Logo

BSU-da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

16.12.2025 11:36 181 baxış
IMG

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan “Türk dili – ana dilim” adlı tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin (MM) deputatı, Azərbaycan-Türkiyə(Türkmənistan, Özbəkistan, Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, MM-in deputatı, Türk Dövlətləri Parlament Assambleyasının üzvü Günay Əfəndiyeva, MM-in deputatı, Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hikmət Babaoğlu, Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimində türk dili ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, UNESCO-nun 2025-ci ilin oktyabr ayında Səmərqənd şəhərində keçirilmiş Baş Konfransında qəbul edilən bu qərarın icrasına artıq başlanılıb və türk dilləri ailəsi ilk dəfə olaraq qlobal səviyyədə vahid dil ailəsi kimi qeyd olunur. Bu qərar yalnız türkdilli ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda türk xalqlarının ortaq mənəvi köklərinin, dil və dəyərlərinin beynəlxalq miqyasda tanınmasının parlaq göstəricisidir.

A.Nağıyev qeyd edib ki, UNESCO kimi nüfuzlu, mötəbər beynəlxalq təşkilat tərəfindən türk dillərinin vahid dil ailəsi kimi tanınması və bu münasibətlə xüsusi günün təsis edilməsi ali təhsil müəssisələri baxımından Türkologiya elmin və türk kimliyinin qlobal nüfuzunun artmasının açıq ifadəsidir. Bu addım türk dillərinin bəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Rektor Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin bu günün mahiyyətini ifadə etdiyini qeyd edərək, Türk Dövlətləri Təşkilatının türk xalqları arasında siyasi, iqtisadi və humanitar sahələrdə həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, türk dilləri ailəsi yalnız elmi- linqvistik anlayış deyil, minilliklər boyu formalaşmış ortaq tarixi yaddaşın, mədəni irsin və mənəvi birliyin daşıyıcısıdır. 

Çıxışda Ulu Öndər Heydər Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində ardığı tarixi addımlar, eləcə də Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları xüsusi vurğulanıb.

A.Nağıyev bildirib ki, 2012-ci ildə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında yaradılan Türk Dövlətləri Universitetlər Birliyi və “Orhun” Mübadilə Proqramı elm və təhsil sahəsində əməkdaşlığı təşviq edir, BSU isə 2024-cü ildən etibarən  Türk Dövlətləri Universitetlər Birliyinin üzvüdür.

Rektor qeyd edib ki, BSU-da fəaliyyət göstərən Türk Araşdırmaları Mərkəzində, həmçinin Türkologiya və Balkanşünaslıq kafedralarında türk dilinin öyrənilməsi, türkoloji tədqiqatların aparılması universitetin mühüm əsaslardan birini təşkil edir. A.Nağıyev bildirib ki, BSU-da türk dilləri qrupundan Azərbaycan dili ilə yanaşı,  Türk dili və ədəbiyyatı, Regionşünaslıq (Balkan, Mərkəzi Asiya ölkələri və Türkiyə üzrə) ixtisaslarında tədris olunur.

Çıxışda BSU-nun Bolqarıstan, Ukrayna, Belarus və Rusiyada fəaliyyət göstərən mərkəzlərində Azərbaycan dili dərslərinin təşkili, eləcə də xarici tələbələr üçün hazırlanmış Azərbaycan dili dərslikləri barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan dilinin və mədəniyyətinin qlobal təbliği BSU-nun əsas məramlarından biridir.

Rektor son dövrlərdə BSU-nun türk dünyasının bir sıra nüfuzlu ali təhsil müəssisələri – Qazaxıstanın Şimkent Universiteti, Türkiyənin Mərmərə, Trakya, Tekirdağ Namik Kamal, Rumeli universitetləri, eləcə də Özbəkistan Namanqan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini bildirib.

Sonda vurğulanıb ki, 200 milyondan çox insanın danışdığı türk dilləri ailəsi dünyanın ən böyük dil qruplarından biridir və bu zənginlik gələcəkdə daha güclü və inteqrasiya olunmuş türk birliyinin formalaşmasına mühüm töhfə verəcək. 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ortaq dilimizin, ortaq kökümüzün və ortaq mənəvi dəyərlərimizin bayramıdır.

Tədbirdə MM-in deputatı, Azərbaycan–Türkiyə (Türkmənistan, Özbəkistan və Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Dünya Türk Dili Ailəsi Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Qeyd olunub ki, avropalı türkoloq alim Vilhelm Tomsen 1893-cü il dekabrın 15-də “Orxon” kitabələrinin türk dilində yazıldığını beynəlxalq elmi ictimaiyyətə təqdim edib. Bu tarixi fakt Dünya Türk Dili Ailəsi Gününün məhz həmin gün qeyd olunmasına rəmzi məna qazandırır.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı çıxışında vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncənin, mədəniyyətin və mənəvi dəyərlərin ifadə formasıdır. Onun sözlərinə görə, dil xalqın dünyagörüşünü, tarixi yaddaşını və intellektual irsini nəsildən-nəslə ötürən əsas amildir.

MM-in deputatları Mehriban Vəliyeva, Günay Əfəndiyeva,Hikmət Babağoğlu və Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova çıxışlarında dilin nəsillərarası körpü olduğunu, bir xalqın dili yaşadıqca onun gələcəyinin də qorunduğunu qeyd ediblər. Türk dilinin qədim tarixi və birləşdirici rolu xüsusi vurğulanıb.

Daha sonra Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Əsr Türkün Olacaq”mahnısının klipi nümayiş olunub.

Tədbir 3 nömrəli Uşaq Yaradıcı Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə ilə davam edib.

Xəbər lenti