Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa və Mərkəzi Asiya şöbəsinin nümayəndəsi Kan Jie ilə görüş keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə ADU-nun Konfutsi İnstitutundan bildirilib. Görüşdə qonağa Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru Rafiq Abbasov İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə ehtiyac olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Konfutsi İnstitutu COP29-a hazırlıq işlərində, Çinin iqlim dəyişikliyi ilə bağlı siyasəti və qlobal miqyasda yeni texnologiyaların inkişaf etdirilməsində, milli yaşıl, aşağı karbonlu dairəvi iqtisadi sistem yaradılması və Çin infrastrukturunun ekoloji cəhətdən modernləşdirilməsində, yaşıl texnologiyalar sahəsində bazaryönümlü innovasiya sistemin qurulmasında fəaliyyətləri ilə bağlı elmi tələbə seminarlarının təşkilində fəal iştirak edib.
R.Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başlayıb, ölkələr arasında ictimai-siyasi dialoq fəallaşıb, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişlənib. O, həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.
O, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər - bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Kan Jie səfər çərçivəsində maraqlı elmi görüşlər keçirildiyini və Konfutsi İnstitutu ilə elmi əməkdaşlığın inkişafına böyük maraq göstərildiyini vurğulayıb. Kan Jie, həmçinin 1956-cı ildə beynəlxalq münasibətləri öyrənmək və geniş spektrli xarici siyasət məsələləri üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılmış Çinin ilk akademik institutu olan Çin Beynəlxalq Araşdırmalar İnstitutunun fəaliyyətindən danışıb. Qeyd edib ki, hazırda Çin Beynəlxalq Araşdırmalar İnstitutu Çin Xarici İşlər Nazirliyinin nəzdində aparıcı beyin mərkəzidir.
Sonda iki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qonağa Konfutsi İnstitutunun Çin dilində çap etdiyi “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2023)” kitabı, habelə Çin rəhbərliyinin müasir dövlət idarəçiliyi konsepsiyasına və siyasi strategiyasına dair ictimai çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu hədiyyə edilib.