946-cı ildə məktəbin 10-cu sinfini bitirir. 1946-cı ildə Ağdam Pedaqoji Texnikumuna daxil olur və texnikumdakı təhsil onu qane etmədiyi üçün oradan çıxır.

“Yüksəklik vəzifə deyil ki, səndən qabaq tutulmuş ola, yazıq insan, yüksəkliyə yüksəl, orada hamıya yer var...” (Xudu Məmmədov) epeqrafı ilə başlayan “İşıqlı zirvəyə aparan yol...” oçerkində prof. İ.Bəxtiyarlı Xudu müəllimin uşaqlıq, ali məktəb və elmi işlərlə məşğul olduğu dövrlərdə həyatında baş verən hadisələrdən fraqmentləri çözərək oxucuları onunla daha da yaxından tanış edir. Müəllif hadisələri Xudu müəllimin dili ilə rəvan bir ardıcıllıqla danışır. Uşaqlıqda başına gələn hadisələrdən, 1946-cı ildə orta məktəbi bitirməsindən, Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olmaq üçün Bakıya getməsindən, Bakıya gedərkən avtovağzalda atasının ona verdiyi pulun analığı tərəfindən gizli götürülməsindən, avtovağzalda onu yola salan dostu Əkbərin ona pul verib yola salmasından, ayrılarkən “Nə qədər oxusan Orucla mən sənə nə lazımdır kömək edəcəyik. Arxayın ol!...” deməsindən, ADU-nun Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsinə qəbul olmasından, ADU-nun yataqxanasında ilk dəfə 31 saylı otaqda qalmasından, otaq yoldaşlarından (Nağıyev Cəlal, İsmayılov Surxay, Əliyev Nəzir, Kərimov İlyas ), müəllimləri: prof. H.Əfəndiyevdən, prof. Ş.Mehdiyevdən, prof. Məmməd bəy Əliyevdən, prof. N.Səlimxanovdan, geoloji dəstənin rəhbəri A.N.Solovkindən, universiteti başa vurduqdan sonra Azərbaycan EA müxbir üzvü, prof. Heydər Əfəndiyevin rəhbəri olduğu Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna onu işə götürməsindən, onu 1951-ci ildə Moskvaya SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına göndərilməsindən, oraya qəbul olmasından, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət Mükafatları laureatı, akademik N.V.Belovun ona elmi rəhbəri etməsindən və sair bir sıra məsələlərdən söz açır. Müəllif bütün olayları xüsusi sıra ilə verməyə çalışmışdır. Hadisələrin gedişi göstərir ki, o, əsasən öz məqsədinə nail ola bilmişdir.

Xudu müəllim dissertasiya müdafiə edən zaman akademik A.V.Şubnikov iş haqqında prof. C.Bernalın rəyini oxudu. “Elmi şura məni “Rentgen-quruluş analizi” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq gördü. 1955-ci ildə mən Azərbaycana qayıtdım. 1956-cı ilin aprel ayında Heydər müəllim “Kristallokimya” qrupu yaratmaq istəyimi bəyəndi və məni böyük elmi işçi vəzifəsinə götürdü”.

“Mən X.S.Məmmədovun bizim laboratoriyada, xüsusi ilə Bakıda aldığı nəticələrlə fəxr edirəm və hesab edirəm ki, onun işi əla qiymətləndirməlidir” (Akademik N.V.Belov (30.09.1956)).

Prof. İ.Bəxtiyarlı “Zirvələr zirvədən aydın görünür” yazısına Xudu müəllimdən stat gətirdiyi “Dünya elminə töhfələr verən elm adamlarının hamısı böyük əzablar çəkiblər. Mənim elmə gətirdiyim yenilik isə aldığım nəticələrə çox-çox uzaqlardan gəlməyimdir...” epiqrafıdır.

Müəllif söyləyir ki, Xudu müəllimin təbirincə desək: “Rentgenquruluş analiz tədqiqatları üçün ən müasir cihaz və metodikalar İngiltərədə professor C.Bernalın rəhbərlik etdiyi “Silikat analizi” qrupuna məxsus idi. 1959-cu ildə Leninqradda – Dağ Mədən İnstitutunda Yevqraf Stepanoviç Feodorovun (1853-1919) doğum günü ilə bağlı beynəlxalq elmi sessiya keçirildi. Sessiyada iştirak etmək üçün mən də Leninqrada getdim. Sessiyanın birinci günü akademik N.V.Belov məni doktorlar : N.Teylorla və A.Makayla tanış etdi. Bundan əlavə orada mən prof. Con Bernalla da görüşdüm. Prof. C.Bernalın tələbləri Böyük Britaniyanın bütün elmi mərkəzlərində çalışırdılar”. Sonra Xudu müəllim 1167-ci ildə İngiltərədə fəaliyyət göstərən Oksford Universitetinin və 1221-ci ildə təşkil olunmuş Kembric Universitetinin adını yada salır.

“Elm haqqında elm” adlanan yeni sahənin vətəni İngiltərə və onun bünövrəsini isə prof. Con Bernal qoymuşdur. Prof. C.Bernal yeni çap edilmiş “Elm haqqında elm” monoqrafiyasını yanında olan SSRİ EA-nun prezidenti, akademik N.V.Keldişə verir və xahiş edir ki, onu Xudu müəllimə çatdırsın. O da bu sifarişi yerinə yetirir.

Xudu müəllim, 1967-ci ildə İngiltərəyə altı aylıq elmi ezamiyyədə olduğu vaxtdan maraqlı əhvalatlar danışır. Londonun Brayton kəndində yaşayan və xüsusi arabada gəzən 66 yaşlı prof. Con Berlanın onu görüşə çağırması və bu görüşdən aldığı təəssüratı və eləcə də onların elmin bir çox sahələrindən danışmalarını xatırladır. Məqalədə Xudu müəllim öz şəxsi həyatından, analığı Sənəm xanımdan və onun bəzi neqativ işlərindən, 1963-cu ildə Maya xanımla ailə həyatı qurmasından və s. məsələlərindən də söz açır.

Eyni zamanda bir çox xarici və sovet alimlərinin fəaliyyət və işlərini də yada salır.

Xudu Məmmədovun doktorluq dissertasiyasının müzakirəsi zamanı deyilir: “Bu baxımdan müzakirəyə təqdim olunan bugünkü dissertasiya işi elmə parlaq töhfədir və onun müəllifi bir çox xüsusiyyətlərinə görə, biokimyaçı-meneroloq-kristallokimyaçı V.İ.Vernadskinin davamçısı adlandırdığımız, Azərbaycan mədəniyyətinə və tarixinə ruhən bağlı olan Xudu Məmmədov geologiya-minerologiya elmləri doktoru alimlik dərəcəsi almağa, şəksiz, laiqdir”.

Prof. X.Məmmədov “Xaricə elmi ezamiyyətlərin təşkili və əhəmiyyəti”ndən, “Elm və sənaye”dən, “Yeni təşkilat formaları və kollektivləri”ndən, “Kvant kimyası”ndan, “Quruluş kimyası”ndan və s. geniş məlumat verir. Sonra Xudu müəllim rəhbərlik etdiyi “Quruluş kimyası” laboratoriyasında çalışan, müxtəlif tədqiqatlar üzərində işləyən alimlərin də adı xatırlanır (Abdullayev Hüsü, Qənbərov Dayandur, Çıraqov Məmməd, Əmirov Savalan, Mönsümov Elman, Musayev Faiq, Həmidov Rəhim, Ağayev Qəhrəman).

“Təbiəti müşahidə” fəsli “...görəsən dünyada bizim dağlar qədər gözəl (şirin), ölüb qalmalı yerlər varmı?!” (Xudu Məmmədov) epiqrafı ilə başlayır.

Xudu müəllim təbiəti müşahidə etməkdən, ondan zövq almaqdan ürək dolusu danışır. Mərzilidə tərəkəmə həyatı yaşadığı üçün təbiətə çox bağlı olmuşlar. Kəlbəcər və Laçın dağları onun vurğunu olduğu ən gözəl yerlərdir. Murov, Soltan Heydər, Dəlidağ, Qaranlıq dərəsi, Çilgəz, Çiçəkli, Mıxtökən, Sarıyer, Qara göl, Əriməz, Kahabulaq, Çöplü, Hulqaya, Uzunyal, Çalbayır, Ağ çay və s. onun üçün ən əziz və doğma yerlərdir. Ona görə də “... görəsən dünyada bizim dağlar qədər gözəl (şirin), ölüb qalmalı yerlər varmı?!” sözlərini söyləmişdir. Təbiətin bu füsunkar gözəlliklərinə xeyli bədii əsərlər həsr edilmişdir. Özünün söylədiyi kimi, “Baharın arxasınca” adlı yarımçıq qalmış əsərini yazmışdır. Xudu müəllim “QAZ-69” maşın alır və dostu Orucun qardaşı Pirişi özünə sürücü götürür. Mayanın atası Qara kişi yayda Dilicanla Kirovkanın arasında olan Tioletovka kəndində ev kirayə edir. Xudu müəllimin, Pirişin və Qara kişinin ailəsi orada qalır. Xudu müəllim Pirişlə dağlara gedir. Əvvəlcə Daşkəsəndə Gəncə çayının Dəstəvur qolunun üstündə yerləşən geoloji bazaya baş çəkirlər. Orada yeməkxanada birinci katiblə görüşdükləri xatırlanır və s. məsələlər çözülür.

Mingəçevirdə Xudu müəllim dayısını görməyə gedir və görüşüb Tərtərə qayıdır. Ağdərədən Kəlbəcərə tərəf getmələri, rus bulağının yanında gecələmələri, təbiətin ecazkar gözəlliklərinə valeh olmaları anılır.

İstisuya getmələri, Taxta yaylağına çıxmaları, orada Qoca dayıgildə qalmaları göstərilir.

Qoca dayı Beyləqan rayonunun yun tədarükü işinə rəhbərlik etdiyi üçün Taxtda Tatallar çayının yanında hər il məskən salır. Bura Beyləqan rayonun dağ yeridir. Qoca dayıda rayonun yun tədarükünə baxdığı üçün Tatallar çayının üstündə özünə alaçıq tikib hər yay burada məskunlaşırdı. Xudu müəllim söyləyir ki, Qoca dayı bizi qəbul etdi və bizə xüsusi qonaqlıq verdi. Onun qonaq alaçığında qaldıq. Sonra Mərzili obasına getdik və orada bir həftə qonaq olduq. Xudu müəllim demişdi: “Dünya başıma dolanmasın deyə özüm dünyanı dolanmağa başlamışdım”. Daha sonra deyir: “Ancaq haraya üz tuturamsa-tutum, yolum Qarabağdan, Ağdamdan, kəndimizdən keçirdi. Eşitdiyimə, bildiyimə görə hamı belədir. İnsanın dünyaya göz açdığı, dünyanın şəklini ilk dəfə gördüyü yer dünyanın başlanğıcı olur, bütün ölçülər də buradan başlanır”.

Burada Ağdam İcrayyə Komitəsinin sədri Aydın Manaf oğlu Quliyevdən və görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevin Qarabağı təsvir etməsindən də söz açılır.

Kəndlərində camaatla görüş zamanı bir nəfər Xudu müəllimə belə bir sual ünvanladı: “Dəvədən yıxılan döşək üstə, atdan yıxılan torpaq üstə, eşşəkdən yıxılan daş üstə, düşər” demişlər. Sizcə bu doğrudur? Xudu müəllim isə cavabında eşşəkdən yıxılmaq dedikdə, yəqin ki, sovet qulluğunu nəzərdə tutmuşlar deyir. Mərzili kəndində olan dükançı Həsənalı kişi çox zarafatcıl və adamlara ayama qoymaqda usta idi. Məsələn, “Rus filankəs” və s. sözlər də məqalədə yer almışdır.

Cəlilabada getmələri, Cavanşir müəllimin qonağı olmaları, Alşar kəndində onların Əhməd kişiyə qonaq olmaları, Əhməd kişinin “QAZ 69” maşınında dağları və meşələri gəzmələri və s. xatırlanır. Yalandan Seyid olub pul yığmaları anılır. Cəlilabadda Qara Kazımlı kəndi, İran tərəfdə isə Qara Qasımlı kəndi eyni camaat olmaları və hər adətlərin oxşarlığı göstərilir.

Bəxtiyar Vahabzadənin 60 illik yubleyi və orada Ç.Aytmatov, Şahmar Əkbərzadə (Rəsul Rza, Ü.Hacıbəyli, S.Vurğun, Q.Qarayev, F.Əmirov və başqaları anılır), Toğrul Nərimanbəyov, Mircavad Mircavadov, Xudu Məmmədov kimi və s. iştirak edir.

Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin “Fəryad” pyesi haqqında deyir: “Bu əsər məni şairin yaradıcılıq ampulasının yeni qatı ilə tanış etdi. Pyes fəlsəfi mahiyyəti baxımdan çox ciddi, tutarlı əsərdir. Maraqlı burasıdır ki, belə bir problematik, çoxşaxəli dram əsəri şeirlə yazılıb. Özü də bizim günlərdə. Məni tutan bu oldu ki, əsər azadlığa can atan və özü səhnədə iştirak etməyən bir şəxsin ideyası əsasında qurulub. Həmin ideya yavaş-yavaş ayrı-ayrı adamların, nəsillərin mübarizə amalına çevrilir. Əslində tamaşada Nəsiminin özü yoxdur. Ancaq dramaturqun ustalığı, qüdrəti ondadır ki, biz hər an Nəsimini görə bilirik”.

İslam dinini qəbul etmiş və türk xalqlarının ədəbiyyatına dərindən bələd olan alman Peter Hans-Əhməd Şmiden ilə Bakıda B.Vahabzadənin yubleyində tanış olduğunu söyləyir.

Çingiz Aytmatov şair Şahmar Əkbərzadənin yaradıcılığından söz açarkən yazır: “...özündən çox özgələrə yananlar, el-obamızı düşünənlər haqqında fikirləşəndə Şahmarı anıram”. “Bu torpaqdan doymadım” müsahibəsini Şahmar çox uğurla yazdığını Aytmatov söyləyir. Sonra Ç.Aytmatov “Bu dəfəki səfərimdə görkəmli alim, məşhur kristalloqraf, professor Xudu Məmmədovla tanışlığıma çox şad oldum...”, - deyir.

Xudu müəllim vətənimizin təbiətindən danışarkən belə söyləyir: “Vətənimizin istər yaylağını, istərsə də aranını gəzərkən məni bir sual hey düşündürdü. Görəsən, biz təbiəti niyə belə çox sevirik? Uzun düşüncələrdən sonra belə qərara gəldim ki, bunun əsas iki səbəbi var. Birincisi, biz ondan son dərəcə asılı olduğumuz, ondan kənarda varlığımızın mümkün olmadığını başa düşə bilirik. İkincisi isə, o, bizə gözəlliyi hiss etmək, özgə taleyinə acımaq kimi “zəiflik” bəxş etmişdir. Bu səbəblər bizi həm də təbiətin sirlərini öyrənməyə vadar edir”.

Prof. İ.Bəxtiyarlı “Vətəndaşlıq ləyaqəti” fəslini Xudu müəllimin “Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir” sözlərini epiqraf seçməklə başlayır. Xudu müəllim vətəndaşlıqdan söhbət açarkən deyir: “Vətəndaşlıq, mənim fikrimcə, Vətənə sevgidən başlayır. Atmışıncı illərdə çox-çox uzaqlarda – Böyük Britaniyada olarkən Vətənə sevgini belə ifadə etmişdim: “Mənim əziz vətənim, dünyanın bütün gözəlliklərini, bütün kainatı - hər şeyi sənin rəngli xəyalın arxasında (vəsaiti ilə) görürəm. Qəlbimi sənə bağlayan tellər saysız – hesabsızdır ”.

Prof. İ.Bəxtiyarlı burada Xudu müəllimin söz açdığı ayrı-ayrı məsələləri ardıcıl şəkildə xatırladır: Ağdam Ə.Haqverdiyevin adına DDT-da C.Cabbarlının “Oqtay Eloğlu” əsərinə yalnız Zeynal müəllimlə ikisinin tamaşa etməsindən, C.Cabbarlının “Teatr bir məbəddir” deməsindən, Azərbaycanda Milli Azadlıq Qərargahı (MAQ) adlı gizli təşkilatın yaradılması və MAQ Şurasına Oqtay Əfəndi Eldəgizin sədrlik etməsindən, Azərbaycan Ali Soveti rəyasət heyətinin sədri, Xalq yazıçısı Mirzə İbrahimovun ana dilinə dair verdiyi fərmana görə vəzifəsindən uzaqlaşdırılaraq Yazıçılar İttifaqının birinci katibi vəzifəsinə qoyulmasından, 1987-ci ildə Parisdə millətçi A.Aqanbekyanın noyabr ayında “Humanite” qəzetinə Qarabağ və Naxçıvanla bağlı verdiyi ağılsız bəyanatdan, Xudu müəllimin erməni daşnakları haqqında yazdığı məqaləni akademik Ziya Bünyadova göndərməsindən, Ziya Bünyadovun MK-nin iclasında ermənilərin xalqımızın başına açdığı oyundan, dövlətin ermənilərə təziq etməməsindən, 1988-ci ildə Xankəndində 150-200 nəfər erməni cəlladlarının nümayiş etməsindən, dövlətin bu nümayişə rəvac verməsindən, 22 fevral 1988-ci ildə Ağdamdan Əsgərana yürüşü, iki nəfər Ağdamlı gənc Əli və Bəxtiyarın ermənilər tərəfindən güllələnməsi və onların məzarları üstündə MK-nin katibi Həsən Həsənovun alovlu çıxışı, Xudu müəllimin Qarabağın ilk şəhidlərinin qəbri üstündə “Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir” misralarıın söyləməsi və həmin misraların qəbirlərin üstünə yazılmasından, SSRİ MK baş katibi M.S.Qorbaçovun arvadı Parisə Maksimovanın ermənilərdən aldığı qiymətli daş-qaşlardan, Azərbaycanda fəaliyyət göstərən “Çənlibel” , “Varlıq”, “Yurd”, “Dayaq” təşkilatlardan və s. danışılır.

Prof. İ.Bəxtiyarlı Xudu müəllimin müxtəlif şəxslərlə çəkdirdiyi şəkilləri toplayıb kitaba daxil etməsi əsəri daha da təravətli etmişdir. Oxucular şəkillər vasitəsi ilə Xudu müəllimlə daha yaxından tanış olurlar.

Kitabın sonunda verilmiş “Müəllifdən” yazısında prof. İ.Bəxtiyarlı kitabı yazmağa onu ruhlandıran Zeynal müəllimə, Xudu müəllimin həyat yoldaşı Maya xanıma, Güldanə anaya, Akif Məmmədova, Yusif Səmədova, Nəriman Mustafayevə, Qəhrəman Hüseynova, tələbə, aspirant yoldaşlarına, həyat yoldaşı Birçəxanım müəlliməyə və başqalarına öz səmimi minnətdarlığını bildirilməsi göstərilir.

“İşıqlı zirvə” kitabına daxil edilmiş yazılar müxtəlif başlıqlar altında toplansa da, ancaq onları eyni bir ideya və eyni bir amal birləşdirir. Bu da Xudu müəllimə olan sonsuz sevgi və məhəbbət. Müəllif bənzərsiz alim, xeyirxah insan olan Xudu Məmmədovun həyat yolundan, elmi fəaliyyətindən, vətənə-torpağa bağlılığından, Qarabağa, insanlara, təbiətə, elm və sənətə bitib-tükənməz sevgisindən, xalqının işıqlı sabahı üçün yorulmadan çalışmasından, hər zaman inam və cəsarətlə danışmasından, sönməz arzu və istəklərindən xüsusi şövqlə danışmışdır. Ümumiyyətlə, prof. İ.Bəxtiyarlı görkəmli kristalloqraf alim Xudu müəllimə tükənməz məhəbbətlə yanaşmış və bu məhəbbətin işığında da onun həyat yoluna parlaq işıq salmağa çalışmışdır. Fikrimizcə, xüsusi məhəbbət işığı ilə yoğrulmuş “İşıqlı zirvə” kitabı müəllifin Xudusevərlərə böyük bir töhfəsidir.

Sabir RÜSTƏMOĞLU, ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB-nin üzvü

Vilayət MƏMMƏDOV, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru

Xəbər lenti