Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizliyin mühüm istiqamətlərindən biri olan rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev açıqlamasında bu sahədə mövcud problemlərin kompleks və dərindən araşdırılmasının ölkə miqyasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, aparılan tədqiqatları institutun fəaliyyət prioritetlərinə uyğun strateji istiqamət kimi dəyərləndirib. O bildirib ki, ölkədə rəqəmsal kriminalistika üzrə elmi-nəzəri tədqiqatların gücləndirilməsi kibertəhlükəsizlik sahəsində müasir çağırışlara çevik və effektiv cavab verilməsinə, eyni zamanda, rəqəmsal kriminalistikanın texnoloji aspektləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.
Akademik Rasim Əliquliyev ölkədə rəqəmsal inkişafın təmin olunması, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını xatırladaraq, institutda rəqəmsal kriminalistika sahəsində aparılan tədqiqatların Konsepsiyada müəyyən edilmiş yanaşmalara uyğun olaraq hüquq-mühafizə sisteminin elmi əsaslarla dəstəklənməsinə töhfə verdiyini qeyd edib.
Alim, həmçinin dövlət başçısının “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladığını, bu sistemin məhkəmə ekspertizası sahəsində fəaliyyətin elektronlaşdırılması, eləcə də məhkəmə ekspertizası qurumlarının dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının təmin olunması məqsədi daşıdığını bildirib.