Nobel mükafatı Alfred Nobel tərəfindən təsis edilən və hər il bir neçə sahədə verilən prestijli beynəlxalq mükafatdır. Mükafat hər il fizika, kimya, tibb, ədəbiyyat və sülh kateqoriyaları üzrə yeniliklər gətirən şəxslərə verilir və A.Nobel tərəfindən bunun üçün Nobel fondunun yaradılması vəsiyyət edilib. 1968-ci ildən iqtisadiyyat sahəsi də buraya əlavə edildi.
1901-ci ildən etibarən Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Nobel mükafatı verilməyə başlanıb. Mükafatlandırma mərasimi hər il 10 dekabr tarixində – Alfred Nobelin vəfatının ildönümündə baş tutur.
TƏHSİL.BİZ xəbər verir ki, İsveç Krallığının paytaxtı Stokholmda ənənəvi olaraq hər il təşkil olunan “Nobel dialoq həftəsi”nin artıq 4-cü günündə – 10 dekabr tarixində 2024-cü ildə Nobel mükafatı alanların mükafatlandırma mərasimi keçirilib. Mərasimə İsveç kralı və ailəsi də qatılıb. Mükafatlar kral XVI Karl Qustav tərəfindən sahiblərinə təqdim edilib.
Bu il Nobel mükafatı alanları sizə təqdim edirik:
Fizika üzrə Nobel mükafatı laureatı Prinston Universitetinin professoru Con Hopfild və Toronto Universitetinin professoru Ceffri Hinton olublar. Onlar “süni neyron şəbəkələri ilə maşın öyrənməsini mümkün edən təməl kəşflər və ixtiralara görə” təltif ediliblər. Onlar insan beyninin neyron şəbəkəsindən ilham alaraq maşınların öyrənə bilməsi üçün təməl süni neyron şəbəkəsini yaradıb inkişaf etdirdilər və kompüterlərin müfəssəl proqramlaşdırma olmadan öyrənməsini təmin ediblər. “Süni intellektin atası” adlandırılan C.Hopfild 1982-ci ildə bərk maddələrdə atom maqnetik momentlərinin necə sıralandığını və onların maqnit xassələrini izah edən fizikanın insan beynindəki neyronların qarşılıqlı əlaqəsini təsvir etmək üçün də istifadə oluna biləcəyini kəşf edib. C.Hinton onun hazırladığı modeli statistik fizikaya aid fikirlərdən istifadə edərək inkişaf etdirdi. İxtira avstriyalı fizik Lüdviq Bolsmanın şərəfinə “Bolsman” maşını adlandırılıb.
Ədəbiyyat üzrə Nobel mükafatını koreyalı yazıçı Han Kanq alıb. 1993-cü ildən etibarən əsərlər yazmağa başlayan müəllif əsərlərində insan yaşantısının kövrəkliyini nümayiş etdirir. Han Kanq mərasimdəki çıxışında bunlardan bəhs edib: “Uşaqlığımdan bəri bilmək istəyirdim. Bizim doğulma səbəbimizi. Acı çəkməyin və eşqin var olma səbəbini... Min illərdir ədəbiyyatın soruşduğu bu suallar bu gün də soruşulmağa davam edir. Bu dünyadakı qısamüddətli qalmağımızın mənası nədir? Hər nə olarsa olsun, insan qalmaq bizim üçün nə qədər çətindir? Ən qaranlıq gecədə bizə nədən yaradıldığımızı soruşan, bizi bir-birimizə bağlayan bir dil var. Bu dildən bəhs edən ədəbiyyat istər-istəməz bədən hərarətini də özündə saxlayır. Bununla da ədəbiyyat həyatı, yaşamı məhv edən bütün hərəkətlərə qarşı çıxır”.
Kimya üzrə Nobel mükafatını “hesablamalı protein dizaynına görə” Devid Beyker, “protein strukturunun proqnozlaşdırılmasına görə” Demis Hassabis və Con Camper qazanıblar.
Fiziologiya və tibb üzrə Nobel mükafatı “mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimlənməsindəki rolu” araşdırmalarına görə Viktor Ambroz və Qari Ravkana təqdim edilib.
Sülh üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətinə əsasən Norveçin Oslo şəhərində təqdim edilir. Bu il həmin kateqoriya üzrə mükafatı nüvə silahlarından qurtulmuş bir dünya əldə etmək səyləri və nüvə silahlarından bir daha istifadə edilməməli olduğunu şahidliyi ilə göstərdiyinə görə Nihon Hidankyo təşkilatı qazanıb.
Nihon Hidankyo təşkilatının adından Naqasakiyə atılan atom bombasından sağ qurtulmağı bacaran Terumi Tanaka danışıb və dünyada hazırda atılmağa tam hazır olan 4 000 nüvə başlığının olduğunu söyləyib. Qeyd edib ki, bu sayda nüvə başlığı Hiroşima və Naqasakidə yaşanan fəlakətlərdən yüz minlərlə dəfə ağır ola bilər. İçimizdəki hər hansı bir insanın bunun qurbanı və ya günahkarı ola biləcəyini söyləyərək hökumətləri səfərbər olmağa səsləyib.
İqtisadiyyat üzrə Nobel mükafatçıları isə Daron Əcəmoğlu, Simon Conson və Ceyms Robinson olublar. Onlar bu mükafatı “institutların necə formalaşdığı və rifaha necə təsir etdiyi” mövzusunda araşdırmalarına görə qazanıblar.