Dil bir millətin yaddaşı, kimliyi və gələcəyə uzanan körpüsüdür. Məşhur filosof Martin Haydeggerin ifadə etdiyi kimi, “Dil varlığın evidir”. Türk dili isə minilliklər boyu böyük türk millətinin ortaq evi olub. Lakin tarixboyu baş verən köçlər, müharibələr, imperiya siyasətləri və geosiyasi parçalanmalar bu ortaq evi bölüb, türk xalqlarını müxtəlif əlifbalar altında bir-birindən uzaq salıb.
Ortaq türk əlifbası ilə çap olunan ilk əsərlərin Çingiz Aytmatov haqqında kitab və “Oğuznamə” toplusu olması isə təsadüfi deyil. Çingiz Aytmatov bütün Türk dünyasının ortaq yazıçısı, “Oğuznamə” isə ortaq yaddaşıdır. Bu seçim türk birliyinin həm intellektual, həm də tarixi köklərinə verilən güclü mesajdır.
Bu fikirləri açıqlamasında Çingiz Aytmatov haqqında ortaq türk əlifbası ilə çap olunan kitabın müəllifi və redaktoru, Qafqaz Universitetləri Birliyinin rəhbəri professor Ramazan Korkmaz bildirib.

Professor qeyd edib ki, ötən ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əsərləri dövlət başçılarına təqdim edərək ortaq türk əlifbası dövrünün rəsmi başlanğıcını elan edib: “Prezident Ərdoğanın tədbirin açılış mərasimində verdiyi bu müjdədə təqdim edilən Çingiz Aytmatovla bağlı əsər 2009-cu ildə mənim redaktor-yazar kimi hazırladığım bir nəşrdir. Kitab dünyanın müxtəlif bölgələrindən olan 30-dan artıq yazıçının məqalə və dəyərləndirmələri əsasında hazırlanıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni əlifba ilə yenidən nəşr olunan bu əsər dünya miqyasında tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılandı.
Hazırladığımız bir əsərin belə mühüm tarixi mərhələdə ilk ortaq nəşr kimi Prezidentimiz tərəfindən təqdim olunması bizim üçün böyük qürur mənbəyi oldu. Türkiyə başda olmaqla Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan alimlər, siyasətçilər və sənət adamları zəng edərək təbriklərini çatdırdılar. Onlar ortaq əlifbanın türk tarixi üçün dönüş nöqtəsi olduğunu xüsusi vurğuladılar”.
Professor Ramazan Korkmaz bildirib ki, bu gün təxminən 300 milyonluq Türk dünyası danışıqda bir-birini asanlıqla anlasa da, yazıda latın, kiril və ərəb əlifbalarının yaratdığı baryerlər səbəbindən eyni dili oxumaqda çətinlik çəkir: “Məhz bu tarixi ziddiyyət ortaq türk əlifbası ideyasını zəruri və qaçılmaz edib. Ortaq əlifba düşüncəsi yeni deyil. XIX əsrin sonlarında böyük maarifçi İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə bu ideyanın təməlini qoydu. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkologiya Qurultayı bu düşüncəni konkret qərarlara çevirdi. Lakin dövrün siyasi reallıqları, xüsusilə sovet imperiyasının təzyiqləri bu qərarların həyata keçməsinə imkan vermədi”.
Onun sözlərinə görə, əksinə, latın əlifbası türk birliyi üçün təhlükə kimi qiymətləndirildi və türk xalqları məcburi şəkildə kiril əlifbasına keçirildi. Bunun nəticəsində mədəni yaddaşda dərin qırılmalar baş verdi. Sovet İttifaqının dağılmasından sonra, 1991-ci ildən etibarən ortaq türk əlifbası məsələsi yenidən gündəmə gəldi. Uzun və çətin müzakirələrdən sonra Türk Dil Qurumu və Beynəlxalq Türk Akademiyasının öncüllüyü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası bu tarixi missiyanı öz üzərinə götürdü.
Professor xatırladıb ki, 2024-cü ilin sentyabr ayında Bakıda keçirilən toplantıda 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul edilib və TDT tərəfindən bu əlifbanın 2026-cı ildən etibarən tətbiqinə qərar verilib: “Bu hadisə bir çox alim və türkoloq tərəfindən 5000 illik türk tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Ortaq əlifba sayəsində Astanada çap olunan bir kitab Bakıda, Daşkənddə nəşr edilən qəzet isə İstanbulda asanlıqla oxuna biləcək. Bu isə təkcə texniki rahatlıq deyil, siyasi sərhədləri aşan ortaq mədəni şüurun formalaşması deməkdir”.
Ramazan Korkmaz vurğulayıb ki, ortaq əlifba dərhal vahid elmi və ya ədəbi dil yaratmayacaq: “Dil və mədəniyyət zamanla formalaşır. Lakin bu addım Türk dünyasında ortaq elmi simpoziumların, mədəni layihələrin, nəşrlərin və media platformalarının yaranması üçün möhkəm zəmin yaradır”.
Professor sözlərini belə yekunlaşdırıb: “Türk xalqları yüz il əvvəl əlifbalarla parçalandı, bu gün isə əlifba vasitəsilə yenidən ayağa qalxır. Ortaq türk əlifbası yalnız texniki islahat deyil, tarixi yaddaşın bərpası, mədəni suverenliyin gücləndirilməsi və gələcəyə birlikdə yürümək iradəsidir”.