Əməkdar jurnalist Qərənfil Dünyaminqızının "General, yoxsa "özünəməxsus" cəza üsulları olan quldur?" başlıqlı araşdırması Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklərin ölkəmizi işğal edərək heç bir qanuna sığmayan cinayət əməllərindən, onların imperiya maraqlarını, müstəmləkəçilik institutunu icra edən quldurbaşı dəstənin üzvlərindən – tör-töküntülərindən bəhs edir.
Əvvəla qeyd etmək lazımdır ki, bu yazı müəllifin milli təəssübkeşliyindən irəli gələn məsələdir. Və başlıca şərtdir ki, araşdırmaçı alim həmin dövrü çox gözəl xarakterizə edir. "General"ın fəaliyyəti, onun hardan gəlib, hara getməsi, özünə yer, məkan seçməsi və istənilən bir quruluşda, dövlətdə tutduğu vəzifəsindən maksimum sui-istifadə edərək yuxarıda qeyd etdiyimiz kimi, cinayətlərlə dolu əməl və hərəkətləri yüzlərlə, minlərlə insanların taleyinə, həyatına, yaşayışına, bütövlükdə ölkədə Azərbaycan xalqının və millətinin başına ən ağır, ən dəhşətli bəlalar gətirmişdir. Heç şübhəsiz ki, yazıda bunları qeyd edərkən, xüsusilə müəyyən tədqiqatçıların da bu barədə fikri var ki, tək 1920-26-cı illəri əhatə edən dövrdə Azərbaycanda qırx iki, digər rəqəmlərdə isə qırx altı min soydaşımız qətlə yetirilmişdir.
Stepan Federoviç Yemelyanovun törətdiyi cinayətlər həmin 1920-26-cı illərdə, hətta bu işdə yüksək vəzifəyə təyin olunmuş ermənilərin əvvəlcə Şaumyan, həmçinin digər yanların, xüsusən də Azərbaycana rəhbərlik etmiş Mirzoyan soyadlı şəxsin xalqımızı, əsasən ziyalılarımızı, zəhmət adamlarını, ölkə və millətə fayda verən şəxsləri qətlə yetirmiş, vəzifə və qulluq mövqeylərindən tamamilə sui-istifadə edərək onları məhv etmişlər. Mirzoyanın Azərbaycana rəhbərlik etdiyi dövlərdə qırğının miqyası geniş, qətlə yetirilən insanların kəmiyyətcə çox olması görünür. Həmçinin Şəki, Gəncə, Qarabağ və digər bölgələrdə əhalinin quruluşun amansızlığına, ədalətsizliyinə, gətirdiyi bəlalara qarşı irili-xırdalı kənd üsyanları olmuşdur. Hesab edirəm ki, geniş tədqiqat aparılsa üç yüzə yaxın (bəlkə də çox) kənd üsyanlarının baş verdiyini görmüş olarıq.
Qərənfil Dünyaminqızının zəhməti, intellekti, apardığı araşdırma və tədqiqatlar xüsusi önəm daşıyır. Ancaq eyni zamanda həmin dövrün ilkin mərhələsi məhz Şaumyandan başlayaraq Mirzoyanın və yuxarıda qeyd etdiyimiz kimi, digər yanların "fəaliyyətləri" nəticəsində hasil olmuşdur. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, insan təhsilsiz ola bilər, bəşəri praktikada təhsili natamam olub, yüksək vəzifə tutub ölkəyə, xalqa, insanların rifahına fayda, xeyir verən onlarla şəxsləri qeyd etmək olar, ancaq bunların niyyəti, amalı, məqsədi məhz burada müstəmləkəçilik, ayrı-seçkilik, cinayət, vəzifəsindən sui-istifadə etmək, Azərbaycan aydınlarını qırmaq və plan doldurmaq idi. Mərkəzdən alınan rəsmi əmrlər, arayışlar, göstərişlər, millətçi damğası adı altında şər və böhtanla, iftira ilə bir xalqı məhv etmək, sıradan çıxarmaq bunların törətdiyi əməllərin motivini, mahiyyətini təşkil edirdi.
Bu məqamda bir faktı xüsusilə qeyd etmək lazımdır ki, 1926-cı ildə türk xalqlarının qurultayı keçirilərkən, məhz o yığıncağın işində nə qədər fəal ədiblər, tarixçilər, ədəbiyyatşünaslar, alimlər – Bəkir Çobanzadə, Vəli Xuluflu kimi düşünən beyinlərin timsalında minlərlə aydınlarımızı mənəvi və fiziki məhv etmişlər. Xəlil Rza Ulutürkün şeirində olduğu kimi "Davam edir 37". Şair həmin əsəri SSRİ-nin süqutunun astanasında yazmışdır.
Məhz imperiyanın maraqları yalnız xalqların müstəqilliyini, azadlığını, onun suverenliyini, ərazi bütövlüyünü məhv etmək deyil, həm də ölkənin bütün sərvətini tar-mar etmək, mənimsəmək, oğurlayıb Rusiyanın, Peterburqun, Moskvanın, Parisin muzeylərinə daşımaqdır. Bu gün həmin qiymətli eksponatlar, zəngin stendlərlə bəzədilmiş cürbəcür antik əşyalar məhz Təbrizdən, Gəncədən, Bakıdan, Bərdədən, Dərbənddən – Azərbaycan torpaqlarından, eyni zamanda da Əlcəzair kimi, Afrikanın zəngin ölkələrindən talan edilmiş qiymətli əşyalar yuxarıda qeyd etdiyimiz ölkə muzeylərinin zəngin eksponatlarının tərkib hissəsidir.
Sonralar həmin Mirzoyan Qazaxıstana rəhbər vəzifəyə təyin olunur. Qazax xalqını da eyni türkdilli xalqların – Azərbaycan türklərinin, burada yaşayan digər etnosların başına gətirdiyi müsibətləri Qazaxıstanda da həyata keçirmişdir. Yüzlərlə, minlərlə insanları saxta məhkəmələrlə, ittihamlarla məhv etmişlər: imperiya maraqlarını həyata keçirmiş, eyni zamanda da məhvinə səbəb olduqları insanların əmlaklarını həm özləri, həm də ağaları üçün yağmalamışdılar. Bütün bunlar insanlıq əleyhinə cinayətdir. Quruluşun gətirdiyi bəlalar və onların icraçıları təəssüflər olsun ki, Çar Rusiyasından üzü bugünə qədər davam etməkdədir.
Baş verən proseslər bu gün də davam edir. Acı təəssüf ki, Yemelyanovun quldur əməllərini bu gün içimizdə rəngini, sifətini dəyişərək "milli" formada özünü göstərən, maskalanaraq cinayət əməllərini həyata keçirənlər də az deyildir.
Bütün bunlar Azərbaycanın sağlam imicinə, müstəqilliyimizin güclənməsinə, qüdrətinə zərbədir. Demokratik ab-havaya mənfi təsirdir. Şükürlər olsun ki, bu gün Hərbi Məhkəmələr qanun pozuntularını aşkara çıxarır, sapı özümüzdən olanları qanuna müvafiq olaraq cəzalandırır. Bu gün dövlətimiz, xalqımız şər qüvvələrə qarşı layiqincə mübarizə aparır.
Ancaq bir məqamı yaddan çıxarmaq olmaz. Nə qədər ki, eybəcər reallıqları, rüsvayçılıqları, cəmiyyətin, quruluşun, ölkəmizin sağlam yolda irəliləməyinə mane olan qüvvələr ifşa olunaraq qanun qarşısında cəzalanmayacaqsa bu cür xislətli varlıqlar yağışdan sonra göbələk kimi yenidən artmağa başlayacaqlar.
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi