Məktəbdənkənar müəssisələr təhsil sisteminin tərkib hissəsi olaraq uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilib. Günümüzdə bu müəssisələrin fəaliyyəti, uşaqların dərnəklərə nə dərəcədə həvəsli olması, hansı istiqamətlərə üstünlük verməsi maraq doğuran məqamlardır.
TƏHSİL.BİZ Abşeron-Xızı regionunda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrlə bağlı ümumi vəziyyəti araşdırıb.
“Uşaqlar rəqs, rəsm, teatr, musiqi, əl işi kimi dərnəklərə daha çox gəlirlər”
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Sumqayıt şəhərində iki məktəbdənkənar müəssisənin - 1 və 2 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin fəaliyyət göstərdiyini öyrəndik.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rzayeva rəhbərlik etdiyi müəssisənin fəaliyyəti ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib: “1958-ci ildən Sumqayıt şəhərində “Pionerlər evi” kimi istifadəyə verilən qurum 1972-ci ildən Pioner və Məktəblilər Sarayı, sonralar Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, 2017-ci ildən Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini genişləndirərək yüzlərlə uşağın istedadının üzə çıxmasında, onların musiqiçi, rəqqas, rəssam kimi yetişərək Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmasında böyük rol oynayır”.
Müəssisə direktoru diqqətə çatdırıb ki, dərnəklərinin 1824 nəfər üzvü var: “Burada müəllimlər uşaq xalq rəqsləri, təsviri incəsənət, aplikasiya və dekorativ tətbiqi sənət, şən və hazırcavablar, məktəb teatrı, musiqisevərlər (gitara, piano, sintezator), informatika və proqramlaşdırma, əyləncəli riyaziyyat, sağlam həyat tərzi, bədii qiraət, peşə hazırlığı (bərbərlik, dərzilik, şahmat), yol hərəkəti qaydaları, uşaq xoru kimi 13 istiqamət üzrə formalaşmış dərnəkdə uşaqların hərtərəfli inkişafı üçün səylə çalışırlar. Mərkəzimizdə ümumilikdə 113 müəllim fəaliyyət göstərir. Uşaqlar daha çox rəqs, rəsm, teatr, musiqi, əl işi kimi yaradıcı yönümlü dərnəklərə böyük həvəslə gəlirlər. Dərnəklərdə cədvəllər elə qurulub ki, günün və saatın istənilə vaxtında şagirdlər dərnəklərimizə üz tuta və vaxtlarını səmərəli təşkil edə bilirlər”.
“Repetitorluqla əlaqədar dərnəklərə maraq azalıb”
Uşaqların repetitor yanına getməsinin məktəbdənkənar müəssisələrə müraciət edən uşaqların sayına necə təsir göstərdiyinə gəldikdə, Əntiqə Rzayeva təəssüflə qeyd edib ki, əvvəlki illərə nisbətən son iki ildə dərnək üzvlərinin sayı, dərnəklərə olan maraq azalıb: “Bunun da bilavasitə səbəbi repetitor yanına gedən şagirdlərin çoxluğudur. Şagirdlərin repetitor tərəfindən yüklənməsi, günlərinin bir neçə saatını onların yanında keçirməsi işimizə mənfi təsir göstərir. Ancaq uşaqlar məktəbdənkənar müəssisəyə gəldikdə məktəbdən sonra qalan boş vaxtlarını daha faydalı keçirə, beyinlərini yorğunluqdan azad edə bilərlər. İşimizin əsas hissəsi tədbirlərdən, sərgilərdən, müsabiqələrdən, yarışmalardan ibarətdir. Dərnəklərimizə üz tutan şagirdlərin bu tədbirlərdə iştirakı üçün müəyyən zaman ayrılmalıdır ki, onlar öz üzərlərində çalışa bilsinlər. Ancaq repetitor yanına gedən şagird dərsdən sonra yenidən ağıryüklü dərslərin altında qalır. Bu, həm bizə, həm də şagirdlərə mənfi təsir göstərir”.
Sumqayıt şəhərindəki digər məktəbdənkənar müəssisə - 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olarkən öyrəndik ki, qurum 1972-ci ildə “Gənc stansiyalar” adı ilə fəaliyyətə başlayıb. 1980-ci illərdə Texniki Yaradıcılıq Mərkəzi kimi inkişafını davam etdirən müəssisə 2017-ci ildən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi olaraq fəaliyyət göstərir. Mərkəzdə uşaq və gənclərin hərtərəfli inkişafını təmin edən müxtəlif növ dərnəklər var. Hazırda müəssisədə 59 pedaqoji işçi çalışır. 2024-2025-ci tədris ilində buraya 1183 dərnək üzvü cəlb olunub.
Abşeronda məktəbdənkənar təhsilə tələbat
AXRTİ-nin Abşeron-Xızı rayonları üzrə təhsil sektorundan əldə etdiyimiz məlumata görə, sektorun tabeliyində Abşeron rayonunda Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM), İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi (İOEUGİŞM), Xızı rayonunda isə Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM), İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi (İOEUGİŞM) olmaqla dörd məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Abşeron rayon İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi (İOEUGİŞM) 1973-cü ildə yaradılıb və əsas fəaliyyət istiqaməti şahmat üzrə istedadlı şəxslərin üzə çıxarılması və bacarıqların inkişaf etdirilməsidir. Məktəb daha sonralar vətəndaşların sərbəst güləş üzrə maraqlarını nəzərə alaraq adıçəkilən idman istiqamətində fəaliyyət göstərməyə başlayıb. Burada 50 qrupda 532 idmançı ilə 23 məşqçi məşğul olur. Hazırda şagirdlərin bu idman növünə marağı yüksəkdir. Məktəbin ixtisaslı və bacarıqlı idman ustalarının əməyi sayəsində dünya və Avropa çempionatlarında birincilik səviyyəsində uğur və nəticələr göstərmiş çoxlu sayda yetirmələri mövcuddur.
“İncəsənət üzrə yeni dərnəklərin açılması daha məqsədəuyğun olardı”
Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aytən Rüstəmova ilə söhbət zamanı müəssisənin ilk fəaliyyət dövrünün 1964-cü ilə təsadüf etdiyini öyrəndik. “2017-ci il tarixindən bugünə qədər mərkəz davamlı olaraq fəaliyyət göstərir. Müəssisəmizdə hazırda təbiətsevərlər, danışıq klubu (ingilis dili), bədii qiraət, ekologiya, məntiq, teatr sənəti, proqramlaşdırma, təsviri sənət və dizayn, bədii toxuculuq, rəqs və gimnastika adı altında 24 qrup üzrə dərnək yaradılıb və onların hər birində 360 dərnək üzvü seçdiyi istiqamətlər üzrə məşğul olur. Dərnək üzvlərinin təlim-tərbiyəsi, səriştə və bacarıqlarının formalaşdırılması ilə 14 dərnək rəhbəri məşğuldur. Uşaqlar, əsasən, müxtəlif sahələrə öz maraqlarına, həvəs və istedadlarına görə üstünlük verirlər. Sıravi dərnək fəaliyyətlərindən əlavə uşaqlar ilboyu keçirilən tədbir və proqramlarda çox həvəslə iştirak edirlər. Bu da uşaqların gələcək həyata daha güvənli addım atmaları üçün göstərilən böyük dəstəkdir. Sevindirici haldır ki, uşaqların müəssisəmizə marağı genişdir. Sadaladığım istiqamətlər arasında xüsusi dərnəklər var ki, bunlar arasında təsviri sənətə, rəqsə, ingilis dilinə, proqramlaşdırma və məntiqə daha çox axın var. Əsasən, adı çəkilən bu dərnəklərdə uşaq sayı çox olur, səbəbi isə həmin sahələrin müasir tələblərə uyğun olmasıdır. Tələbat olduğu üçün incəsənət üzrə yeni dərnəklərin açılması daha məqsədəuyğun olardı”,-Aytən Rüstəmova deyib.
Xızıda uşaqlar cüdo və güləşə daha çox maraq göstərirlər
“Azərbaycan müəllimi”nin suallarını cavablandıran Abşeron-Xızı rayonları üzrə təhsil sektorun müdiri Sənan Xəlilov məlumat verib ki, Xızı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 1994-cü ildə yaradılıb və əsas fəaliyyəti yaradıcılıq istiqaməti üzrə nəzərdə tutulub: “Bu istiqamətlər təhsilini başa vuran və hazırda təhsil alan uşaqların maraq dairəsinə, daha çox onların bacarıqlarına əsaslanaraq müəyyənləşdirilir. Rəsm, musiqi, ingilis dili, yol hərəkəti qaydaları, sağlam həyat tərzi qruplarında 129 dərnək üzvü bacarıqlarını inkişaf etdirir. Uşaqların təlim-tərbiyəsi, səriştə və bacarıqlarının formalaşdırılması ilə 8 dərnək rəhbəri fəaliyyət göstərir. Mərkəzin musiqi, rəsm istiqamətləri üzrə beynəlxalq və respublika müsabiqələrində uğur qazanan yetirmələri çoxdur. Ali təhsil müəssisələrinə qəbulda, müsabiqə mərhələsində və ixtisas seçimində bu bacarıqlar onlara geniş imkanlar açır”.
Xızı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi (UGİŞM) haqqında danışan Sənan müəllim Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən məktəbin 1998-ci ildən fəaliyyət göstərdiyini deyib: “Məktəbdə, əsasən, şahmat, sərbəst güləş, cüdo və futbol idman növləri üzrə 4 bölmə mövcuddur. Bu bölmələrin istiqamətləri ixtisaslı kadrların mövcudluğu, vətəndaşların meyil və maraqları nəzərə alınmaqla dəyişilə bilər. Məktəbdə hazırda 30 qrup var. Buradakı 366 şagirdin təlim-tərbiyəsi, müvafiq profil üzrə bacarıqlarının inkişaf etdirilməsi ilə 15 məşqçi-müəllim məşğul olur. Tədris məktəbin əsas korpusunda və idman növlərinə meyil, maraqlar nəzərə alınmaqla Xızı rayon ümumtəhsil məktəblərində keçirilir. UGİŞM-in yetirmələri hər idman üzrə respublika və zona yarışlarında gözəl nəticə əldə edirlər. Rayonda uşaqlar tərəfindən cüdo və güləşə daha çox maraq göstərilir. Məktəbin yetirmələrinin əksəriyyəti profillərinə uyğun təhsillərini ali təhsil müəssisələrində davam etdirir və respublikamızın adlı-sanlı idman məktəblərində, idman tipli liseylərində məşqçi-müəllim kimi fəaliyyət göstərirlər”.
Uşaq və gənclərin meyilləri yaşayış yerlərindən asılı olaraq dəyişir
Regionda uşaqların məktəbəqədər müəssisələrə marağının necə olması sualına aydınlıq gətirən sektor müdiri bildirir ki, uşaq və gənclərin meyil və maraqları yaşayış yerlərindən asılı olaraq dəyişir: “Gənclərin müəyyən hissəsi gələcək seçimlərini indidən etdikləri üçün əlavə hazırlıq və repetitor yanına getməyi deyil, məşhur idmançı olmağı qarşısına məqsəd qoyur. Bir çox uşaq və gənclər sağlam həyat tərzi, asudə vaxtının səmərəli keçirilməsi məqsədilə öz istəklərinə uyğun olaraq məktəbdənkənar müəssisələri seçir və bu, onların ali məktəblərə hazırlığına mənfi təsir göstərmir”.
S.Xəlilov hesab edir ki, əlavə bilik və bacarıqların əldə edilməsi, şəxsi inkişaf, əyləncəli və faydalı zaman keçirmək, peşə hazırlığı və karyera, sosial inteqrasiya, stresin azaldılması və s. kimi məsələlərdə dərnəklərin rolu böyükdür: “Təhsil müəssisələrimizdə şagirdlərə və böyüklərə maraqlandıqları sahələr üzrə ixtisaslaşma imkanı yaradılır, şəxsiyyətin müxtəlif aspektlərini, məsələn, liderlik, ünsiyyət, kreativ düşüncə kimi bacarıqları inkişaf etdirməyə kömək edir. Uşaqlar burada həm öyrənir, həm də yeni dostlar taparaq faydalı vaxt keçirirlər. Gənclər və böyüklər peşə kurslarında iştirak etməklə iş bazarında daha çox rəqabətqabiliyyətli ola bilir, müxtəlif yaş qruplarını, sosial və mədəni qrupları bir araya gətirərək sosial əlaqələri gücləndirir, hobbiləri ilə məşğul olaraq stressdən azad olur və psixoloji rahatlıq tapırlar”.
Məktəbdənkənar müəssisələr formal təhsilin çatışmayan tərəflərini tamamlayır
S.Xəlilov əlavə edib ki, məktəbdənkənar müəssisələr fəaliyyətlərini iştirakçıların bilik səviyyəsinə və ehtiyaclarına uyğun tədris proqramları hazırlamaqla bir neçə əsas istiqamət, metodlarla təlim və kurslar təşkil edir, dərnəklər və klublar yaradır, seminarlar, praktik məşğələlər keçirir, təlim materialları və resurslar təqdim edir, şəxsi məsləhət və dəstək xidməti və s. göstərir: “Bu metodlar vasitəsilə məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti müxtəlif yaş qruplarına uyğunlaşdırılır. Məktəbdənkənar təhsil müəssisələri müəyyən qədər formal təhsilin çatışmayan tərəflərini tamamlayaraq cəmiyyətin hərtərəfli inkişafına töhfə verir”.
Lamiyyə Əlimərdanova /Abşeron-Xızı və Quba-Xaçmaz üzrə regional təmsilçi