Logo

NDU-nun Tibb fakültəsi əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

09.03.2022 10:15 487 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, tibb üzrə fəlsəfə doktoru, professor İsa Abdullayev və tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov Türkiyə Cümhuriyyətinin Adana şəhərində keçirilən V Çukurova Gastro-İntestinal Xəstəliklər və Cərrahi Konqresində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, Beynəlxalq səviyyədə təşkil olunan konqresə bir çox təcrübəli elm adamları olmaqla, 850-dən artıq iştirakçı qatılıb.

Təcrübələrin paylaşılması məqsədilə 8 bölmədə keçirilən tədbirdə video və foto təqdimatlar üstünlük təşkil edib.  

Türkiyə Ostomi Cərrahi Dərnəyi, Adana Egitim və Araşdırma Xəstəxanası, Adana Çukurova Universiteti, Azərbaycan Endoskopik Laproskoplar Dərnəyi, Gastroenteroloji Diyetoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən konqresdə cərrahi xəstəliklər başda olmaqla, həzm sisteminə daxil olan orqanların ümumi və metabolik xəstəlikləri müzakirə mövzusu olub. 

Konqresin açılış mərasimində çıxış edən Tibb fakültəsinin dekanı Elsevər Əsədov Naxçıvan Dövlət Universitetinin son illərdə qazandığı elmi uğurları, qardaş Türkiyə Universitetləri ilə  birgə  aparılan beynəlxalq əməkdaşlıq məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konqresdə Tibb fakültəsinin “Ümumi təbabət və klinik fənlər kafedrası”nın professoru İsa Abdullayevin “Kəskin pankreatitlərin müalicəsində müvəqqəti kimyəvi pankreatektomiyanın klinik əhəmiyyəti”, həmin kafedranın dosenti Cəbi İsmayılovun “Hepatoeksternal öd yollarının İatrogen hasarları” və fakültə dekanı Elsevər Əsədovun “Naxçıvan MR ərazisindən əldə olunan arıçılıq məhsullarının həzm sistemi xəstəliklərinin müalicəsində rolu” mövzularında çıxışları dinlənilib. 

Çıxışlarda qeyd edilib ki, ümumi cərrahiyyənin əsas mövzularından biri olan həzm sistemi xəstəliklərinin, xüsusən də xərçəngin yayılmasının günümüzdə çox artmasının şahidi oluruq.

Bildirilib ki, qida borusu, mədə və yoğun bağırsaq xəstəliklərinin cərrahi müalicəsi hələ də öz əvəzedilməz xüsusiyyətini qoruyub saxlayır. Bu sahədə açıq cərrahi əməliyyatla yanaşı, laparoskopik, robotik və endoskopik tətbiqlərin həyata keçirilməsinin məqəduyğunluğu da diqqətə çatdırılıb. Həmçinin, müzakirələrdə qeyd olunub ki, müalicə prosesində uğurların əldə olunması üçün bu sahədə sürətlə artan elmi araşdırmaları, nəşrləri və texnoloji inkişafları daima izləmək, müalicə üsullarının multidisiplinar müzakirə edilməsi vacibdir. 

Bölmə iclaslarının təşkilində professor İsa Abdullayevin da iştirakı təmin edilib. 

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim olunub, gələcəkdə belə konqreslərin Naxçıvanda keçirilməsi də müzakirə edilib. 

Qeyd edək ki, konqres ümumi cərrahlar, cərrah köməkçiləri, dietoloqlar, tibb tələbələri və tibb işçiləri üçün mühüm əhəmiyyət daşıyan bir tədbir olub. Konqres texnologiya və cərrahiyyənin bir araya gəldiyi konfranslar, canlı yayımlar, ekspert məsləhətləşmələri və dəyirmi masa müzakirələri ilə yanaşı, təcrübəli mütəxəssislərlə görüş imkanlarının da dəyərləndirilməsi baxımından da öz əhəmiyyətliliyi ilə yadda qalıb. 

Xəbər lenti