Logo

Təhsil nədir?

01.01.2025 20:46 132 baxış
IMG

Təhsillə bağlı aparılan müzakirələri dinləsək, görərik ki, tərəflər bir-birinə əsasən bu cür suallar ünvanlayır: “Sizcə, təhsilimizdə nələr əskikdir?, Əskiklikləri aradan qaldırmaq üçün hansı tədbirləri görə bilərik?, İdeal təhsil modeli hansıdır?, Hansı beynəlxalq təcrübələrə müraciət etməliyik? və s.

Lakin burada əsas sual unudulur. Ümumiyyətlə, üzərində bu qədər təhlillər aparılan, dövrün tələbləri ilə dəyişən, özünün ən yaxşı modelinin yaradılmasına çalışılan “təhsil nədir?"

Ədəbiyyatı incələdikdə təhsil anlayışına verilən müxtəlif təriflərlə qarşılaşırıq. Bəzi yanaşmalara görə, təhsil – davranış formalarının dəyişdirilməsi prosesidir. Sosialoji yanaşmaya görə isə təhsil – mədəni dəyərləri gələcək nəsillərə ötürmə prosesidir. Məsələyə fəlsəfi mövqedən də yanaşa bilərik. Eksiztensializm (lat. Exsistensia –varlıq) fəlsəfi cərəyanına görə, insan hər hansı təbii və ya sosial zərurətin təsiri altında qalmamalı, əşyalaşmamalıdır. O özünü öz hərəkət və davranışları ilə formalaşdırmalı və etdiyi hər bir şeyə görə məsuliyyət daşımalıdır. O, şəraiti günahlandırmır, bəhanələrə sığınmır. Yəni dəyişikliklərə görə dəyişmir, özünə görə nələrisə dəyişdirir. Eksiztensialist yanaşmada təhsilin açıqlaması “özünü kəşf, özünü formalaşdırmadır”.

Hansı yanaşmaya baxsaq hər birində zaman anlayışı mövcuddur – “proses”. Proses dedikdə çox geniş bir zaman aralığı nəzərdə tutulur. Yəni təhsil insanın həyatı boyunca davam edən bir gedişatdır.

İsveç psixoloqu Jan Piarenin “İdraki inkişaf” nəzəriyyəsinə görə, insan zehni dörd inkişaf mərhələsindən keçir: hissi-hərəki, ilkin əməli, konkret əməli, formal əməli. İnsan ilk öncə əşya və hadisələrə sadəcə reflektiv reaksiyalar verir. 2-7 yaş aralığında bu, “eqosentrik” münasibətlə əvəz olunur. Nəhayət, yaş artdıqca insan təbii və sosial təsirlərə məruz qalması nəticəsində onun fikir yürütmə qabiliyyəti inkişaf edir və ətrafında baş verənləri daha aydın şəkildə dərk edir. O doğulduğu andan etibarən daim ətraf aləmlə qarşılıqlı ünsiyyətdə olur, hər an öyrənir. Deməli, təhsil sadəcə sinif otağından ibarət deyil, o, iş ortamında, ailə daxilində, dost çevrəsində - hər yerdə davam edir.

Bəs təhsilin məqsədi nədir?

1.    Fərdə müəyyən bilik və bacarıqlar qazandırmaq.

2.    Fərdi cəmiyyətə uyğunlaşdırmaq. Dövr daim dəyişir, özü ilə yeniliklər, fərqliliklər gətirir. Təhsil, fərdi bu dövrün tələblərinə cavab verməsi üçün hazırlayır.

3.    İqtisadi inkişafı təmin etmək. Təhsil fərdin hər hansı peşə sahibi olmasında, iş imkanlarını yaratmaqda mühim rol oynayır. (təhsilin iqtisadi inkişafda olan digər rollarından da növbəti yazılarda bəhs olunacaq)

4.    Siyasi aspektdən baxdıqda isə təhsil müstəqil vətəndaşlar yetişdirməkdə, siyasi nizam yaratmaqda yardımçı olur.

 Təhsil çox geniş bir anlayışdır, bəzən tədris anlayışı ilə eyniləşdirilir. Lakin hər ikisi də fərqli anlayışlardır. Təhsil – öyrənmə, tədris, öyrətmə, məktəb, ailə - bütün bu anlayışların ümumi məcmusudur. Tədris isə müəyyən bacarıqların öyrənilməsinə yönəlmiş bir təhsil növüdür.

Bəzən biz təhsilə önəm verilmədiyini düşünürük və tənqidlərimiz də daha çox ümumi olur. Lakin bir az öncə də qeyd etdiyim kimi, təhsil çox geniş bir anlayışdır. Onun dərin qatlarına ensək təhsilin dəyər, insanı insan olduğuna görə qiymətləndirmək, özünü kəşf etmək kimi dərin anlayışları özündə ehtiva etdiyini görərik.

Beləliklə, hər hansı iş üzərində dəyişikliklər aparmaq, həll yolları irəli sürməzdən öncə ilk əvvəl bu işin bizim üçün nə ifadə etdiyinə baxmalıyıq. Buna görə də təhsildə müəyyən edilən çatışmazlıqlar, onları həll etmək üçün irəli sürülən təkliflər və qabaqcıl təcrübələri tətbiq etmədən öncə gəlin, cavablamalı olduğumuz bir neçə sual üzərində düşünək: Təhsil bizim üçün nə ifadə edir? Biz necə bir fərd formalaşdırmaq istəyirik?

Xəbər lenti