Logo

Dərsdən kənarda nəyi öyrənirik?...

26.12.2024 16:44 93 baxış
IMG

Müasir dünyada təhsil anlayışı təkcə məktəb və universitet divarları ilə məhdudlaşmır. Dərs saatlarından sonra tələbələrin əldə etdiyi bilik və bacarıqlar onların peşəkar və şəxsi inkişafı üçün mühüm rol oynayır. Son illərdə ikinci təhsil, qeyri-formal kurslar və şəxsi maraqlara əsaslanan tədris formaları tələbələr arasında geniş yayılmağa başlayıb. Bəs tələbələr dərsdən kənarda nələr öyrənir?

Texnologiyanın inkişafı ilə onlayn təhsil platformaları daha əlçatan olub. Artıq tələbələr öz maraqlarına uyğun hər hansı bir mövzuda dərslər keçə, sertifikatlar əldə edə və qlobal bilik bazasına qoşula bilirlər. Bu, tələbələrə öz ixtisas sahələrindən kənarda yeni bacarıqlar qazanmaq imkanı verir. Məsələn, mühəndislik üzrə təhsil alan bir tələbə eyni zamanda rəqəmsal marketinq, dizayn və ya psixologiya üzrə kurslara qoşula bilər. Bu, onların müxtəlif sahələrdə çevikliyini artırır və əmək bazarında rəqabət üstünlüyü yaradır.

Dərsdən kənar təhsil, həmçinin tələbələrə praktiki bacarıqlar qazandırır. Müasir iş mühitində yalnız nəzəri biliklər kifayət etmir. Bu səbəbdən tələbələr proqramlaşdırma, qrafik dizayn, fotoqrafiya, yazıçılıq, musiqi alətlərində ifa etmək və digər praktik bacarıqlara yönəlirlər. Bu bacarıqlar, onların yalnız professional deyil, həm də şəxsi həyatlarını zənginləşdirir.

Xarici dil öyrənmək də tələbələrin dərsdən kənar məşğuliyyətləri sırasında geniş yer tutur. Global dünyada kommunikasiya bacarığı mühüm rol oynadığı üçün tələbələr İngilis, İspan, Alman və ya Asiya dillərini öyrənərək qlobal əlaqələr qurmaqda və karyeralarını inkişaf etdirməkdə üstünlük qazanırlar.

İkinci təhsil, həmçinin tələbələrə öz maraqlarını kəşf etmək və həyatlarına yön vermək imkanı verir. Bəzən tələbələr seçdikləri ixtisasın onların şəxsiyyətinə və arzularına uyğun olmadığını dərk edir. Bu halda ikinci təhsil alternativ yol kimi çıxış edir, onlara daha uyğun sahələrə yönəlmək şansı verir.

Sosial-emosional bacarıqlar da tələbələrin diqqətindədir. Şəxsi inkişaf proqramları, vaxtın idarə olunması təlimləri, stresslə mübarizə və liderlik kursları tələbələr arasında populyarlaşır. Bu kurslar tələbələrin yalnız peşəkar deyil, həm də şəxsi həyatlarında balans yaratmalarına kömək edir.

Dərsdən kənar təhsil yalnız fərdi inkişafla deyil, həm də cəmiyyətə töhfə verməklə əlaqələndirilir. Tələbələr sosial layihələrdə iştirak edərək liderlik, qrup işi və empatiya bacarıqlarını inkişaf etdirir. Bu, onları daha sosial məsuliyyətli və fəal vətəndaşlar olmağa təşviq edir.

Bütün bu trendlər göstərir ki, tələbələr dərsdən kənarda yalnız vaxt keçirmir, həm də gələcəklərini formalaşdırır. Onların ikinci təhsil sahəsində göstərdiyi fəallıq Azərbaycanın gələcək nəsillərinin daha bilikli, bacarıqlı və qlobal düşüncəyə malik olacağını vəd edir.

 

Bəhman Hüseyn

Xəbər lenti