İstanbul Ticarət Universitetinin professoru, tətbiqi mexanika və kompozit konstruksiyalar sahəsində tanınmış alim, həmvətənimiz Abdulla Sofiyev (Avey) Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsi (TÜMTMK) tərəfindən beynəlxalq miqyasda seçilən 10 görkəmli türk alim siyahısına daxil edilib.
Siyahıda professor Abdullah Avey Sofiyevin yer alması türk mexanikası ilə yanaşı, Azərbaycan elmi ictimaiyyəti üçün də qürurverici haldır. O, mexanika elminin nəzəri və tətbiqi sahələrində apardığı tədqiqatlar, beynəlxalq elmi nəşrləri və akademik əməkdaşlıqları ilə müasir mexanika elminin inkişafına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin TÜMTMK tərəfindən bu səviyyədə qiymətləndirilməsi həm fərdi elmi uğurun, həm də türk mexanikasının davamlı elmi gücünün göstəricisi kimi dəyərləndirilir.
Bununla bağlı açıqlama verən professor deyib: “Adımın bu siyahıya daxil edilməsi təkcə bir alimin uğuru deyil, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” fəlsəfəsinin elm sahəsində də konkret nəticələr verdiyini nümayiş etdirən rəmzi bir hadisədir. Mexanika elmi müstəvisində əldə olunan bu ortaq uğur iki qardaş ölkə arasında mövcud olan dərin elmi və mədəni bağların daha da möhkəmləndiyini göstərir”.
Professor Abdullah Avey Sofiyev Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsinin “Dəyərlərimiz” bölməsində yer alan ilk azərbaycanlı alimdir.
Qeyd edək ki, 1976-cı ildən etibarən mexanika elminin inkişafında mühüm rol oynayan TÜMTMK nəzəri və tətbiqi mexanika sahəsində çalışan alimləri bir araya gətirərək, elmi əməkdaşlığın gücləndirilməsi, gənc tədqiqatçıların yetişməsi və Türkiyənin bu sahədə beynəlxalq elmi nüfuzunun artmasına ciddi töhfələr verir. Bu gün TÜMTMK bərk cisimlər mexanikasından hesablama mexanikasına qədər geniş bir sahədə elmi fəaliyyətlərin əsas əlaqələndirici mərkəzlərindən biri kimi tanınır.
Təşkil etdiyi milli mexanika konqresləri, beynəlxalq elmi əməkdaşlıqlar və akademik təşəbbüslər sayəsində TÜMTMK Türkiyədə mexanika elminin institusionallaşmasında və davamlı inkişafında aparıcı mövqe qazanıb.
TÜMTMK-nin rəsmi saytında yer alan “Dəyərlərimiz” bölməsi isə türk mexanikasının inkişafında silinməz iz qoyan, beynəlxalq miqyasda tanınan və elmi irsi bu gün də aktual olan 10 görkəmli türk alimə ehtiramın ifadəsidir. Bu siyahıya daxil edilən alimlərin bir qismi karyeralarının mühüm mərhələlərində ABŞ-ın aparıcı universitet və tədqiqat mərkəzlərində çalışaraq, mexanika elminin qlobal inkişafına mühüm töhfələr veriblər.
Bu nüfuzlu siyahıda qırılma mexanikasının banilərindən olan Fazıl Erdoğan, davamlı mühitlər nəzəriyyəsinin dünya miqyasında tanınmış siması Ahmet Cemal Eringen və Türkiyədə mexanika təhsilinin formalaşmasında xüsusi rol oynamış Erdoğan Süleyman Şuhubi kimi elm adamları yer alır. Bu alimlər yalnız elmi nəticələri ilə deyil, yetişdirdikləri nəsillərlə də türk mexanikasını dünya elmi ilə eyni səviyyəyə daşıyıblar.