Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyevin “Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələri” mövzusunda elmi seminarı keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib. Seminarda məruzəçi qeyd edib ki, 2015-2024-cü illəri əhatə edən tədqiqatlar Abşeron, Şirvan, Qızılağac Milli parkları, Kür çayı deltasında aparılıb. Tədqiqatın nəticələrinə əsasən, Xəzərdə suyun səviyyəsinin enməsi quşların yem bazasına, populyasiya quruluşuna və məskunlaşma arealına ciddi təsir göstərib. Bəzi növlərin (məsələn, Microcarbo pygmaeus, Nycticorax nycticorax və s.) çoxalma davranışında əhəmiyyətli dəyişikliklər baş verib, onlar yeni ərazilərdə – tarlaqoruyucu meşə zolaqlarında koloniyalar şəklində yuvalamağa başlayıb. Bu dəyişikliklərin biomüxtəlifliyin idarə olunması və qorunması baxımından əhəmiyyəti vurğulanıb. Tədqiqatlarda 13 dəstəyə aid 126 növ quşun reproduksiya və qışlama dövrlərində trofik və biotopik əlaqələri GIS texnologiyası vasitəsilə xəritələndirilib və təhlil olunub. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş 22 nadir quş növünün də müşahidə edildiyi bildirilib.