“İctimaiyyəti də buna əmin etmək istəyirik ki, bütün deyilənlərə baxmayaraq, bu gün Azərbaycan elmi alimlərimizin çiyinləri üzərindədir. Bu qədər az maliyyə və zəif təminatla elmimizi bu günə qədər gətirib çıxarmışıqsa, eyni zamanda, elmmetrik göstəricilərdə artım dinamikası müşahidə olunursa, buna görə biz alimlərimizə borcluyuq”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu İctimai Televiziyanın "Sabaha saxlamayaq" proqramında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli elmi-tədqiqat institutlarının fəaliyyətləri ilə bağlı aparılan müzakirə zamanı deyib.
O bildirib ki, göstəricilər Azərbaycanda ciddi tədqiqatçıların və güclü elmi potensialın mövcud olduğunu sübut edir:
“Bunlarla yanaşı, dəyişikliklər də həyata keçirilməlidir. Bu dəyişikliklərin isə yaxşı düşünülmüş siyasi metodologiyası olmalıdır. Prezidentin imzaladığı sərəncam da məhz həmin optimallaşdırılma prosesinin başlanmasına yönəlib. Bundan sonra da kifayət qədər görüləcək işlər var”.