Logo

ADNSU-da “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib

11.09.2025 16:55 34 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnnovasiyalar Mərkəzi” MMC nümayəndələri ilə görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşün məqsədi ADNSU-nun tədqiqat və inkişaf potensialı, xüsusilə süni intellekt sahəsində həyata keçirilən layihələr və fəaliyyətlər barədə ətraflı fikir mübadiləsi aparmaq olub.

Tədbirdə, həmçinin “ASAN AI Hub” barəsində təqdimat təqdim olunub. Qeyd olunub ki, yeni formalaşan bu mərkəz süni intellekt sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi, yerli bacarıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması məqsədilə yaradılıb.

Görüş zamanı universitetdəki mövcud texnoloji infrastruktur, elmi-tədqiqat yönümlü fəaliyyətlər, eləcə də tələbələrin startap təşəbbüslərinə verdiyi dəstək diqqətə çatdırılıb. Hər iki tərəf arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsi, elmi-praktik əməkdaşlığın gücləndirilməsi və süni intellekt sahəsində bilik mübadiləsinin təşkili imkanları geniş şəkildə müzakirə olunub.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında qeyd edib ki, süni intellekt sahəsi universitet üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə əməkdaşlıqların genişləndirilməsi uğurlu nəticələrə gətirib çıxara bilər. O, xüsusilə universitet tələbələrinin bu cür platformalarda iştirak etməsinin həm onların inkişafı, həm də ölkənin texnoloji potensialının güclənməsi baxımından önəmli olduğunu vurğulayıb.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Vüsal Rüstəmov isə bildirib ki, ADNSU-da müşahidə olunan texnoloji bazanın və insan resurslarının səviyyəsi əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Onun sözlərinə görə, “ASAN AI Hub” bu cür tərəfdaşlıqları təşviq etmək və süni intellekt üzrə konkret layihələrin icrasını dəstəkləmək üçün yaradılıb.

Rəqəmsallaşdırma departamentinin direktoru Elviz İsmayılov isə qeyd edib ki, universitet artıq bir sıra süni intellekt və data yönümlü layihələrə start verib və bu sahədə əldə olunan təcrübə yeni tərəfdaşlıqlar üçün ciddi əsas yaradır. O, real sektordan gələn təşəbbüslərin universitet ekosisteminə inteqrasiya olunmasının qarşılıqlı fayda verdiyini bildirib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətlərini daha konkret müstəviyə keçirmək barədə razılığa gəliblər.

 


 

Xəbər lenti