19 aprel tarixində “Badamdar Hotel Residences”də “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi və “İndigo Academy”nin birgə təşkilatçılığı, Landau School və Paşa Həyat Sığorta şirkətlərinin sponsorluğu ilə Bağçam Valideynlik Forumu keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, forumun əsas məqsədi valideynlərə və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələrinə müasir valideynlik metodları, ailə daxilində sağlam ünsiyyətin qurulması və uşaqların fiziki, psixoloji və intellektual inkişafına dair praktik və elmi biliklər təqdim etmək idi.
Tədbirdə “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan bağçalarla yanaşı, “Brave”, “My Garden” və “Mandarin” uşaq bağçaları da tərəfdaş qismində iştirak ediblər. Forum 500-dən çox valideynin, təhsil müəssisəsi rəhbərlərinin və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, məktəbəqədər təhsil üzrə mütəxəssisi Rasif Dünyamalıyev “Gələcəyin insanı” mövzusunda çıxış edib. O, dəyişən dünya reallıqları fonunda uşaqların gələcəyə necə hazırlanmalı olduqlarına dair dəyərli fikirlərini bölüşüb və valideynlərə yeni dövrün çağırışlarına cavab verən fərdlərin necə yetişdirilməsini izah edib.
Türkiyənin tanınmış psixoloqu, davranış elmləri üzrə mütəxəssis Dr. Ferhat Aslan isə “Analıq və atalıq sənəti” mövzusunda çıxış edərək valideynliyin psixoloji və sosial aspektlərini, analıq və atalığın uşaqların balanslı inkişafındakı rolunu vurğulayıb.
Forum çərçivəsində iştirakçılar həmçinin sual-cavab sessiyalarında mütəxəssislərlə birbaşa fikir mübadiləsi aparmaq, öz suallarına cavab almaq və digər valideynlərlə təcrübə mübadiləsi etmək imkanı qazandılar.