UNICEF : "Uşaqlar bir il daha məktəblərin bağlanması ilə üzləşsələr, gələcək nəsillər üçün nəticələr hiss olunacaq"
"Pandemiyanın ikinci ilinə girdiyimizə və xəstəlik hallarının sayı bütün dünyada artmaqda davam etdiyinə görə məktəblərin açıq qalması və ya açılış planlarında onlara yenidən prioritet diqqət yetirilməsi üçün bütün səyləri göstərmək lazımdır". Bu barədə UNICEF-in icraçı direktoru Henrietta Forenin bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, məktəblərin bağlanmasının uşaqlara mənfi təsirinin təkzibedilməz sübutlarına, eləcə də məktəblərin pandemiyanın hərəkətverici qüvvələri olmadığına dair sübutların artmasına baxmayaraq, çox sayda ölkədə məktəblər bağlandı, bəzi ölkələr isə təhsil müəssisələrində tədrisi dayandırmaq qərarına gəldi.
"Bütün dünyada pandemiyanın ən yüksək yayılma nöqtəsində şagirdlərin 90 faizi zərər çəkdi və üçdə- birindən çoxunu distant təhsilə girişdən məhrum edən məktəblərin bağlanmasının nəticələri çox böyük idi. Uşaqların oxuma, yazma və əsas riyaziyyat bacarığı zərər gördü və onların 21-ci əsrin iqtisadiyyatında inkişaf etdirməli olduqları bacarıqlar azaldı. Məktəblilərin sağlamlığı, inkişafı, təhlükəsizliyi və rifahı təhlükə altındadır. Onlardan ən həssas olanlar ən ağır zərbəni alacaqlar. Məktəbi tərk edən uşaqların sayı 24 milyon artaraq ən yüksək səviyyəyə çatacaq.
Məktəb yeməyi olmadan uşaqlar ac qalırlar və qidaları pisləşir. Həmyaşıdları ilə gündəlik ünsiyyət qurmadıqlarına görə və hərəkətlilikləri azaldığından onlar fiziki formalarını itirir və psixi pozuntular əlamətləri özünü göstərir. Məktəbin tez-tez təmin etdiyi müdafiə sistemi olmadan, şagirdlər zorakılıq, uşaq nikahı və uşaq əməyi üçün daha həssasdırlar".
Bəyanatda belə bir fikir yer alıb ki, bu səbəblərdən məktəblərin bağlanması bütün digər variantlara baxıldıqdan sonra ən son variant olmalıdır!".
İcraçı direktor hesab edir ki, yerli səviyyədə təhsil verilmə riskinin qiymətləndirilməsi məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsində əsas amil olmalıdır: “Mümkün qədər ölkə daxilində məktəblərin bağlanmasından qaçmaq lazımdır. Sağlamlıq sistemlərinin güclü təzyiq altında olduğu və məktəblərin bağlanmasının qaçılmaz sayıldığı cəmiyyətlərdə infeksiyanın ötürülməsinin yüksək səviyyədə müşahidə edildiyi yerlərdə qoruyucu tədbirlər görülməlidir”.
Bəyanatda vurğulanır ki, məhdudiyyətlərin ləğv edilməsindən sonra hökumətlərin ilk addımı məktəblərin açılması olmalıdır. Məktəblər açıldıqdan sonra, ilk növbədə, əlavə dərslərə diqqət yetirilməlidir ki, uzaqdan təhsil ala bilməyən uşaqlar tədrisdən geridə qalmasınlar.
"Uşaqlar bir il daha məktəblərin bağlanması ilə üzləşsələr, gələcək nəsillər üçün nəticələr hiss olunacaq",-deyə sənəddə qeyd edilir.