Logo

Ali məktəblər keyfiyyətin təminatı istiqamətində ciddi səy göstərməlidir - Agentlik

13.12.2024 11:18 146 baxış
IMG

Nəticələr bir daha göstərir ki, ali təhsil müəssisələri keyfiyyətin təminatı istiqamətində ciddi səy göstərməlidir. 

Bunu TƏHSİL.BİZ -ə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsindən deyiblər.

Bildirilib ki, qənaətbəxş nəticələr əldə etmiş universitetlər davamlı inkişaf strategiyalarını gücləndirməli və bu istiqamətdə zəruri fəaliyyətlərini davam etdirməli, qeyri-qənaətbəxş nəticə göstərənlər isə struktur islahatları aparmalı və proseslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməlidir. Akkreditasiya prosesi ölkədə ali təhsilin ümumi səviyyəsini yüksəltmək və beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün mühüm bir addımdır.

Agentlik akkreditasiya prosesi zamanı ali məktəblərdə daha çox hansı çatışmazlıqların müşahidə edildiyini də açıqlayıb: "Hər bir müəssisə özünəməxsus xüsusiyyətlərə və struktura sahib olduğu üçün çatışmazlıqlar da fərqli ola bilər. Lakin bəzi çatışmazlıqları aşağıdakı kimi ümumiləşdirə bilərik:

Tələbəyönümlü tədris və elmi fəaliyyət: Bir çox hallarda Akkreditasiya komissiyaları sahə baxışı zamanı tələbəyönümlü tədrisin təşkilində əsaslı boşluqları müşahidə edir. Xüsusilə, tədrisin tələbəyönümlü təşkilinə və beynəlxalq nəşrlərdə məqalə sayının artırılmasına diqqət yetirilməlidir. Həmçinin, elmi tədqiqatlara maliyyə dəstəyinin artırılması və tədqiqat laboratoriyalarının təsis və təchiz edilməsi vacibdir.

Peşəkar inkişaf və müasir pedaqoji metodlar: Professor-müəllim heyətinin xarici dil biliklərinin inkişafı və müasir pedaqoji metodların tətbiq edilməsi, təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi, bu sahədəki çatışmazlıqları aradan qaldırmağa kömək edir.

Fənlərin məzmununun əmək bazarının tələblərinə uyğunluğu: Fənlərarası inteqrasiyanın təşkili və prerekvizitlik qaydalarının gözlənilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun olması təmin edilməlidir. Bu, həm tələbələrin daha hazırlıqlı yetişməsini, həm də əmək bazarına uyğun peşəkarların hazırlanmasını təmin edir.

İdarəetmə strukturlarının təkmilləşdirilməsi: İdarəetmə qərarlarının mərkəzləşdirilmiş şəkildə deyil, kollegial formada, maraqlı tərəflərin iştirak etdiyi müzakirələr əsasında qəbul edilməsi vacibdir. Bu, şəffaflığı və qərarların dəqiqliyini artırır.

Əlavə fəaliyyətlərin və hesabatlılığın təmin edilməsi: Sorğu nəticələrinin təhlili əsasında həyata keçirilən işlərin izlənməsi və hesabatlılığın təmin edilməsi daha da inkişaf etdirilməlidir. Bu, təhsilin keyfiyyətinin davamlı ölçülməsinə və təkmilləşdirilməsinə kömək edir.

Strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq: Təhsil müəssisələrinin strateji planlaşdırma və idarəetmə təcrübəsinin artırılması, akkreditasiya meyarlarının düzgün tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Müəllim və tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsi və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması ali məktəblərin inkişafında əsas amillərdən biridir.

Əmək bazarı ilə əlaqələrin gücləndirilməsi: Tələbə qəbulunun proqnozlaşdırılmasında əmək bazarı nümayəndələri ilə sıx əlaqələr qurulmalıdır. Bu əlaqələr, həmçinin tədris proqramlarının mütəmadi müzakirəsi və yenilənməsi üçün də əhəmiyyətlidir.

Təsdiqedici sənədlərin mövcudluğu: Təlim-tədris fəaliyyətini özündə əks etdirən təsdiqedici sənədlərin mövcudluğu tədrisin keyfiyyətinin ölçülməsində mühüm göstəricilərdən biridir".

Xəbər lenti