Logo

Metodistlərin birbaşa direktor müavini təyin edilməsi qanuna ziddir

26.12.2024 12:22 327 baxış
IMG

Təhsil sistemində işə qəbul prosedurlarının şəffaf və qanuni qaydada həyata keçirilməsi, islahatların davamlılığı və təhsil müəssisələrinin idarə edilməsində ədalət prinsipinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Direktor və direktor müavini vəzifələrinə təyinatın müsabiqə əsasında həyata keçirilməsi Azərbaycan təhsilində son illərin ən müsbət dəyişikliklərindən biridir. Bu, yalnız peşəkar kadrların vəzifəyə gətirilməsini təmin etməklə yanaşı, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəlməsinə də xidmət edir.

Lakin hazırda bəzi Regional Təhsil İdarələrinin ləğv edilən metodistləri heç bir müsabiqə olmadan orta məktəblərdə direktor müavini vəzifələrinə təyin etməsi ciddi qanun pozuntusudur və qəbulolunmazdır. Bu cür təyinatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (maddə 16 və 77), işə qəbul prosesində bərabərlik və şəffaflıq təmin edilməlidir. Həmçinin, “Dövlət ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin və rəhbər vəzifəli şəxslərinin işə qəbul və iş yerinin dəyişdirilməsi qaydaları” haqqında Nazirlər Kabinetinin qərarında direktor və direktor müavini vəzifələrinə təyinat üçün müsabiqə proseduru nəzərdə tutulur. Bu qərara əsasən:


• Direktor və direktor müavinləri yalnız təsdiq olunmuş qaydalara uyğun olaraq müsabiqə yolu ilə işə qəbul edilməlidir.
• Vəzifəyə təyin olunma üçün müəyyən edilmiş kvalifikasiyalara və tələblərə cavab vermək mütləqdir.

Bu qanuni tələbləri nəzərə almadan, birbaşa təyinatlarla həyata keçirilən addımlar yalnız qanun pozuntusu deyil, həm də təhsildə idarəetmənin keyfiyyətinə mənfi təsir göstərə bilər. Belə hallarda ləğv olunan metodistlərin mövcud əmək haqqı problemlərinin həlli üçün alternativ həll yolları tapılmalı, lakin mövcud qaydalar pozulmamalıdır.

Bu məsələnin həlli üçün aşağıdakı tədbirlərin görülməsi zəruridir:
1. Regional Təhsil İdarələrinin nəzarətə götürülməsi: Qanunsuz təyinatlarla bağlı ciddi araşdırmalar aparılmalı, bu hallara yol verən şəxslər məsuliyyətə cəlb edilməlidir.
2. Metodistlərin problemlərinin həlli: Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə maddi stimullar və ya alternativ iş yerləri təmin edilməlidir.
3. Müsabiqə qaydalarının tətbiqinə nəzarət: Direktor və direktor müavinləri vəzifələrinə təyinatların yalnız müsabiqə yolu ilə həyata keçirilməsi təmin olunmalıdır.

Qanunları bilməmək onların pozulmasına haqq qazandırmır. Təhsil sahəsində hüququn üstünlüyünü təmin etmək, mövcud islahatları davam etdirmək və təhsil idarəçiliyində şəffaflıq prinsiplərinə əməl etmək ən vacib hədəf olmalıdır. Qanun pozuntularına qarşı susmaq təhsildəki uğurları kölgə altına salmaq deməkdir. Bu istiqamətdə həm cəmiyyət, həm də aidiyyəti qurumlar daha aktiv olmalıdır.

 

Kamran Əsədov

Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru

Xəbər lenti