Logo

Gəncə memarlıq tarixinin öyrənilməsinə sanballı töhfə - MƏQALƏ

01.12.2023 19:48 321 baxış
IMG

Qanzak, Gəncə, Yelizavetpol, Gəncə, Kirovabad, Gəncə... Azərbaycanın sahəsinə görə ikinci və əhali sayına görə üçüncü şəhəri görməli yerləri, memarlıq abidələri, adət-ənənələri və mətbəxi ilə tanınır.

Həmçinin Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan bir sıra hadisələr də məhz Gəncədə baş verib. Gəncə xanlığının paytaxtı, Yelizavetpol quberniyasının mərkəzi, Şərqin ilk demokratik respublikası olan ADR-ın ilk paytaxtı, böyük sərkərdə və dövlət xadimi Cavad xan, dünya şöhrətli şair Nizami Gəncəvi, rübailəri ilə məhşurlaşan Məhsəti Gəncəvi, Azərbaycan şairi, mütəfəkkiri və maarifçisi Mirzə Şəfi Vazeh, görkəmli bəstəkar Fikrət Əmirov, tanınmış geoloq, akademik Mirəli Qaşqay və Azərbaycanın elm, incəsənət və mədəniyyət sahələrinin inkişafına mühüm töhfələr vermiş digər tanınmış şəxsiyyətlərin vətəni – bütün bunlar tarixi adı iki dəfə özünə qaytarılan şəhərimizə aiddir. Bundan əlavə, Gəncədə 1914-cü ildə Müəllimlər seminariyasının açılışı və bu təhsil ocağının müəllim-tələbə heyətinin təşəbbüsü ilə 1924-cü ildə Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, 1927-ci ildə Yakov Qummel tərəfindən Göygöldə (Xanlar), Gəncəçayın ərazisində regionda ilk dəfə olaraq arxeoloji qazıntıların aparılması və s. əhəmiyyətli hadisələri də qeyd etmək mütləqdir.

Gəncənin multikultural siması haqqında da bir neçə söz demək lazımdır. Məlumdur ki, əsrlər boyu respublikamızın ərazisində müxtəlif etnos və konfessiyaların nümayəndələri yaşayır. Geostrateji mövqeyə malik Azərbaycanın tarixi ərazisində şamanlıq, zərdüştlük (atəşpərəstlik), sonralar isə yəhudilik, xristianlıq və islam yayılıb. Tarix boyu Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında möhkəm əlaqələr formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik olmayıb.

Qərb və Şərq mədəniyyətlərinin sintezi daha çox incəsənətin inkişafında özünü birüzə verib, müsəlman Şərqində ilk opera, həmçinin təsviri sənət, musiqi və memarlıq üzrə peşəkar məktəblər məhz Azərbaycanda yaranıb. Nümunə kimi Bakı, Gəncə, Xaçmaz, Şəmkir və digər şəhərlərdə inşa edilən müxtəlif dinlərə aid məbədləri sadalamaq olar. Bu gün də həmin məbədlər İslam mədəniyyətinə aid abidələrlə yanaşı dövlət tərəfindən qorunur və bərpa olunur.

Gəncəyə gəldikdə isə qeyd edək ki, burada məscidlər və İslam mədəniyyətinə aid digər dini komplekslərlə yanaşı turistlərin diqqətini Lüteran kilsəsi (1885), Pravoslav Aleksandr Nevski kilsəsi (1887) və digər abidələr cəlb edir.

Bu yaxınlarda ingilis dilində işıq üzü görmüş AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, memarlıq doktoru, professor Rayihə Əmənzadənin “Gəncə. Memarlıq salnaməsi. XII-XIX əsrlər” adlı monoqrafiyası məhz bu şəhərin memarlığına həsr edilib. Elmi əsər hələ 2021-ci ildə Azərbaycan və rus dillərində nəşr olunub.

Nəfis poliqrafiyası və tərtibatı, memarlıq sənətinin əsrarəngiz nümunələrini əks etdirən şəkillərin çoxluğu ilə seçilən “Gəncə. Memarlıq salnaməsi. XII-XIX əsrlər” kitabında dövlətçilik tarixinin mərhələləri və onlarla paralel formalaşan Gəncənin siması haqqında bəhs olunur.

Ön Asiya meqa-bölgəsinin dünya sivilizasiyasının tarixində rolunu vurğulayan müəllif bilirir ki, “Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın geostrateji mövqeyi bir çox baxımdan onun ticari-tranzit və mədəni-ideoloji təmaslarının xarakterini müəyyənləşdirib. Burada mövcud olan məhsuldar torpaqlar, iqlim qurşağının müxtəlifliyi və landşaftın gözəlliyi, flora və faunanın heyrətamiz zənginliyi isə Şərqin inkişaf etmiş qədim sivilizasiyaları məcrasında yerli dövlətlərin meydana çıxmasını şərtləndirib”.

Rayihə Əmənzadə orta əsr memarlığının inkişafı, memarlıq məktəblərinin və bədii cərəyanların formalaşmasından bəhs edir. Müəllif vurğulayır ki, “Gəncə öz orijinal bütövlüyü ilə yaxşı mühafizə olunmuş şəhərsalma, memarlıq və təbiət kompleksi kimi böyük maraq doğurur”.

Monoqrafiyanın birinci fəsli XII-XV əsrləri əhatə edir. Müəllif yazılı mənbələrdən çoxsaylı məlumatlar təqdim edir və arxeoloji tapıntılar haqqında söhbət açır. Kitabın ikinci fəslində isə XVI-XIX əsrlərdə şəhərdə aparılan tikinti işlərindən, yəni Səfəvilər imperiyası və Gəncə xanlığı dövrlərində, habelə ondan sonrakı dövrdə, yəni şəhər planlaşdırılmasının həyata keçirildiyi, XIX əsrin 60-cı illərindən başlayaraq isə Gəncənin Yelizavetpol quberniyasının mərkəzinə çevrilməsindən sonrakı illərdə şəhərin memarlığı və infrastrukturu haqqında bəhs olunur.

Azərbaycana gələn səyahətçilərin yazılarında, inzibati sənədlərdə, şəhərin xəritə və planlarında öz əksini tapan zəngin materiala əsaslanaraq Rayihə Əmənzadə müdafiə istehkamları, İslam memarlıq abidələri, məhəllələr, yaşayış binaları, məscidlər, məqbərələr, hamam və bazarların memarlıq xüsusiyyətləri haqqında ətraflı söhbət açır. Tədqiqat obyektlərindən İmamzadə və Cümə-məscidi dini kompleksləri, Qafqazın ən qədim parklarından olan Xan bağının memarlıq ansamblı, Şah Abbas və Uğurlu xan karvansaraları, Bala Bağban, Ozan, Şahsevənlər, Şərəfxanlı və s. məscidləri və digər abidələri sadalamaq olar.

Beləliklə, Rayihə Əmənzadənin “Gəncə. Memarlıq salnaməsi. XII-XIX əsrlər” adlı monoqrafiyası respublikanın əzəmətli şəhərlərindən birinin inkişaf mərhələlərindən bəhs edən qiymətli mənbədir. Kitabın ingilis dilində işıq üzü görməsi isə Gəncənin timsalında Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq aləmdə təbliğinə sanballı töhfədir.

Qeyd edək ki, Rayihə Əmənzadənin üç dildə nəşr edilən “Gəncə. Memarlıq salnaməsi. XII-XIX əsrlər” kitabının təqdimatı IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində də baş tutub.

Nəzmin Cəfərova,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbər lenti