Logo

Tələbəni Vətənə sevgi üstə kökləyən məbəd: Bakı Dövlət Universiteti

19.11.2023 11:34 314 baxış
IMG

Çoxmilyonlu xalqın milli sərvətlər sistemində yeri olan Bakı Dövlət Universiteti tarixin çətin sınaqlarından şərəflə çıxmış, yenilməz qayatək əsrlərə sinə gərməyi bacarmışdır. Elm ocağı həm də bənzətdiyimiz "yenilməz qaya" timsalında öz batinində hər zaman xalqın milliliyini, kimliyini qoruyubdur.

Müstəmləkəçilik illərində xalqın psixologiyasını dərindən bilən, ruhunun təəssübünü çəkən müəllim-professor heyəti çətin də olsa gənc tələbə ordusunun düşüncəsini azərbaycançılıq sevdası üzərində gələcək müstəqilliyin inamına kökləyibdir. Bu mənada elə bir azərbaycanlı tapılmaz ki, bircə dəfə də olsun, elm ocağı haqqında düşünməmiş ola, onun uca adına ehtiramını bildirməyə. 

Azərbaycan Dövlət Universitetində (indiki BDU) kafedra müdiri və dekan vəzifələrində çalışmış Bəkir Çobanzadə elm məbədinin onuncu, pedaqoji fəaliyyətinin beşinci ilində böyük qürurla yazırdı: "... Darülfünunun müəllimlərindən birisi olaraq, burada keçən beş illik bir dövrdə özümün də çox şeylər öyrəndiyimi qeyd edə bilərəm".

Ruhuna hörmət əlaməti olaraq yuxarıda adını xatırladığımız böyük alimin Bakı Dövlət Universitetinə xitabən "... öyrəndik və öyrənmədəyik ..." fikirləri daha çox diqqət çəkir. Demək ki, məbədin elm və maarif şölələri təkcə tələbələri deyil, həmçinin alim, professor, müəllim kollektivini də mənəvi qidalandırır.

Müqəddəs amalı, qayəsi uğrunda ilbəil böyüyən, zənginləşən Bakı Dövlət Universiteti bu sənə tarixində əlamətdarlığı ilə seçildi. Təhsilin mütərəqqiliyi üçün 104-cü ilində Jurnalistika fakültəsinin də yerləşdiyi 2 saylı korpus əsaslı təmir olundu.

Təmirin başladığı ilk günlərdən etibarən Universitet rəhbərliyinin nəzarəti altında işlər ardıcıl şəkildə davam etdi. Yeni tədris ili yaxınlaşdıqca hazırlıq işləri daha sürətli vüsət aldı. İnsaf üçün qeyd etmək lazımdır ki, həmin ərəfələrdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev işçilərlə çiyin-çiyinə oldu. Hətta Jurnalistika fakültəsinə, onun nəzdində fəaliyyət göstərən Tədris Teleradio studiyasına baş çəkdi, görülən işlərlə dəfələrlə yaxından maraqlandı. Bütün bunları fakültədə olduğum müddətdə gördüm.

Maraqlıdır ki, küləkli, çiskinli, soyuq keçən günlərin səhəri, yəni ilk dərs günü günəş öz istilik və işığını tələbələrin başı üzərindən əskik etmədi. Onların qəlbinə hakim kəsilən sevinc hissləri bizə Gi de Mopassanın "...iç dünyamızda xoş arzular baş qaldırıb və belədə günəşi öpmək istəyi adamı heç cür tərk edə bilmir..." fikirlərini xatırlatmış oldu.

Hərbi orkestrin ifasında Dövlət Himninin sədaları elm və biliyin Ali Səadətə çevrildiyi tarixi məkanın əzəmətinə ucalıq qatdı.

Bu ucalıqdan yola çıxaraq vacib məqama nəzər yetirək: Böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov insanın lüğəti mənasının ədalət olduğunu yazırdı. Ədalət naminə bu inamdayam ki, tarixi əhəmiyyətli hesab olunan müəssisə adlarının lüğəti tərtib olunsa Bakı Dövlət Universiteti böyük hərflərlə ən başda yazılar. Çünki bu ocaq xalq yetişdirdi, millət formalaşdırdı. Bu mənada Bakı Dövlət Universitetinin tələbəsi qazandığı təhsili mexaniki deyil, mənəvi proses kimi qəbul edir.

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti