Son illər oxucu məmnuniyyətini artırmaq, məlumatlara çıxışı sürətləndirmək və idarəetməni avtomatlaşdırmaq məqsədilə Mərkəzi Elmi Kitabxanada bir sıra yeniliklər həyata keçirilərək geniş istifadə olunmaqdadır.
Bunu TƏHSİL.BİZ-ə müsahibəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov söyləyib.
H.Hüseynov bildirib ki, kitabxananın veb-saytı dizayn və istifadə rahatlığı baxımından əhəmiyyətli dərəcədə yenilənib: “Azərbaycan kitabxanaları arasında ilk dəfə genişləndirilmiş və funksional “Səsli axtarış” imkanları tətbiq edilib, süni intellekt əsaslı “Kitabxana bələdçisi” hazırlanıb. Burada “Audioresurslar”, “Danışan kitablar”, “Audioteatr” kimi maraq doğuran bölmələr artıq fəaliyyət göstərir”.
Direktor 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan innovativ layihələrdən də söz açıb.
“Elektron xidmətlərin daha da təkmilləşdirilməsi və məlumatların sadə, əlçatan formada təqdim olunması gələn il də MEK-in əsas prioritetləri sırasında yer alır. 2026-cı ildə kitabxanada tətbiq olunan səsli axtarış funksiyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda yalnız “Elektron kitabxana”da tətbiq olunan sistemin yaxın müddətdə “Elektron kataloq”a da inteqrasiya edilməsi planlaşdırılır. Prioritet istiqamətlər arasında Mobil Kitabxana İnformasiya Sisteminin yaradılması, “Elektron arxiv” infrastrukturunun qurulması və süni intellekt əsaslı inklüziv xidmətlərin genişləndirilməsi yer alır.
Azərbaycanda ilk dəfə yaradılacaq Mobil Kitabxana İnformasiya Sistemi mobil rəqəmsal kitabxana və elektron kataloq xidmətlərini vahid platformada birləşdirəcək. Oxucular elmi, tədris və bədii ədəbiyyata istənilən vaxt və məkandan mobil cihazlar vasitəsilə çıxış əldə edə biləcəklər. Bu xidmət həm regionlarda, həm də paytaxtda yaşayan istifadəçilər üçün bərabər imkanlar yaradır, fiziki məhdudiyyətli şəxslərə daha rahat oxu şəraiti təqdim edir və mütaliə prosesində çevikliyi artırır. Sistem süni intellektlə inteqrasiya olunaraq istifadəçilərə fərdi tövsiyələr təqdim edəcək, qeydlərin sinxronlaşdırılmasına və oxu statistikasının analizinə imkan verəcək.
MEK-in 2026-cı il planına, həmçinin kitabxananın sənədləri, elmi və mədəni irsinin rəqəmsal mühitdə uzunmüddətli qorunmasını təmin edəcək “Elektron arxiv” sisteminin yaradılması daxildir. Layihə çərçivəsində arxiv sənədlərinin, foto və audiomaterialların yüksəkkeyfiyyətli rəqəmsal surətləri hazırlanacaq, müasir metadata və təhlükəsizlik standartları tətbiq ediləcək. Yeni sistem tədqiqatçılar və geniş ictimaiyyət üçün tarixi materiallara sərhədsiz və operativ çıxış imkanı yaradacaq.
Bundan əlavə, maraq doğuracaq bir yeniliyin tətbiqi də nəzərdə tutulub. MDB məkanında ilk dəfə olaraq MEK-də xüsusi ehtiyacı olan — kar, lal-kar və zəif eşidən istifadəçilər üçün süni intellekt dəstəkli inklüziv xidmətin fəaliyyətə başlaması planlaşdırılır. Bu yeniliyin kitabxana xidmətlərində bərabərliyin təmin edilməsinə, sosial inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verəcəyinə inanırıq”, - deyə direktor fikrini yekunlaşdrıb.