Azərbaycan dilinin izahlı lüğətinə ciddi ehtiyac var.
Bunu Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli "Xalq qəzeti"ndə dərc olunan məqaləsində yazıb.
O qeyd edib ki, hazırda AMEA-nın Dilçilik İnstitutunda hazırlanan yeni Orfoqrafiya lüğəti üzərində işlər tamamlanmaq üzrədir:
"Orfoepiya lüğəti üzərində isə iş davam etdirilir. Məlum olduğu kimi, düzgün yazı və normal tələffüz nitq mədəniyyəti məsələsini ön mövqeyə çıxarır. Bunu nəzərə alaraq, AMEA Nəsimi adına Dilçilik İnstitutundakı "Müasir Azərbaycan dili" şöbəsinin bazasında "Müasir Azərbaycan dili və nitq mədəniyyəti" şöbəsinin yaradılmasını təklif edirik. Bu, hazırda müzakirə edilən ədəbi dil normalarına əməl edilməsi sahəsindəki mövcud başlıqların aradan qaldırılmasına elmi-əməli köməyin ifadəsi ola bilər".
AMEA Prezidenti əvvəllər ali məktəblərin filologiya fakültələrində tədris edilən "Nitq mədəniyyəti" fənninin bərpa edilməsinin faydalı olacağınlı vurğulayıb:
"Hazırda terminoloji lüğətlərin rəqəmsallaşdırılması, Milli Terminologiya Korpusunun yaradılması, geniş istifadə üçün onlayn lüğətlərin yaradılması zərurəti meydana çıxıb.. Dilçi alimlərimiz bu məsələlər ətrafında düşünüb-daşınmalı, əməli addımlar atmalıdırlar. Fikrimcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının tərkibinə də yenidən baxılması və fəaliyyətinin canlandırılmasının da zamanı çatıb".