Logo

Təhsil eksperti Kamran Əsədov: Direktor seçimi prosesində şəffaflıq və səriştəlilik əsas şərt olmalıdır

28.11.2024 18:09 285 baxış
IMG

Sual: Kamran müəllim, mövcud orta məktəb direktorlarının seçimi sistemi ilə bağlı əsas problemləri necə dəyərləndirirsiniz?  

Cavab: Mövcud sistemdə əsas problemlərdən biri seçim prosesində şəffaflıq və obyektivliyin tam təmin olunmamasıdır. Hazırkı proses daha çox nəzəri biliklərin yoxlanılmasına əsaslanır. Bu, namizədlərin real idarəetmə bacarıqlarını tam olaraq əks etdirməyə imkan vermir. Direktor vəzifəsi yalnız pedaqoji biliklərlə məhdudlaşmır; bu vəzifə idarəetmə, liderlik, strateji planlama və böhran vəziyyətlərində qərar qəbul etmək bacarıqlarını tələb edir.

Təəssüf ki, bəzi hallarda seçimlər daha çox formal xarakter daşıyır və peşəkar idarəçi olmaq potensialı yüksək olan namizədlər bu mərhələlərdən keçməkdə çətinlik çəkir.

Sual: Sizcə, bu proses necə təkmilləşdirilə bilər?  

Cavab: Direktor seçimi prosesində müasir yanaşmalar tətbiq edilməlidir. İlk növbədə, namizədlər təkcə test suallarını cavablandırmaqla yox, həm də praktiki tapşırıqlar üzərindən dəyərləndirilməlidir. Məsələn, real təhsil problemlərinin həlli ilə bağlı simulyasiya tapşırıqları təqdim edilə bilər. Bu, namizədin idarəetmə qabiliyyətlərini daha dəqiq qiymətləndirmək imkanı yaradar.  

Bundan başqa, psixoloji testlər və liderlik keyfiyyətlərinin qiymətləndirilməsi vacibdir. Namizədin yalnız biliyi deyil, həm də komanda ilə işləmə, təzyiq altında qərar qəbul etmə və strateji düşünmə qabiliyyətləri nəzərə alınmalıdır.  

Eyni zamanda, seçim prosesində məktəb icmasının – valideynlərin və hətta şagirdlərin rəyinin nəzərə alınması yaxşı olardı. Bu yanaşma həm şəffaflığı artırar, həm də yerli icmanın ehtiyaclarına uyğun rəhbərin seçilməsini təmin edər.  

Sual:Xarici təcrübədən hansı nümunələri uyğun görürsünüz?  

Cavab: Xarici ölkələrin təcrübələri bu məsələdə çox şey öyrədə bilər. Məsələn, Finlandiyada direktorların seçimi çox mərhələli və ciddi kriteriyalar əsasında həyata keçirilir. Namizədlər yalnız pedaqoji sahədə deyil, idarəetmə və liderlik bacarıqları üzrə də mükəmməl olmaq məcburiyyətindədir. ABŞ-da isə məktəb icmasının iştirakı seçim prosesində böyük rol oynayır. Bu model bizim ölkədə də tətbiq olunsa, həm şəffaflığı, həm də nəticələrin keyfiyyətini artırmaq mümkün olar.  

Sual: Direktorların seçilməsindən sonra onların inkişafı ilə bağlı nə düşünürsünüz?  

Cavab: Direktorlar seçildikdən sonra onların peşəkar inkişafı mütəmadi olaraq təmin olunmalıdır. Müasir dövrün tələbləri sürətlə dəyişir və təhsil rəhbərlərinin yeniliklərdən xəbərdar olması vacibdir. Bu məqsədlə daimi təlimlər təşkil edilməli, onlara müasir idarəetmə alətləri ilə işləməyi öyrətmək üçün dəstək göstərilməlidir.  

Sual: Yekunda bu prosesin təhsilin keyfiyyətinə necə təsir göstərəcəyini düşünürsünüz?  

Cavab: Şəffaf və səriştəli seçim prosesi məktəb idarəçiliyində ciddi irəliləyişlərə səbəb ola bilər. Bu yanaşma təhsil müəssisələrinin idarə olunmasında keyfiyyətin yüksəlməsinə, akademik nailiyyətlərin artmasına və ümumilikdə təhsilin imicinin yaxşılaşmasına şərait yaradacaq. Bu prosesin uğurlu olması üçün bütün tərəflərin – dövlətin, valideynlərin və təhsil mütəxəssislərinin birgə əməkdaşlığı vacibdir.  

 

Müsahibəni həyata keçirdi: Bəhman Hüseynli

Xəbər lenti