Türkiyə Respublikasının Antalya şəhərində dünyanın ən böyük robot olimpiadası olan “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya çempionatının yarımfinal mərhələsi keçirilib.
Yarışmada dünyanın 24 ölkəsindən 21 fərqli kateqoriya üzrə 580-dən çox komanda, 3000-dən artıq iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri yarışmada Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının və Fizika fakültəsinin STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə 5 kateqoriyada uğurlu nəticə əldə ediblər.
Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.
“FireteKh”, “Smart Girls” və “RoadteKh” komandaları müvafiq olaraq, “RoboTech Entrepreneurship”, “Girls Triathlon” və “Autonomous Car” kateqoriyaları üzrə I, “LifeteKh” və “Trackmasters” komandaları isə “HealthTech Entrepreneurship” və “MBot Line Following” kateqotiyaları üzrə II yerə çıxıblar.
Çempionatın qalibi olan komandalar İtalyada keçiriləcək “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın final mərhələsində iştirak hüququ qazanıblar.
İtalyada əsası qoyulan “Fibonacci Beynəlxalq Robot Olimpiadası” dünyanın ən böyük robot olimpiadası hesab edilir.