Logo

Qərbi Azərbaycan təhsili: 1000-dən çox məzunu olan Gığı MƏKTƏBİ

14.04.2025 15:28 129 baxış
IMG

Qədim Zəngəzur mahalının, sonralar Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olan Qafan rayonunun bütün azərbaycanlı kəndləri kimi Gığı kəndi də öz tarixi, milli-mənəvi, eləcə də dini abidələri ilə seçilən yaşayış məntəqələrindən biridir. Kənd rayon mərkəzindən 35 km şimal-qərbdə, Gığı çayının sahilində salınmışdır. Burada X əsrə aid olan abidə işğala qədər qalırdı. 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlılar kimi Gığı kəndinin əhalisi də qovulmuşdur. Gığı kəndinin adı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsidir. Kəndin digər adı isə Kiçik Sofuludur. Qədim mənbələrdə Kığı kimi qeyd olunub. XIX əsrdə Şimali Qafqazda, Kuban vilayətində Kukovoy-Kurqan və Kükü-Oba-Dağ, Batumi dairəsində Kukuti, Tiflis quberniyasında Kükü gölü, Şahbuz rayonunda Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükütü dağı eynimənalı toponimlərdir. Həmçinin Qobustanda bir palçıq vulkanı da Gığıdağ adlanır.

 

Ərazidə 3343 m hündürlüyü olan Gığı dağı, mənbəyini Qazangöl gölündən götürən Gığı gölü, kəndin içərisində Gığı qalası da var. Qala uçub dağılsa da, qalıqları indiyə qədər qalıb. Lakin bu qədim kəndin də başı çox bəlalar çəkmişdir. 1918-ci ildə ermənilərin törətdiyi qırğınlar nəticəsində kənd əhalisi deportasiya olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra isə camaat geri qayıtmışdır. 1988-ci ildə bütövlükdə deportasiya olunmuş, orada ermənilər məskunlaşmışdır.

 

Gığı kəndinin çoxsaylı alimləri, həkimləri, ziyalıları, ağsaqqalları Respublikamızda da tanınırlar. Professor Təhməz Quliyev, Əsgər Quliyev, Ağabala Babayev, Məşqulat Əhmədov tarixçi, Seyidəli Astanov hüquqşünas, Aydın Piriyev layihəçi, Rövşən Nüsrətoğlu yazıçı, Dünyamalı Məftun şair və başqaları bu kəndin yetirmələridir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.

Açıklama yok.

Məşqulat Əhmədov müəllim yoldaşları ilə

 

Böyük Oktyabr Sosialist İnqilabından əvvəl Gığı dərəsində bir nəfər də olsun savadlı adam tapmaq mümkün deyildi. Gığı dərəsi “Bayquş dərəsi” adlanırdı. Ən geridəqalmış dərə sayılırdı. Orada savadsızlıq hökm sürürdü.

 

Əgər uzaq bir yerdən məktub gələrdisə, onu oxuya biləcək adam tapılmazdı. Həmin məktubu evlərində bir nəfərə aparar, Oxçu kəndindəki İlyas bəyin dəftərxanasında olan Mirzə məktubun məzmununu oxuyub izah edər, məktubu aparan şəxs isə deyiləni əzbərləyib məktub sahibinə çatdırardı.

 

O dövrdə Gığı dərəsində uşaqları oxutmaq çox çətin idi. Nə məktəb vardı, nə də oxumağa imkan. Uşaq oxutmaq çox baha başa gəlirdi. Bir uşağın 1-2 il təhsil alması üçün ata evindəki bir inəyi verməli olurdu. Bu isə hər kəsin imkanında deyildi. Əhalinin 95 faizi kasıb idi.

 

Tarixdə ilk dəfə olaraq Çar Rusiyasının mirası sayılan bu torpaqlarda Böyük Oktyabr Sosialist İnqilabı qələbə qazandı. İnqilab Rusiya imperiyasının əsarətində olan xalqların, o cümlədən Qafqaz xalqlarının azadlığına yol açdı.

 

V. İ. Leninin ideyaları və onun inqilabi fəaliyyəti bu xalqlar üçün işıqlı yol oldu. 1920-ci ilin noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti quruldu.

 

Savadlı kadrlar yetişdirmək və savadsızlığı aradan qaldırmaq məqsədilə ölkədə geniş tədbirlər görüldü. Gığı dərəsində və kəndində ilk məktəb binasının inşası 1924-cü ildən başladı. O vaxtlar kənddə savadlı adam olmadığından Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müəllimlər göndərildi. Bu müəllimlər kəndin gənclərini ətraflarına yığaraq savad öyrətməyə başladılar.

 

Həmin məktəbdə təhsil almış və hal hazırda yaşayan Piriyev idris və Baxşəliyev Muxtarın adlarını çəkə bilərik.

Açıklama yok.

Həmin dövrdə savad öyrənən insanlar sonradan bu bölgənin müxtədir (bacarıqlı, ziyalı) şəxslərinə çevrildilər.

 

Məktəb binası çayın sağ tərəfində yerləşən və əvvəl mal tövləsi kimi istifadə olunan binada salınmış, cəmi 2 otaqdan ibarət idi.

 

1931-ci ildə isə Qafan rayonunda 8-9 bal gücündə zəlzələ oldu.

 

Sovet hökuməti və o cümlədən Ermənistan hökuməti, Gığı kəndində əhaliyə yardım məqsədilə kəndin mərkəzində, iki hissədən ibarət olan iri bir bina inşa etdirmişdi. Bu bina əvvəlcə evsiz insanlara verilsə də, sonradan camaat ora köçmədən bina məktəbə təhkim olundu.

 

1934-1935-ci tədris ilindən etibarən kənddə fəaliyyət göstərən məktəb yediillik tədrisə keçdi. 1938-1939-cu tədris ilindən isə məktəb artıq orta məktəb sisteminə başlanıldı.

Açıklama yok.

Tələbata cavab vermədiyi üçün 1939-cu ilin yazında Ermənistan hökumətinin qərarı əsasında həmin məktəbin yerində birmərtəbəli yeni məktəb binası tikilərək, 1939-cu il oktyabrın 15-də istifadəyə verildi.

 

Müasir dövrün tələblərinə cavab verməyən, köhnəlmiş məktəb binası çox darısqal idi və 500-dən çox şagirdin təhsil almasını təmin edə bilmirdi.

 

Ona görə də Sovet hökuməti, Ermənistan hökuməti, Qafan Rayon Partiya Komitəsi, Rayon İcraiyyə Komitəsi və Rayon Maarif Şöbəsinin təşəbbüsü ilə bu çatışmazlığı aradan qaldırmaq məqsədilə 1978-ci ilin yanvarında yeni məktəb binasının tikintisinə başlanıldı.

 

Yeni məktəb binasının inşası üçün tikinti briqadasına həvalə olundu. Onlara tapşırılmışdı ki, dörd korpuslu binanı yeni dərs ilinə bir həftə qalmış təhvil verməyə söz verdilər.

Açıklama yok.

Məşqulat, Şaiq və Həsən müəllim şagirdləri ilə

 

Doğrudan da, briqada üzvləri verdikləri sözə əməl edərək, dörd korpusdan ibarət yeni məktəb binasını sentyabr 1-də istifadəyə verdilər. Sovet hökuməti bu məktəbi kənd müəllimlərinə və gələcək nəsillərə əvəzsiz bir hədiyyə olaraq bağışlamışdı.

 

Gığı məktəbində təhsil alan Piriyev Bəhruz qeyd edib ki, Gığı məktəbi fəaliyyətə başlayanda 2-3 şagirdi var idi:

Açıklama yok.

“Gığı kəndində məktəb ilk dəfə 1924-cü ildə fəaliyyətə başlayıb. O vaxt məktəbin sadəcə 2-3 şagirdi vardı. Camaat təhsilə yeni alışırdı, elə buna görə də əvvəllər məktəbə getmək, oxumaq bir qədər çətinliklə qarşılanırdı.

 

Əvvəllər məktəbi bitirən şagirdlər ali təhsilli olmasalar da, yaxşı oxuduqları üçün qonşu kəndlərin məktəblərinə ibtidai sinif müəllimi kimi göndərilirdilər. Onlar əsasən Azərbaycan dili fənnini tədris edirdilər. Bu, təhsilə marağın artmasında əhəmiyyətli rol oynayırdı.

 

1978-ci ildə köhnə məktəb binası söküldü. 1980-ci ildə isə yeni məktəb istifadəyə verildi - dörd korpuslu və iki mərtəbəli şəkildə inşa edilmişdi. Maraqlıdır ki, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərənlər sonradan direktor vəzifəsinə qədər yüksəldilər.

Açıklama yok.

Gığı kənd orta məktəbinin direktorları (Əziz Nuriyev və Ağabala Babayev)

 

Gığı kəndində təhsilə maraq həmişə yüksək olub. Demək olar ki, kənddə elə bir ev tapılmazdı ki, orada bir və ya iki nəfər təhsil almış olmasın. Ən çox təhsilli şəxslər də məhz bu kənddən çıxıb. Hətta ən çox həkim yetişdirən kənd kimi tanınır Gığı. 1995-2005-ci illər arasında kəndimizdən çıxan ziyalıların bir çoxu ölkədə yüksək vəzifələrdə çalışıblar. Onlardan bəzilərini qeyd etmək istəyirəm:

 

Eldar Abbasov – Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri,

Səfxan Həsənov – Azərbaycan Respublikasının Qan Bankının baş həkimi,

Qiyas Hüseynov – Ədliyyə Nazirliyinin Baş Tibbi Xidmətinin rəisi,

Fikrət Əliyev – polkovnik, tibb sahəsində xidmət göstərmiş şəxs.

 

Gığı məktəbi ilk dəfə kəndin sağ sahilində qurulub. Məktəb binası dövrün tələblərinə cavab vermədiyi üçün müəllimlər bir otaqda sıx şəraitdə dərs keçirdilər. Məktəb iki növbəli şəkildə fəaliyyət göstərirdi. Elə illər olub ki, 10-11 yaşlı uşaqlar I sinfə gedirdi - çünki daha əvvəl məktəb yox idi, təhsil sistemi hələ tam formalaşmamışdı.

 

Kəndimizə müxtəlif bölgələrdən müəllimlər gəlib dərs deyirdi. İlk təhsil alanlar arasında bu adları xüsusilə qeyd edə bilərəm: İdris Piriyev, Həsən Şəkərəliyev, Ağabala Babayev, Nurəli Qurban, Bəhlul Bayram, Muxtar Baxşəliyev və digərləri. İlk vaxtlarda məktəbdə direktor olmamışdı, çünki ştat və şagird sayı bu vəzifənin yaradılmasına imkan vermirdi. Zamanla şagird sayı artdıqca müəllim heyəti də formalaşmağa başladı.

Açıklama yok.

İdris Piriyev Qori Müəllimlər Seminariyasını bitirmişdi. O, həm də Böyük Vətən müharibəsinin əlili idi – kəndin maarifləşməsində əvəzsiz xidmətləri olub.

 

Məktəbdə informatika fənni də tədris olunurdu. Eyni zamanda müxtəlif fənlər üzrə bilik yarışları - olimpiadalar təşkil olunurdu. Bu yarışlar şagirdlərin savad səviyyəsinin yüksəlməsinə böyük töhfə verirdi.

 

Bu gün fəxrlə deyə bilərəm ki, Gığı kəndi təkcə gözəl təbiəti ilə deyil, həm də savadlı insanları ilə seçilən bir yerdir”,- deyə o qeyd edib.

Açıklama yok.

Gığı məktəbini qızıl medalla bitirən məzun, Qafan Rayon İcmasının sədri professor Eldar Abbasov.

 

İndiyədək Gığı orta məktəbini 1113 nəfər şagird bitirmişdir. Onlardan 12 nəfəri alim, 26 nəfəri həkim, 15 nəfəri mühəndis, yüzlərlə ali təhsilli müəllim və 40-50 nəfər tibb bacısı və ya tibb qardaşı olmuşdur. Hazırda elə bir ailə tapmaq olmaz ki, orada azı bir, iki və ya üç nəfər orta məktəb bitirməmiş uşaq olmasın.

 

Hazırda Gığı kəndində 2 nəfər alim, 10 nəfər həkim, 6 nəfər mühəndis, 6 nəfər tibb bacısı və onlarla müxtəlif ixtisaslı, ali təhsilli müəllim fəaliyyət göstərir.

Açıklama yok.

Əziz Məcid oğlu Nuriyev 1925-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində dünyaya göz açmışdır. Orta təhsilini Gığı kənd məktəbində almışdır. Həmin illərdə kəskin kadr çatışmazlığı mövcud idi və Sovet ideologiyasının əsas məqsədlərindən biri də fəhlə-kəndli təbəqəsinin savadsızlığını aradan qaldırmaq idi. Bu səbəbdən müəllimlərə böyük ehtiyac yaranmışdı.

 

Orta məktəbi yaxşı qiymətlərlə bitirən məzunlar müsabiqə yolu ilə müəllim işinə qəbul edilirdilər. Əziz Nuriyev də savadı və nümunəvi davranışı ilə seçildiyindən müəllim vəzifəsinə qəbul olunmuşdur. 1946-cı ildə qəbul imtahanlarını uğurla verərək İrəvan Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. Daha sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirmiş və 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

 

Təhsil aldığı illərdə də müəllimlik fəaliyyətini davam etdirən Əziz Nuriyev 1968-ci ildə Gığı kənd məktəbinə direktor təyin olunmuşdur. O, həmçinin həmin məktəbdə direktor müavini vəzifəsində də çalışmışdır. 1970-ci ildən etibarən Gığı kənd orta məktəbinə rəhbərlik etdiyi dövrdə, bilavasitə öz təşəbbüsü ilə müasir tipli, ikimərtəbəli yeni məktəb binasının inşasına nail olmuşdur.

Açıklama yok.

Əhmədov Məşqulat Məstəli oğlu 1928-ci ildə Qərbi Azərbaycanın Qafan rayonunun Gığı kəndində anadan olmuşdur. 1946-cı ildə Gığı kənd orta məktəbini bitirdikdən dərhal sonra Qafan Rayon Maarif Şöbəsinin göstərişi ilə Atqız kəndində müəllimlik fəaliyyətinə başlamışdır.

 

Bu dövrdə, İkinci Dünya Müharibəsinin yenicə başa çatması səbəbindən ölkədə ciddi müəllim çatışmazlığı mövcud idi və təhsilin davamlılığı üçün gənc savadlı kadrlara böyük ehtiyac var idi.

 

1947-ci il Məşqulat müəllimin həyatında xüsusi əhəmiyyət daşıyan bir il olmuşdur.

Açıklama yok.

Babayev Ağabala Qulamalı oğlu 1916-cı ildə Gığı kəndində anadan olmuşdur. 1937-ci ildə yeddinci sinfi əla qiymətlərlə bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə İrəvan şəhərinə yollanmışdır. 1940-cı ildə İrəvan Pedaqoji Texnikumunu uğurla başa vuraraq doğma kəndinə qayıtmışdır.

 

Müəllimlik fəaliyyətinə Qafan rayonunun Xələc kəndində başlamışdır. Bir il orada çalışdıqdan sonra Kurud kəndinə göndərilmişdir. Lakin bu kənddə uzun müddət işləyə bilməmişdir. Faşist Almaniyası ilə Sovet İttifaqı arasında baş vermiş müharibə Azərbaycan oğullarının da arzularını yarımçıq qoymuş, onların gələcək planlarının üstündən qara xətt çəkmişdir.

Açıklama yok.

Tanrıverdiyev Baxış Nuruş oğlu 15 avqust 1930-cu ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Qafan rayonunun Gığı kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini doğma kəndindəki orta məktəbdə alıb.

 

Orta məktəbi bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinin kimya-biologiya fakültəsinə qəbul olunub. Təhsili ilə yanaşı, 1951-ci ildən etibarən Gığı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1955-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub.

Açıklama yok.

Baxış və Balay müəllim şagirdləri ilə

 

Baxış müəllim tədris etdiyi kimya və biologiya fənlərini şagirdlərinə o qədər sevdirə bilmişdir ki, onların əksəriyyəti gələcək ixtisas seçimində məhz bu fənlərə üstünlük vermiş, bir çoxu isə əldə etdikləri biliklərə arxalanaraq həkimlik peşəsini seçib.

 

O, ixtisasını böyük sevgi və məsuliyyətlə tədris etmiş, pedaqoji bacarığı və savadı ilə yalnız Gığı kəndində deyil, bütövlükdə Qafan bölgəsində tanınmışdır. Yerli əhali onu kimya və biologiya elminin "atəşi" adlandırırdı.

 

Baxış müəllimin yetirmələri arasında çoxlu sayda kimya və biologiya müəllimləri yetişmiş, onlardan bəziləri elmi iş müdafiə edərək alimlik dərəcəsi də alıb.

Açıklama yok.

Əməkdar müəllim, ensiklopedik biliyə malik Şəkərəliyev Həsən Abış oğlunu hər zaman dərin hörmət və ehtiramla yad edirlər.

 

Həsən müəllim insanlığın ən yüksək zirvəsində dayanan böyük ziyalı, sadə, xeyirxah və nəcib bir şəxsiyyət idi. O, yalnız ailəsinin ağsaqqalı deyil, eyni zamanda qohumlarının və tanışlarının ümid yeri olmuşdur. Nəcib xarakteri ilə daim insanları xeyirxahlığa, dürüstlüyə, insanpərvərliyə və savadlı olmağa təşviq edirdi.

 

Yaxınları və qohumları onun qayğıkeşliyini həmişə hiss edər, özlərini övladları qədər sevildiklərini bilərdilər. O, sadəliyi və fitri istedadı ilə hər kəsin rəğbətini qazanmışdı. İxtisasca riyaziyyatçı olsa da, bütün elmlər üzrə geniş, ensiklopedik biliyə malik idi.

 

Onun zəngin elmi yaradıcılığı nəticəsində riyaziyyat sahəsində özünəməxsus bir məktəb formalaşmışdı. Həyatını riyaziyyat elminə və təhsilin inkişafına həsr etmişdir. Uzun illər Gığı kənd orta məktəbində dərs hissə müdiri kimi çalışıb.

 

Həsən müəllim tez-tez İbn Sinanın məşhur fikrinə istinad edərdi: "Dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur". Bu fikir onun həyat amalını əks etdirirdi.

 

Daim elmi diskussiyalarda iştirak edir, ətrafındakı insanlarla biliyini bölüşməkdən çəkinmirdi. İxtisası iqtisadiyyatla bağlı olan tanışları belə onunla elmi söhbətlərdən zövq alar, onun dəyərli fikirlərindən faydalanardılar. Həsən müəllim iqtisadiyyat sahəsini də dərindən bilən, çoxşaxəli biliyə malik müdrik bir insan idi.

Açıklama yok.

Muxtarova Mənsurə Məşqulat qızı 1952-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində anadan olub. 1959-cu ildə doğma kənd məktəbinin birinci sinifinə gedib. 1969-cu ildə orta məktəbi bitirərək Bakı Ticarət Texnikumunun əmtəəşünaslıq fakültəsinə daxil olub. 1971-ci ildə texnikumu bitirərək əmək fəaliyyətinə başlayıb. 1976-cı ildə ailə qurub. Həyat yoldaşı neftçidir. Üç ali təhsilli övladı, beş nəvəsi var.

 

1924 - 1932-ci illərdə Gığı kənd ibtidai məktəbində dərs deyən müəllimlər:

Səttar Bayramov

Əbülfət Bəxtiyarov

Əfəndiyar Əliyev

Abbas Məmmədov

Məhəmməd İskəndərov

Əhməd Səmədov

Bayram Bayramov

Həsən Şəkərəliyev

 

1934 - 1937-ci illərdə yeddiillik məktəbdə dərs deyən müəllimlər:

Yunis Əfəyev

Hüseyn Bunyətov

Rəcəb Bunyətov

Əhməd Ələkbərov

Hüseyn Zeynalov

Həbib İsmayılov

Ələkbər Məmişov

Nəbi Məmişov

İdris Piriyev

Əbil Rzayev

Ələmqulu Həsənov

Həsənəli Həsənov

Murad Nuruyev

Əbil Babayev

 

1938–1941-ci illərdə orta məktəbdə dərs deyən müəllimlər:

Şəmxal Abasov

Muxtar Bəxşəliyev

Zülfüqar Bunyətov

Əbil Babayev

Nurəli Qurbanov

Yevsey Yenqalıyev

Səfixan Kərimov

Cavad Kəngərli

Nəsib Şəkərəliyev

Həbib İsmayılov

Narıç İsmayılova

Təhməz Əzizov

Fatma Əzizova

Lətif Bəxtiyarov

Süleyman Məmmədov

 

Tünzalə Abbasova

Xəbər lenti