Logo

Akademik: Qarabağ və Şərqi Zəngəzurun tarixi irsinin öyrənilməsi əsas vəzifələrdəndir

12.01.2026 15:11 38 baxış
IMG

Azərbaycan tarix elminin inkişafı və milli yaddaşın qorunması bu gün böyük əhəmiyyət kəsb edir. Tarixi faktların obyektiv öyrənilməsi, təhrif olunmuş dövrlərin yenidən araşdırılması və nəticələrin cəmiyyətə çatdırılması bu sahənin əsas vəzifələrindəndir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı açıqlamasında tarix elminin aktual problemlərindən danışıb. O qeyd edib ki, bu gün Azərbaycan tarix elminin qarşısında duran problemlərdən biri milli tariximizin bütün mərhələlərinin obyektiv, faktlara əsaslanan və müasir elmi metodologiyalarla yenidən tədqiq edilməsidir. Eyni zamanda, tariximizin müəyyən mərhələlərinin uzun illər məqsədli şəkildə təhrif edilməsi bu sahədə elmi arqumentlərə əsaslanan, sənədlərlə təsdiqlənmiş tədqiqatların sayının artırılmasını zəruri edir. Tarix elmi yalnız keçmişi öyrənmək deyil, həm də milli yaddaşı qorumaq və gələcək nəsillərə düzgün şəkildə ötürmək missiyasını daşıyır. Bu baxımdan tarixi ədəbiyyatın, xüsusilə orta və ali məktəb dərsliklərinin məzmununa xüsusi diqqət verilməlidir. Vahid konsepsiyaya əsaslanan, yaş səviyyəsinə uyğun dildə yazılmış, mühüm tarixi məqamları təqdim edən dərsliklərə və tarixi kitablara ehtiyac böyükdür.

“Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tarixi irsinin kompleks şəkildə öyrənilməsi, arxiv materiallarının, arxeoloji tapıntıların və yazılı mənbələrin elmi dövriyyəyə cəlb edilməsi tarix elminin qarşısında duran əsas vəzifələrdəndir. Əldə olunan elmi nəticələrin beynəlxalq elmi ictimaiyyətə düzgün və sistemli şəkildə təqdim olunması da aktual problemlər sırasındadır. Bu problemlərin həlli üçün sözsüz ki, formalaşmış, yüksək biliyə, zəngin təcrübəyə və səriştəyə malik tarixçilərin birgə fəaliyyəti zəruridir”,- deyə alim bildirib.

Xəbər lenti