Logo

Azərbaycanlılar bu xarici universitetlərdə oxumamalıdırlar! - XƏBƏRDARLIQ

16.11.2024 22:58 29 baxış
IMG

Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda da qeyd olunub. 

Bildirilib ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir.

TƏHSİL.BİZ xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə Modern.az-ın suallarını cavablandırıb.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixində imzaladığı müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) çevrilmə yolu ilə yenidən təşkil edilib. 

"TKTA-nın fəaliyyət istiqamətlərindən biri də xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirməkdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya (Lissabon Konvensiyası)), “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir. Qaydaların 4-cü hissəsinə əsasən sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üçün başlıca şərtlərdəndir. 

Ali təhsil müəssisəsinin lisenziyası dedikdə, həmin müəssisənin təsis olunduğu ölkədə təhsil fəaliyyəti göstərmək üçün dövlət qeydiyyatına alınması, eləcə də icazəsinin, başqa sözlə lisenziyasının olması nəzərdə tutulur. Akkreditasiya dedikdə isə təhsil müəssisəsinin öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməsi nəzərdə tutulur. Buna, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, müəssisədə keyfiyyət təminatı mədəniyyətinin formalaşması və təhsilin keyfiyyətinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə razılaşdırmış və qəbul edilmiş praktikaya necə cavab verdiyinin müəyyən edilməsi daxildir. Bildiyiniz kimi, cari ilin may ayında tanınma üçün TKTA-ya edilən müraciətlərin təhlili nəticəsində yerli institusional akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı ictimaiyyətə açıq elan olunmuşdu. Sözügedən siyahıya nəzər yetirdikdə doqquz ölkənin akkreditasiyası olmayan iyirmi altı ali təhsil müəssisəsinin diplomlarının TKTA tərəfindən tanınmadığı və xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın bu siyahını nəzərə almaları tövsiyə olunmuşdu", - o qeyd edib.

Şuranın sədri Ukraynanın yeddi universitetinin Gürcüstandakı filiallarını xüsusi qeyd edib. O bildirib ki, həmin filialların həm lisenziyası, həm də akkreditasiyası mövcud deyil.

"Onu da qeyd edim ki, bizdə olan məlumata əsasən Gürcüstan vətəndaşları həmin filiallarda təhsil almırlar. Bununla yanaşı, İsveçrə Konfederasiyası və Birləşmiş Krallığın müxtəlif universitetlərinin ölkə xaricində filiallar açdığını qeyd etmək istərdim. Bu zaman onlar yerli qanunvericiliyə istinad etməyərək həmin fillialların fəaliyyət göstərəcəyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional akkreditasiyadan keçməyi nəzərdən qaçıraraq müxtəlif proqram akkreditasiyalarına üstünlük verirlər. Eyni zamanda, İsveçrə Konfederasiyasında fəaliyyət göstərən və həmin ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional akkreditasiyadan keçməyən bir neçə universitetdə (1-İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu, 2-İsveçrə Ali Təhsil Məktəbi, 3-Avropa Universiteti Biznes Məktəbi, 4-Cenevrə Biznes Məktəbi, 5-Cenevrə Beynəlxalq Universiteti, 6-Biznes və Hotel Menecmenti Məktəbi, 7-Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti, 8-İsveçrə Montre Biznes Məktəbi, 9-Biznes və Beynəlxalq Münasibətlər Universiteti) də Azərbaycan Respublikası vətəndaşlarının təhsil aldığı müşahidə edilməkdədir. Qeyd edilməlidir ki, İsveçrə höküməti federal səviyyədə həmin universitetləri tanımır. Təəssüf ki, institusional akkreditasiyasının olmaması Qaydaların tanınmaya dair tələblərini qarşılamır, həmin universitet və filiallarda təhsil alan vətəndaşlarımız nəticədə imtina qərarı ilə üzləşmək məcburiyyətində qalırlar", - Hikmət Əlizadə vurğulayıb.

İctimai Şuranın sdəri xaricdə təhsillə bağlı tövsiyələrini də çatdırıb:

"Vətəndaşlarımızın, ilk növbədə, seçdikləri ali təhsil müəssisələrinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) fəaliyyət göstərdikləri ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional (proqram deyil) akkreditasiyadan keçməsinə və dövlət lisenziyasının olmasına diqqət etmələrini tövsiyə edirik. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Müraciətlərin təhlili nəticəsində yerli institusional akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı TKTA tərəfindən mütəmadi olaraq yenilənir".

Xəbər lenti