Logo

Depressiyada “Öyrənilmiş çarəsizlik” teoremi

06.11.2024 16:47 237 baxış
IMG

“Öyrənilmiş çarəsizlik” teoremi haqqında eşitmisiniz? Bu teorem depresiyanı izah etməyə çalışan fikirlərdən biridir.

Həmin teoremi aşağıdakı təcrübə ilə təsvir edə bilərik: İki platforma götürüb aralarına kiçik bir hündürlük qoyaq. Platformanın birinə vaxtaşırı elektrik verək, digərini isə həmişə intakt, toxunulmaz saxlayaq. Daha sonra təcrübə üçün birinci platformaya indiyə qədər üzərində təcrübə aparılmış, elektrikə məruz qalmış köhnə itləri və heç bir təcrübə və ya elektrikə məruz qalmayan yeni itləri qoyaq.

Nəticə həqiqətən çox maraqlıdır. Belə ki, yeni itlər ayaqları altındakı platformada elektriki hiss edən kimi qarşılarındakı hündürlükdən tullanaraq sakit platformaya keçirlər və özlərini “xilas edirlər”. Dəfələrlə elektrikə məruz qalmış köhnə itlər isə yerlərindən tərpənməyib elektrikdən əziyyət çəkirlər. Elektrik verməyi dayandırdığımız zaman eyni platformada qalıb növbəti dəfə elektrik verilməsini gözləyirlər. Təcrübə dəfələrlə təkrarlansa da, qarşılarındakı kiçik hündürlükdən tullanıb “xilas olmağa” cəhd etmirlər.

Qaraqanın “A” əsərində yazılmış bir ovçu və fil hekayəsi vardı. Kitabı oxuyanlar yəqin ki xatırlayırlar. Ovçu fili kiçik bir payaya bağlayırdı. Fil bir balaca cəhd etsə, həmin payanı kökündən çıxardardı. Amma heç vaxt etmirdi. Səbəb də bu idi ki, ovçu fili balacalıqdan həmin payaya bağlayırdı. Fil balacalıqda nə qədər cəhd etmişdisə də, payadan qurtula bilməmişdi. Balacalıqdan öyrəndiyi bu çarəsizlik onu hələ də kiçik payaya möhtac etmişdi.

Uşaq vaxtı kənddə inəkləri bağlayanda kəndiri boyunlarına keçirirdik. Mənə maraqlı gəlirdi ki, inəklər bir az cəhd etsələr, kəndiri boyunlarından çıxararlar, amma etmirdilər. Vaxtaşırı kəndiri çıxaranlar olurdu. Daha da maraqlı o idi ki, kəndiri çıxaranlar həmişə eyni inəklər olurdu.

“Öyrənilmiş çarəsizlik” teoreminə görə həyatında stressə düşmüş, düşüş görmüş, zərbə almış insanlar bir problemlə qarşılaşdığı zaman və ya heç problemsiz vaxtı hədəflərinə gedən yoldakı çətinlikləri düşündükləri zaman çarəsizlik hissinə qapılır. Həmin çarəsizlik nəticəsində özünü dəyərsiz hiss edir, heç nədən zövq almır, heç nə etmək istəmir, üzgün, həvəssiz olur, bəzən intiharı da düşünür – bütün bu vəziyyəti ümumiləşdirib depressiya adlandırırlar.

“Öyrənilmiş çarəsizlik”-lə “yoluxmuş” şəxs çarəsiz olmadığını dərk etmirsə

(1) ya depresiya düşməkdən müdafiə olunmaq üçün yalandan və çox xoşbəxt olar, zövqlərinin arxasınca ifrat dərəcədə qaçar, çoxlu pul xərcləyər, cinsi meyilləri artar və s. – bu halı maniakal epizod adlandırırıq

(2) ya özünün dəyərsizliyini örtbasdır etmək üçün özünə süni dəyər yaradar – vor, qaqa, “yaxçı” oğlan, estradanın zoru və s. ,

(3) ya da vecsizləşər – nə problemlərə diqqət edər, nə də böyük hədəflərə köklənər.

Bütün bu danışılanları fərdlərə yox topluma da şamil etmək olar. Xalq olaraq, həqiqətən çox əzilmişik. Ruslardan türklərə, ərəblərdən farslara hamının əsarətində qalmışıq. Hətta özümüzkülərin də əsarətində qalmışıq. Bu şəraitdə çarəsizliyi öyrənməməyimiz qeyri-mümkündür. İndi ona görədir ki, xalq olaraq, normal emosional halda ola bilmirik. Qara geyinməyi çox xoşlayırıq, heç nə eləmək istəmirik, ölkəyə, vətənə, millətə nəinki fayda vermirik, bu sözlər bizə bayağı gəlir hətta. Vecsizləşmişik. Dəyərsizləşmişik. Haa, vecsiz olmadığını düşünənlər də çox aqressivləşib. Qısacası adekvat olmağı unutmuşuq.

Çarəsizliyi öyrənənə mübarizəni də öyrətmək olar. Köhnə itlərə tullanmağı, filə cəhd etməyi öyrətmək olar. Nəticədə həyat mübarizə deyil mi?! Amma bu televiziya, bu təhsillə xalqımıza mübarizəni öyrətmək çox vaxt alacaq.

Xəbər lenti