“Nə Sovet təhsil şinelindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.”
Bəs, təhsilimizdə yaranan müəyyən boşluqlara, heç də hamı tərəfindən birmənalı qarşılanmayan, mövcud vəziyyətlə bağlı ziddiyyət xarakterli mübahisə və müzakirələrə səbəb nədir? Mövcud problemi aradan qaldırmaq üçün nələri etmək zəruridir, həllini gözləyən vəzifələr hansılardır?
TƏHSİL.BİZ -in ünvanladığı sualları təhsil üzrə tanınmış mütəxəssis Nadir İstrafilov cavablandırıb. Ekspert bildirib ki, təhsil radikallığı, sıçrayışlar yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş Təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri, təhsil sahəsidə uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılması qeyd edilmişdi. Proqramında təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarətmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Proqramın 6.3 maddəsinə əsasən "Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə "Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu.
Biz isə toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.Yəni təhsilimiz əgər belə demək olarsa, bir növ şərq və qərb sistemləri arasında qalmış oldu. Başqa sözlə, “xarici təcrübə” axtarışına çıxaraq, harda nə gördük, nə eşitdik, nə oxuduq, yerli şəraitin tələbləri nəzərə alınmadan, ümumi ictimai rəy öyrənilmədən təhsilimizə tətbiq etdik. Bir vacib məqamı da nəzərə almadıq ki, beynəlxalq təcrübəni öyrənmək və ona istinad etmək nəinki lazımdır, hətta vacibdir. Ancaq bir şərtlə ki, bu pərəstiş və aludəçilik xarakteri almasın və onu milli maraqlarımıza uyğunlaşdırmaq mümkün ola bilsin.
Qanunvericiliyimizə əsasən təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsidir. Ümumi təhsil isə təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Yəni repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratdıq. Ümumtəhsil tam orta məktəbin vəzıfəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, kokret dar ıxtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə oxumağa marağının itməsinə zəmin yaratdıq.
Məna və mahiyyət etibarı ilə "təhsil proqramı” anlamına gələn əcnəbi mənşəli, cəlbedici "kurikulum” ifadəsini "milli təhsil konsepsiyası” səviyyəsinə qaldırıb, bu sahədə "köklü islahat” aparılması barədə görüntü yaradaraq, ölkənin "Baş İslahat prqramından” diqqəti yayındırdıq, müəllimləri və şagirdləri dilemma qarşısında qoyaraq, onlar üçün əlavə problemlər yaratmış olduq. Gündəlik qiymətləndirmənin ləğv edilərək diaqnostik, formativ, summmativ qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımıllik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər dərindən düşünülməmış dəyişikliklər şagirdlərin əsanamə üzrə nəzərdə tutulmuş hüquq və vəzıfə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu.
Müxtəlif adda və məzmunda yeni tipli təhsil müəssisələri şəbəkəsi formalaşdıraraq şagirdlər arasında çeşidləmə aparıb, savadlıları bir tərəfə, savadsızları digər qütbə cəmləşdirərək sosial təbəqələşmə yaratmaqla şagirdlər arasında rəqabət mühitini pozub, məktəblər arasında süni rəqabət yaratdıq. Müəllimlərin işə qəbulu adı ilə keçirilən müsabiqələrdə yüksək bal toplayanları mərkəzdə, aşağı bal toplayanları isə ucqarlarda yerləşdirərək rayon və kəndlərimizi və onların əhalisinin mənəviyyatını bir az da aşağıladıq.
Qiymətləndirmə mexanizmlərindəki boşluqlar, orta məktəblərdəki klassik “5” ballıq şkala ilə qəbul zamanı tətbiq olunan 700 ballıq qiymətləndirmə arasındakı ciddi uyğunsuzluqlar, müəllim hazırlığında peşəkarlığın məhdudluğu, dərsliklərin lazımi bilik təminatını ödəməməsi,TQDK və Təhsil Nazirliyinin yaranan problemi fərqli prizmalardan qiymətləndirməsı və digər sadalamağa ehtiyac olmayan və çoxlarına məlum obyektiv və subyektiv səbəblər yaranmış vəziyyətdə öz rolunu oynayıb.
Orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurduq, hər testə beş-on sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşıladıq, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etdik. Gec də olsa o qənaətə gəldik ki, qapalı testlərlə yanaşı açıq testlər də lazım imiş. İndi isə testin, ümumiyyətlə qəbul imtahanlarının ləğv edlməsi və ali məktəblərə birbaşa attestat qiymətləri ilə qəbula keçilməsi tərəfdarlarının sayı durmadan artmaqdadır. Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb, onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratdıq, onlardan eyni zamanda reklam vasitəsi kimi istifadə edilməsinə yol verərək, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirdik. Bir xeyli keçəndən sonra zərurət qarşısında qalıb, nəhayət iş dəftərlərini dərslik komplektindən çıxardıq.
Peşələrin ən şərəflisi hesab etdiyimiz peşə sahibləri olan müəllimləri işə götürərkən, çox pilləli və məntiqsiz müsabiqə və imtahana çəkməklə, onlara universitetlərdə illərlə hədər vaxt keçirdiklərini və aldıqları diplomların lazımsız kağız parçasindan başqa bir şey olmadığını anlatdıq, Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensiali və digər infrastrukturları nəzərə almadan 30-a qədər ali və orta ixtisas təhsili müəssisəsinə müəllim hazırlığı səlahiyyəti verdik, Bu zaman tələb-təklif prinsipini pozaraq müəllim artıqlığı yaratdıq. Nəticəsi də o oldu ki, artıq MİQ imtahanlarına hazırlaşmaq üçün müəllimin özünə müəllim müəllim tutmaq lazım olub, Bir vaxtlar imtahan götürən müəllim günümüzdə imtahan verənə çevrilib. Artan tələbatı ödəmək üçünsə əlavə təlimçilər ordusu yaranıb.
Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.
İstəsək də, istəməsək də, razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Daha konkret desək, müəllim məktəbdən, şagird müəllimdən ayrı düşüb. Bu gün nə məktəb əvvəlki məktəb deyil, nə müəllimin nüfuzu əvvəlki nüfuz. Eyni problemlər ali və orta ixtisas müəssisələrində də yaşanır.
Vəziyyətdən çıxış yolunu dərin və hərtərəfli təhlil və araşdırmalar əsasında konkret təkliflər hazırlanmasında və yekun nəticə əsasında əməli tədbirlər həyata keçirilməsində görürəm. Deyək ki, uzun illərdən bəri müzakirələrə səbəb olan dərs ilinin iki həftə - sentyabrın 1-dən sentyabrın 15-nə çəkilməsi bizə nə verdi? Və yaxud, rüblükləri, yarımilliklə əvəz etməklə, aralıq imtahanlarını ləğv edərək, mərkəzləşdirilmiş imtahanlara keçməklə biz nəyə nail olduq? “Məktəbəqədər tərbiyə müəssisələri”ni, “məktəbəqədər təhsil müəssisələri”nə çevirmək, hələ əlavə olaraq, məktəbəhazırlıq qrupları da açıb, daha erkən təhsilə başlamaq, bizə lazım idimi? Hələ, öz doğma dilini düz-əməli mənimsəməyən birincilərə ingilis dilini öyrətməyə, vurma cədvəlini sadalamaqda çətinlik çəkən azyaşlılara informatika dərsi keçmək bu qədərmi zəruri idi. Ali məktəblərə qəbulu ixtisaslar üzrə aparmaqla, ixtisas seçimində məzunlara və repetitor axtarışına çıxan valideynlərə maddi və mənəvi problemlər yaratmaq nə dərəcədə düzgün idi?
Ümumtəhsil məktəbinin vəzifəsı təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlarla yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvı və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir. Sadaladığım və bütövlükdə əhatə etmədiyim bir neçə subyektiv mülahizələrimi bölüşməkdə məqsədim odur ki, irəliyə gedərkən hərdən arxayaçevrilib baxaq və görək ki, nə etməliydik, nə etmişik. Bunun üçün ETN-nin Təhsil institutu var. Araşdırsınlar görək etdiklərimizlə nə qazanmışıq, nə itirmişik. Nə edək ki, heç olmasa bundan sonra itirməyək.
Hələ ki, rəsmi mövqeyimiz, özümüzdən əvvəlkiləri günahlandırmaq:– özümüzü isə sığortalamaqdan ibrətdir:“Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük” – “Düşünürük ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir” və inanırıq ki, “nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.Çarəmiz nədir ki, gözləyək… Əlbəttə, əgər ömür vəfa etsə…