Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda qış onlayn lektoriyası çərçivəsində "Çin buz heykəltaraşlığı sənəti" mövzusunda mühazirə təşkil olunub.
Bu barədə universitetdən məlumat verilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov mühazirəsində Harbində dünyanın ən böyük buz və qar tematik parkı olan "Buz və qarın böyük dünyası"nın yaradılması tarixindən danışıb. 1963-cü ildə Harbinin Çaolin parkında rəngarəng işıqlandırmalarla ilk Harbin buz fənər festivalı keçirilib. Bu, buz heykəltaraşlıq sənətinin inkişafının başlanğıcını qoyub, həmçinin hər il beynəlxalq qar və buz heykəltaraşlıq festivalının keçirilməsinə təkan verib. Festivalın əsas məkanı dünyanın ən böyük qar heykəli kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. Bu məkanda məşhur tarixi binaların yüzlərlə irimiqyaslı buz surəti, insan və mifik varlıqların heykəlləri, eləcə də Çin bürcünün heyvan simvolları nümayiş olunur. Həmçinin Sunqari çayının sahilində buz bloklarından hazırlanmış heykəllər üçün müxtəlif ölçü və formadakı qar adamları yerləşdirilib. Harbin buz heykəltaraşlıq müsabiqələrində dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər incə və orijinal buz heykəllər yaratmaq bacarıqlarını nümayiş etdirirlər.
R.Abbasov, həmçinin buz heykəllərinin yaradılmasının üslubları və texnoloji mərhələləri, o cümlədən orijinal dizaynların hazırlanması, xüsusi ənənəvi oyma alətlərinin istifadəsi və incə detallar üçün müasir lazerlərdən istifadə barədə danışıb.