“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir.
Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun öz dövrünün reallıqlarını əks etdirirdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm dəyişikliklərin baş verməsi, siyasi proseslərin cəmiyyətə diqtə etdiyi reallıqlar yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edirdi.
Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri tərəfindən “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət edilmişdir.
Hazırkı reallıqlara tam cavab verən Yeni Qanun layihəsi hazırlanarkən sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq, siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir. Yeni Qanun 6 fəsil, 30 maddədən ibarətdirki, Qanunun hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilmiş, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır.
“Siyasi partiyalar haqqında” yeni Qanun hazırlanarkən atılan daha bir mühüm addım aidiyyəti bütün sferaların fikirləri öyrənilməsi idi. Belə ki, Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi, yeni layihə ilə tanış olub təkliflər səsləndirildi. 47 siyasi partiya Milli Məclisə yazılı formada 250-dən çox, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən isə irəli sürülmüş 100-dən çox təklif nəzərdən keçirildi. Eyni zamanda Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirildi.
Yeni hazırlanan Qanun layihəsində çox ciddi dəyişikliklər edilib. Belə ki, Yeni Qanuna əsasən seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcəklər. Bununla yanaşı, partiyaların yaradılması üçün üzv sayı 10 mindən 5 min nəfərə endirilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Bununla da, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.
Ümumilikdə təkliflərin də yer aldığı Qanunda əksini tapan 30 maddənin hər biri Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiqləyir. Göründüyü kimi ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir və siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşmışdır. Beləliklə, Siyasi partiyalar haqqında" qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi münasibətlərin qurulması və bundan sonra da demokratik əsaslarla inkişaf etməsi üçün möhkəm hüquqi əsas yaradacaqdır.
Eldar Aslanov
ADPU-nun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent