Logo

ADPU-da Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

22.04.2025 15:23 88 baxış
IMG

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə maarifçi-realist ədəbiyyatın görkəmli nümayəndəsi, yazıçı, pedaqoq və ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş respublika elmi-praktik konfransı keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-dan bildirilib. Konfrans ədibin çoxşaxəli yaradıcılığını və maarifçilik ideyalarını müasir elmi kontekstdə müzakirə etmək məqsədi daşıyıb.

Plenar iclasda çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Süleyman Sani Axundovun Azərbaycan ədəbiyyatında və maarifçiliyində tutduğu mövqedən bəhs edərək onun ideyalarının bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb. Rektor çıxışında qeyd edib ki, onun əsərlərində təhsilin, əxlaqın və vətənpərvərliyin təbliği gələcək nəsillər üçün mühüm örnəkdir.

Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova konfransın əhəmiyyətini qeyd edib və bu cür elmi tədbirlərin maarifçi ədiblərin irsinin gənc nəsillərə çatdırılması baxımından mühüm rol oynadığını bildirib.

Plenar iclasda ADPU-nun professoru Yaqub Babayev “Azərbaycan maarifçi-realist nəsrinin inkişafında Süleyman Sani Axundovun rolu” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı “Süleyman Sani Axundovun ədəbi kimliyi: tarix və müasirlik kontekstində” mövzularında məruzə ediblər.

Konfransda akademik Muxtar İmanov, professor Təyyar Salamoğlu və dosent Qüdrət Umudov da çıxış edərək S.S.Axundovun yaradıcılıq irsi ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra konfrans öz işini paralel bölmə iclasları ilə davam etdirib. “S.S.Axundovun uşaq nəsri”, “S.S.Axundovun dramaturgiyası” və “S.S.Axundovun dili və pedaqoji görüşləri” adlı bölmələrdə ədibin yaradıcılığı və pedaqoji baxışları müxtəlif istiqamətlərdə ətraflı şəkildə müzakirə olunub. Bölmələrdə təqdim edilən məruzələrdə Süleyman Sani Axundovun uşaq ədəbiyyatına verdiyi töhfələrdən, dramaturgiya sahəsindəki yeniliklərindən, həmçinin müəllim və pedaqoq kimi irəli sürdüyü maarifçi ideyalardan bəhs olunub.

Xəbər lenti