Logo

Bənövşə Məmmədova: "ADU-nun Tərcümə fakültəsinin əhatə dairəsi daha da genişlənir"

30.07.2023 23:17 746 baxış
IMG

Azərbaycanda erməni dilinin professional səviyyədə tədrisi zərurəti, şübhəsiz ki, bədnam qonşularımızın nə "böyük mədəniyyət?", nə "güclü iqtisadiyyata", nə də "dünyaya verdikləri mühüm töhfələr"lə bağlıdır. Məsələ burasındadır ki, müharibə aparan ölkələr tək orduları ilə döyüşmür, eyni zamanda dil, mədəniyyət, iqtisadiyyat ilə də döyüşməli olur. Vətən müharibəsindən keçən 3 illik zaman sübut etdi ki, informasiya əməliyyatları, düşmən ölkənin dilinin akademik səviyyədə mənimsənilməsi hibrid müharibənin bütün dövrlərində aktualdır. Hərbi əməliyyatların aktiv fazası bitsə də, ermənilərin yenidən təxribata əl atmayacağına hansısa bir təminat yoxdur. Digər tərəfdən Ermənistanla sülh müqaviləsi bağlanılacağı təqdirdə, Xankəndində yaşayan Azərbaycan vətəndaşı hesab edilən ermənilərin inteqrasiyası məsələsi və bütövlükdə Ermənistanla qonşu olaraq yaşamaq özlüyündə erməni dilinin, tarixinin, ideologiyasının, iqtisadiyyatının hər zaman öyrənilməsini aktual edir. Söhbətimizə bu fikirlərlə başladığımız Azərbaycan Dillər Universiteti (ADU) Tərcümə fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Bənövşə Məmmədova fakültədə, digər dillərlə yanaşı, erməni dili ixtisasının da açılmasının əhəmiyyətindən söz açdı. O, üzümüzə gələn dərs ilindən bu ixtisasın tədrisinə başlanılacağını bildirdi.

Tərcümə fakültəsində yeniliklər bununla bitmir. Universitet həmçinin Çin dili ixtisasının tədrisi məsuliyyətini də öz üzərinə götürüb. B.Məmmədova bu dillərin tədrisinin tələbələr üçün hansı müsbət vədlər verdiyi haqqında geniş danışdı. Onun sözlərinə görə, ölkədə aparılan islahatlar, siyasi-iqtisadi əlaqələrin genişlənməsi və Azərbaycanın dünyada yaxşı mənada barəsində ən çox danışılan, inkişaf etmiş dövlətlər sırasında olması əsas verir ki, burada dillərin öyrənilməsi daha da təkmilləşdirilsin: "Uzun zamandır, təxminən 20 ildən çoxdur ki, Tərcümə fakültəsində 6 dil üzrə kadr hazırlığı aparılır. Qərara gəldik ki, bu sıraya yeni dillər əlavə olunmalıdır. Sadəcə olaraq, pandemiya 2 il işlərimizi ləngitdi. Amma biz yenə də böyük güc və səylə bu işləri davam etdirdik. İndi ADU-nun Tərcümə fakültəsinin əhatə dairəsi daha da genişlənməkdədir. Keçən il fakültəmizdə ərəb dilinin tədrisinə başlanıldı, tədris olunan dillərin sayı 7-yə çatdı. Cənab Prezident İlham Əliyevin apardığı siyasət onu deməyə əsas verir ki, ərəb ölkələri ilə çox sıx əlaqələrimiz var. Bu gün əmək bazarında ərəb dili tərcüməçilərinə çox böyük ehtiyac duyulur. Ərəb dili üzrə ikinci kurs tələbələrimiz var artıq. Hətta keçən il birinci kursdan bir tələbəmiz Küveytdə təhsil almağa getdi. Bu il isə iki tələbəmiz Küveytə gedir. Bu da onu göstərir ki, tez bir zamanda biz artıq müəyyən qədər nailiyyət əldə etmişik. O ki qaldı Çin dilinə, düzdür, bu dilin dünyada ingilis dili qədər təsiri yoxdur, amma fakt odur ki, sayca ən çox danışılan məhz bu dildir. Bu ildən fakültədə Çin və erməni dillərinin tədrisinə başlanılır. Çox təəssüf ki, ölkəmizdə Çin dili üzrə tərcüməçi qıtlığı kifayət qədər böyükdür. Demək olar ki, mütəxəssis yoxdur. "Çin dili - regionşünaslıq" ixtisası var, amma sırf tərcüməçi kimi deyil. Bu sahədə ölkədəki boşluq özünü aydın göstərir. Ümumiyyətlə, son dövrlərdə Koreya, Çin, yapon və digər Asiya dillərinə gənclərdə çox böyük maraqyaranıb".

Dekan dedi ki, hələlik "Koreya dili - rus bölməsi" üzrə kadr yoxdur, bu sahədə cəmi 1-2 nəfər tapdıq ki, həmin şəxslərlə tədris planlaşdırılır: "Rus bölmələri üçün də şərait yaradırıq. Çünki rus bölməsi Azərbaycan bölməsində təhsil ala bilmir. Məcburdur ki, rus bölməsi üzrə müraciət etsin. Kadr azlığından biz bir il bu tədrisi apara bildik. Rus bölməsi üzrə Koreya, Çin və yapon dilləri üzrə abituriyentlərdən çoxlu zənglər gəlir ki, bu ixtisaslar niyə tədris olunmur? Və əgər maraq, tələbat varsa, niyə də tədris olunmasın..."

Erməni dilinin tədrisi zərurəti barədə danışan B.Məmmədovanın sözlərinə görə, əslində bu istiqamətdə bir xeyli gecikdiyimizi də söyləmək mümkündür: "Biz indi qalib ölkəyik. Bu gün bəzi Avropa ölkələrinin hərbi məktəblərində 44 günlük Vətən müharibəmizdəki döyüş taktikasını öyrədirlər. Bu o deməkdir ki, biz bir çox güclü dövlətlərə nümunə bir ölkəyə çevrilmişik. Müasir dünyada savaş təkcə silahla aparılmamalıdır, müharibə hybrid anlayışdır indi. Vətən müharibəsi günlərində Tərcümə fakültəsinin tələbələri sosial şəbəkələrdə düşməni 6 dildə susdururdu. Düşmənin istifadə etdiyi əsasən ingilis və rus dilidir. Amma bizim tələbələr ispana ispan dili ilə, Koreya mətbuatına və insanlarına məhz Koreya dilində həqiqətləri çatdırırdı. Bu o deməkdir ki, biz öz gücümüzü həm hərbi yolla, həm də informasiya yolu ilə göstərə bilirdik. Bu, bir dövlətin strateji məsələsidir. Xarici dillərin, o cümlədən, erməni dilinin tədrisi ilə biz ölkə üçün zəruri kadr hazırlığı işi aparırıq. Bizə çox böyük dəstək var. Elm və Təhsil Nazirliyinin bizə dəstəyi onu göstərir ki, ölkə olaraq buna hazırıq. Təbii ki, hörmətli rektorumuz akademik Kamal Abdullanın dəstəyi ilə bu dilin tədrisi bizə həvalə olundu".

B.Məmmədova bildirdi ki, qardaş Türkiyədə universitetlərin nəzdindəki, yaxud müstəqil fəaliyyət göstərən ermənişünaslıq mərkəzləri kifayət qədər təcrübəyə malikdir. Türkiyədə 2001-ci ildən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin nəzdində Erməni Araşdırmaları İnstitutu fəaliyyətə başlayıb, hətta onlar "Erməni araşdırmaları" jurnalını da nəşr etdirirlər. Qonşu Gürcüstanda da erməni dilinin öyrənilməsinə hələ ötən əsrin 20-ci illərində başlanılıb, 1922-ci ildə Tbilisi Universitetində armenistika kafedrası açılıb. 1960-ci ildə yaradılmış Gürcüstan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən olub. Ermənistanda Azərbaycan dilinin öyrənilməsinə hələ sovet dönəmində başlanılıb. 2012-ci ildə isə İrəvan Dövlət Universitetinin təşəbbüsü ilə Azərbaycan dili dərsliyi çap olunub. Azərbaycan dili həmçinin İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində də ayrıca kurs kimi öyrədilir: "Bunları deməkdə məqsədim budur ki, Ermənistanda Azərbaycan dilinin öyrənilməsinə daha tez başlanılıb və bu gün də daha sürətlə davam etməkdədir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, milli və təhlükəsizlik maraqlarımızın, ərazi bütövlüyümüzün qorunmasının, işğalçı düşmənə qalib gəlməyimizin ən təsirli vasitələrindən biri də onu öz silahı ilə məğlub etməkdir. Tərcümə fakültəsində erməni dili ixtisasının açılmasında əsas məqsəd bu məkrli qonşumuzun dilini, tarixini, mədəniyyətini, ideologiyasını, identikliyini araşdırmaq və öyrənmək, həmçinin düşmən ölkənin dilində danışan mütəxəssislərə sahib olmaq, bu istiqamətdə dövlətimizin müəyyənləşdirdiyi strateji hədəflərə çatmaqdır.

Dekanın fikrincə, hansısa dili internet resurlarından da öyrənmək olar, amma akademik səviyyədə dil öyrənmək tamam fərqlidir: "Biz tərcüməçi yetişdirdiyimizə görə dilin akademik tərəfini öyrədirik. Yəni tələbələrə hansısa ölkənin mədəniyyəti, tarixi, iqtisadiyyatı və sair sahələri də öyrədilir. Abituriyentlərə məsləhətim budur ki, həvəsləri və istəkləri varsa, mütləq bizdə tədris edilən dillərdən birini seçsinlər. ADU-nun Tərcümə fakültəsində BMT-nin rəsmi dil kimi qəbul etdiyi 5 dilin dördü tədris olunur. Bu o deməkdir ki, dünyanın qəbul etdiyi əsas dilləri burada öyrədirik. Həvəsi və marağı varsa, özünü bu istiqamətdə inkişaf etdirəcəksə, biz hər bir abituriyenti qəbul etməyə hazırıq".

Firuzə MƏLİKZADƏ

ADU-nun Beynəlxalq jurnalistika ixtisasının tələbəsi

Xəbər lenti