Əqidə sahibi olmaq. Qidəmdən qalan imanımıza, inancımıza inanmaq. Yox olana dəm (nəfəs) vermək. İnterneti bürüyən zəhərli fikirlərdən – boğucu dəmdən, dəm vuran-züy tutanlardan qaçmaq. Dəmi (zamanı) doğru dəyərləndirmək...
O gündən, bu günə dirilib-durmuş bir qəzəl beyti var:
Dəmi həmdəm olmayana, həmdəm deməyim?
Dəmi kim, həmdəm ilə keçməyə, həmdəm deməyim?
– Xariqüladənin xariqə misrasına şəkk eliyə bilmərəm. Fəqət, "dəmi həmdəm olmayana, həmdəm de"yə bilmərəm...
Ancaq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbələri Zeynalova Fatimə və Yusifli Tehran öz yazıları ilə bugünkü hadisələrə, qardaş Türkiyənin ağır durumuna, həm də şəhid ruhuna həmdəm olmağı bacardılar... Yüksək intellektləri, milli kimlikləri və identifikasiyaları ilə...
Onlar Yara – Tanrıya yar, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərə, Azərbaycanda 44 günlük Vətən savaşında şəhid olanlara ruhən məhrəm və məlhəm oldular... Yazıları ilə Nəsiminin qəzəli üstə kökləndilər:
Yar ilən həmdəm olanlar heç dəm urmaz özgəyə,
Talibi-yar olmayanlar dünyaya məhrəm deyil.
Tələbələr "Həmdən-həmə yazdıq, bəmdən-bəmə başa düşənlər özləri bilər" deyib susdular və yazıları danışdı.
Hər iki müəllif Azərbaycan-Türkiyə nümunəsini Allaha inamda, kökə bağlılıqda və sağlam əməldən doğan birlikdə görür. Yusifli Tehran Bəxtiyar Vahabzadədən misal çəkərək yazır:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
Çox yerində səslənən fikirdi. Əgər oğlun biri dardadırsa, demək ki, köməyə gələn digər qardaşı var... Bir ağacın qolu qırılıbsa, demək o ağacın yenidən pöhrələnəcək qolu-budağı olacaq, çünki sağlam kökü vardır.
Yusifli Tehran öz yazısında qardaş ölkədə fəlakət nəticəsində həyatlarını itirənləri, Zeynalova Fatimə də Vətən müharibəsində haqqın dərgahına qovuşan doğmalarımızın şəhidlik ucalığından bəhs edir. Hər iki müəllif bildirir ki, Vətən müharibəsində Türkiyənin qardaşlıq, insanlıq nümunəsi xalqımıza qarşı necə idisə, indi də Türkiyədə baş verən zəlzələdə bizim canyanğımız eyni ölçüdədir. Hər iki gənc jurnalist müharibəni zəlzələ qədər təhlükəli, zəlzələni də müharibə qədər amansız bilir. Və hər iki müəllif çətin məqamlarda xalqın inamından, birliyindən xüsusi olaraq söz açır. Həqiqətən də köklü xalqlar çətin zamanlarda öz birliyi nəticəsində qüdrətilə birlikdə ortaya çıxar – Dəmir Yumruq olmağı bacarır.
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi