Logo

ADPU-da elmi müzakirələr başladı – Rekord sayda iştirakçı qeydə alınıb

08.04.2025 16:44 194 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VIII respublika elmi konfransı işə başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, plenar iclasda giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini, professor Asəf Zamanov bildirib ki, “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VIII respublika elmi konfransı ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Ulu Öndər Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub. Bu strategiya hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad olunmuş torpaqlarımızda təhsil ocaqları, o cümlədən ali məktəblər yaradılır. Respublika elmi konfransı da elmin vacibliyinin dərk olunması, xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və ADPU-da elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqətin göstəricisi hesab oluna bilər.

Onun sözlərinə görə, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislərin hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, mövcud ixtisaslaşmaların məzmununun,  o cümlədən təhsil proqramlarının və tədris planlarının yenilənməsi istiqamətində iş aparılır. Hazırda ADPU-da 22 ixtisas üzrə 30 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.

Professor Asəf Zamanov vurğulayıb ki, təhsilin keyfiyyətinin inkişaf etdirilməsində, sürətlə dəyişən dövrümüzdə yeni təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tədqiqatçıları və gənc müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də xüsusilə magistrantların, gənc tədqiqatçıların elmi konfranslarında dövrün, təhsilin, tədrisin ən son problemləri müzakirəyə çıxarılmalı, magistrlik dissertasiya mövzuları aktual məsələlərə həsr edilməlidir. ADPU-nun magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan “Menecment” (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-nin Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, “Menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təhsil üzrə marketinq fəaliyyəti” ixtisaslaşmalarını və s. göstərmək olar.

ADPU-nun humanitar və sosial məsələr üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov universitetdə həyata keçirilən elmi tədqiqatların sayının artırılmasına ehtiyac olduğunu vurğulayıblar.

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi Rəşad Sadıqov ötən illərin statistik məlumatlarını nümayiş etdirərək diqqətə çatdırıb ki, builki konfransda 381 məruzə,  o cümlədən digər 7 ali təhsil müəssisəsindən  54 magistrantın məruzəsi dinləniləcək. Bu da indiyə qədər əldə olunan ən yüksək nəticədir. Belə ki, ADPU ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər. 

Daha sonra ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, professor Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri professor Əbülfət Pələngov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov çıxış edərək öz təəssüratlarını, magistrantlara tövsiyələrini çatdırıblar.

Plenar iclasda ADPU-nun magistrantı Bəyim Nəbiyevanın “XXI əsr ali məktəbinin formalaşdırılması strategiyasına bir baxış”, BSU-nun magistrantı Rauf Quliyevin “Fənlərüstü inteqrasiyaya yeni yanaşma” mövzularında məruzələri dinlənilib.

Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri-1” və “Tədrisin müasir problemləri-2” bölmələri üzrə davam etdirəcək.

İki gün davam edəcək konfransda 381 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.

 

 

 

 


 

Xəbər lenti